Bu gün – aprelin 23-ü Bəhruzənin toyu olmalıydı, amma ağ gəlinliyi kəfənə döndü...
***
Qəbələnin Qum qəsəbəsində yaşayan Bəhruzə Quliyeva və Rəşad Əlizadə bir il əvvəl bir-birini sevərək nişanlanmışdılar. Yaxınlarının bildirdiyinə görə, toy günü danışılmış, hazırlıqlar görülmüşdü... Heç kəsin ağlına belə gəlməzdi ki, toya sayılı günlər qalmış Rəşad avtomobil qəzasına düşərək faciəli şəkildə həyatını itirəcək, çox sevdiyi Bəhruzəsini dözülməz dərdlə baş-başa qoyacaq.
20 yaşlı Bəhruzəni isə heç kəs ovuda bilmirdi... 3 ay əvvəl anasını itirmişdi, atası ağır xəstəliklə çarpışırdı. Son ümidi Rəşad idi. Sonuncu yarpaq kimi tutunmuşdu ona. Bəxtəvər sanırdı özünü. Bütün çarəsizliklərə rəğmən xoşbəxt olacaqdı Rəşadla. Amma bəxt üzlərinə gülmədi. Yarım qaldı arzuları... O isə sevdiyinə söz vermişdi - bir-birindən ayrılmamaq, ölənədək sevmək... Bunu Bəhruzənin intihar etmədən öncə yazıb qoyduğu məktublardan da görmək olar. Dörd bacının sonbeşiyi idi Bəhruzə. Sonuncu "Vağzalı" onun üçün çalınmalıydı evlərində... Ailənin yeganə oğul övladı olan qardaşı Bəhruzun üzünü belə görmək qismət olmamışdı biçarəyə. Bəhruz Quliyev 2000-ci ildə şəhidlik məqamına yüksəlmişdi. Bəhruzə qardaşı Bəhruzun ölümündən sonra dünyaya gəlmişdi. Valideynləri Bəhruzun adını yaşatmaq üçün bu adı vermişdilər ona, təskinlikləri bu idi, amma...
Bəhruzə Quliyeva isə cəmi 20 yaşında nişanlısının ölümünə dözməyərək, toy günündə ağ kəfənə bürünərək canından çox sevdiyinə qovuşmaq yolunu seçdi... “Axı söz vermişəm...” yazır Bəhruzə...
Allah yaxınlarına, əzizlərinə səbr versin! Nur içində yatsın.
Y.Məmmədli
P.S. Son illər intihar halları artmaqdadır. Bu, çox təəssüfləndirici haldır. Yaxınlarınızı sevin, çətin zamanlarında dəstək olun, “yaşamağa dəyər, hər şey yaxşı olacaq, biz yanındayıq” deyin. İntihar son yol, çözüm deyil! Hər birimizin yaşamaq haqqı, hətta borcu var: bəzən bunu mümükünsüz hesab etsək belə...