Sabra, Şatilla, Srebrentisa və Xocalı soyqırımında bətnindəki körpəsi parçalanan anaların ruhu Qüdsün səmalarında dünyadakı bütün müsəlmanları, haqsevərləri səsləyir… hər gün, hər an səsləyir…

Qüds reallığı yaddaşımdan asılmış, tez-tez gözlərimə görünən, qəlbimi sıxan 5 şəkildən ibarətdir.

1-ci şəkil: Fələstin xalqının tarixinin şəkli - (Özünə vətəninə, xalqına biganəliyin nəticəsi) Xalıqının susqunluğuna görə xalqından Allaha şikayət edən ağsaqqal, Fələstin üsyanının lideri Əhməd Yasin.

Əslində ölkələrin taleyi də insanların taleyinə çox bənzəyir. Bir insan unudulduğunda yox olar. İnsanlar ölkəsinin tarixini unutduqda ölkəsinin sabitliyi, azadlığı məhv olar.

Fələstin dirənişinin simvollarından olan Şəhid Şeyx Əhməd Yasin xalqının susqunluğundan o qədər bezdi ki, axır Allaha şikayət etdi: “Siz ey müsəlmanlar, susqun və aciz, həlak olmuş ölülər! Başımıza gələn bu qədər fəlakətlərin qarşısında hələ də qəlbləriniz sızlamırmı? Fələstin xalqı yoxmu? Allah yolunda və xalqının namusu üçün etiraz edəcək bir şəxs yoxdurmu?”

İçi xalqının sevgisi və ədalətsizliyə üsyanla dolu olan Şeyx Əhməd Yasin 2004-cü ilin 22 mart tarixində İsrailin, dinc Fələstin xalqının başına yağdırdığı bombaların şəhid etdiyi əliyalın və günahsız insanlardan biri oldu. O, Qüds toxunulmazlığına haraylayan, Fələstin dirənişinin ideoloji əsaslarını yaradanlardan idi. İnsan böyük amallarla yaşayırsa, onun ölümü də cismani olur, idealları isə özündən min illər sonra da yaşayır. 

O, ömrünün son 7 ilini əlil arabasında yaşasa da, mübarizəsini bir an olsun dayandırmadı. Əlil arabasında şəhid olarkən qəlbi və gözləri vətəninin - Fələstinin azad olacağı günün sevinci ilə parlayırdı. Şeyx Əhməd Yasin həyatın bu yazılmayan qanununa inanırdı; İnsan əl çəkdiyi an yenilir. Ona görəydi ki, Şeyx Əhməd son nəfəsinə qədər Fələstinin azadlığı uğurunda mübarizədən vaz keçmədi. Elə ona görə də o, yenilmədi, Şəhadət zirvəsinə ucaldı.

Əslində hər bir xalqın önündə bir əlamdarı, lideri olmalıdır.

Şeyx Əhməd Yasin sağlığında “İsraili yıxıb, yerində müsəlman dövləti qurmaq istəyir” ittihamı ilə 13 illik həbsə məhkum edildi. Fələstin xalqı ilə o qədər oxşar dərdlərimiz var. Bəlkə dogma dərdlər deyək… Amma bu oxşarlıq Nigeriyada min-bir zülmə mübtəla olan Şeyx Zəkzakinin də həyatında təkrarlanmaqdadır. Bu isə dərdlərimizin oxşarlığının səbəbinin böyüklüyünü göstərir. Bu o qədər böyük dərddir ki, nə məkanlara, nə tarixlərə sığmadı, susqunluğumuzu yenənənə qədər sığmayacaq da…

Və Şəhid Şeyxin məhkəmədəki son sözü: “Bu məhkəmə qanuni olaraq məni mühakimə etmək hququna və haqqına sahib deyil. Çünki bu məhkəmə işğalçılar tərəfindən qurulub, sifarişli məhkəmədir”.

Haqsızın haqlıya cəza verdiyi ölkələrin hamısında eyni problemlər var. Bu eyni problemlər eyni fəlakətləri doğur-ölkənin ərazilərinin işğalı, iqtisadi-siyasi və sosial böhranlar, dini zəmində münaqişələr və s. Bütün bunları yaradacaq xarici güclərin ölkə daxilində güclü dəstəyi olur. Yasir Ərafatın, İsrail işğalına qarşı döyüşən Fələstin xalqının lideri Şeyx Əhmədi ev dustağı etməsinin səbəblərini düşündükcə daxili düşmənin daha qorxulu amil olduğu bir daha sübut olunur. Fələstin xalqının mübarizəsinin illərdir istənilən nəticə verməməsinin səbəbi də bu amillə bağlıdır. Fələstin xalqı hər həftə Qayıdış Yürüşündə övladlarını qurban verir… Qarabağda olduğu kimi… Sevindirici hal budur ki, xalq dözümlü olmaqdan uzaqlaşıb, mübariz olmağa doğru yürüyür.

2-ci şəkil: Fələstin xalqının qadınının şəkli. (Qadın bir xalqın Allaha əmanət boxçasıdır ) - Xalqın kişiləri susduğuna görə ayaqlanmaqdan səbri tükənən, əllərinə yığdığı daşla, ən müasir sialhlarla silahlanmış İsrail ordusunun üzərinə qalxan o, ucaboylu fələstinli gənc xanım.

 

Bütün inqilab tarixlərinə nəzər salanda orada aparıcı bir qadın görürük. Biz bu lider qadını Fironun dünyanı lərzəyə gətirən zülümündən qorxmayıb, Allah sevgisinə sığınan Şəhid Asiyanın, bütün  var dövlətini islam yolunda xərcləyən Həzrəti Xədicənin, Kərbəla Meydanında Həzrəti Zeynəbin əliyalın halda, silahlı düşməni qılıncdan iti sözləri ilə yenməsində gördük. Qadın bu baxımdan güclü qüvvədir. Fələstin dirənişində 21 yaşlı tibb bacısı Rezzanın şəhadət anı milyonların qəlbindəki yatmış ədalət, vətən sevgsini oyatdı.

Körpə oğlunu evdə qoyub müharibəyə yollanan Salatın Əsgərova kimi…Tibb bacısı, şəhid Gültəkin kimi…  

3-cü şəkil: Fələstin xalqının kişisinin şəkli - (Özünə qarşı etdiyin məsuliyyətsiziliyn nəticəsi) - Ayaqlarını müharibədə itirən, təkərli əl arabasında meydana atılan Fədi Əbu Salah. O, düşmənin qarşısına əlil arabasında və sapanddan atdığı daşla çıxmışdı.

Əlil arabasında qayıdış yürüşünə qoşulan Əbu Sürəyyanın şəhid olması isə vətən sevgisinin qarşısında əngəl olmadığını göstərdi. Şəhid olacağını bilə-bilə meydana atılmaq və azadlığını tələb etmək əslində içdən gələn, qandan gələn istəkdir. Yetər ki İÇ olsun…

Ayaqlarını müharibədə itirən o, əlil Şəhidlərin qəzavəti əslində vətən torpağında itirdikləri bir hissələrinə qovuşmaq deyildi təkcə. Niyyətləi Vətən torpağının bir qarışının candan əziz olduğunu aləmə car çəkmək, düşməni yenmək idi. Nə gözəl niyyətdir…

4-cü şəkil: Sabra, Şatilla və Xocalı soyqırımında bətnindəki körpəsi parçalanan ana. (Bu bir-birinə əkizlər qədər bənzəyən soyqırım şəklidir.) Qadın eyni zamanda bir xalqın, bir məkanın müqəddəsliyinin simvoludur.  Qarabağda, Bosniyada, Livandakı Sabra və Şatilla qaçqın düşərgələrində törədilən soyqırım zamanı qatillər müsəlman qadınlarının bətnindəki övladları çıxarıb işgəncə verirdilər. Hələ dünyaya gəlməmiş varlığa işgəncə vermək hansı ideologiyanın tələbi, qisasıdır?

İsrailin paytaxtı Tel Əvibdə keçirilən “Eurovision-2019” mahnı yarışması zamanı İsrail tamaşaçılarına edilən “sürpriz” insanlara Sabra və Şatilla soyqırımını xatırlatdı. Qəfil canlı yayıma müdaxilə edən hakerlər 37 il öncə Fələstin qaçqınlarının Livanda yerləşən Şatilla və Sabra qaçqın düşərgəsində İsrail ordusunun törətdiyi qətliamın görüntülərini efirə verdilər. Qətlə yetirilmiş uşaqların, qadınların küçələrə atılmış meyitlərinin görüntüsü dünyaya “Eurovision” kimi siyasiləşmiş yarışmalarla sülhpərvər olduğunu göstərmək istəyən dünyanın cırılmış maskası idi əslində.

37 il öncə, 1982-ci ilin 16 sentyabr tarixində Fələstindən qovulan  qaçqınların Beyrutda yerləşən Sabra və Şatilla qaçqın düşərgələrinə İsrailin o zamankı müdafiə naziri, “insan qəssabı” ləqəbi ilə tanınan Ariel Şeronun dəstəyi ilə edilən hücum nəticəsində 3500-dən çox insan vəhşicəsinə qətlə yetirildi. Bu soyqırımı sağçı xristianların-falanjistlərin üzərinə yükləyən rejimin başçısı Şeronu “demokratik dünya” qətiyyən narahat etmədi. ABŞ isə “Sabra və Şatilla qətliamı insanlıq tarixinin ən vəhşi soyqırımlarından biridir” deməklə kifayətləndi. Bu soyqırımı törədənlərə qarşı nə məhkəmə quruldu, nə də cəza verildi. Əslində ABŞ baş verənləri ən böyük vəhşilik adlandırmaqla fələstinliləri, müsəlmanları, dünyanın əliyalın, dinc əhalisini qorxutmaq istəyirdi. Yəni dözümlü olun, bütün acılarınızı susaraq izləyin.

Bu soyqırımda öldürülən müsəlmanlar idi. Onları Fələstindən təmizləyib, İsrailin ərazilərini genişləndirmək isə ABŞ-ın qarşısına qoyduğu başlıca planlarından biri idi. 2018-ci ildə ABŞ İsraildəki səfirliyini Qüdsə köçürməklə İsrail rejiminin arxasında dayandığını sübut etdi.

Qəribə olanı soyqırım dönəmində BMT-nin Fələstinli Qaçqınlara Yardım Vəqfinin (UNRWA) Fələstin qaçıqnları üçün göndərilən yardımları dayandırmaq qərarı verməsi oldu. Təbii, ABŞ “demokratiyasından” xəbərdar olanlar bu qərara o qədər də təəccüb etmədilər. Bu qərar suda boğulanın xilası üçün yapışmaq istədiyi saman çöpünün yandırılmasına bənzəyir. Bu isə hər bir xalqın azadlıq mübarizəsinin onun özünə aid olduğunu isbatlayan məqamdır. Digər ölkələrin demokratiya, səadət, firavanlıq gətirəcəyinə inanmaq leyləklərin uşaq gətirdiyinə inanmağa bənzəyir. Öz yükünü özün daşımalısan. Vətəni sevmək, dinini sevmək və bu müqəddəs dəyərləri qorumaq insanın üzərinə Allah tərəfindən yüklənmiş yükdür, borcdur, vəzifədir.

5-cü şəkil: Fələstin xalqının gələcəyi - (O müqəddəs və toxunulmazdır -O qalibdir) - Dünyanı anlamamış qanına bələnərək qətlə yetirilmiş körpə Leyla.

2018-ci ilin may ayında ABŞ İsraildəki səfirliyini Qüdsə köçürməsi ilə bağlı verdiyi qərar təkcə islam dünyasını deyil, sülhpərvər bəşəriyyəti narahat etdi. Səfirliyin açlışından bir gün əvvəl fələstinlilərin hər həftə təkrarladığı “Böyük Qaydış Yürüşü”ü izdihamı ilə rejimin iç divarlarını da silkələdi. İsrail rejimi əliyalın fələstinlilərin qarşısına ən müasir silahlarla çıxdılar. 70-ə yaxın insan şəhid oldu, 4 minə yaxın insan yaralandı. 62 şəhiddən 8-i 18 yaşına çatmamışdı. Yaralılardan 225-i uşaq, 86-sı qadın idi.

O şəhidlərin  arasında 8 aylıq bir mələk də var idi - Leyla əl Gandur.

İngiltərənin “Reuters” xəbər agentliyi yazırdı ki, Leylanı İsrailin atdığı qaz bombaları öldürüb.

Bəlkə də təsadüfdür. Amma bütün təsadüflər zərurətdən doğar. Leyla fələstinlilərin İsraildən zorla qovulduğu tarixin - “Böyük Fəlakət”in (“Nakba”) 70-ci ildönümündə öldürüldü. Uşaqlar bir ailənin, bir xalqın gəlcəyidir. Uşaqlar ailənin güzgüsüdür deyirlər. Yəqin siz Leylanın qana boyanmış meyitinin şəklini hələ unutmamısınız. Bu şəkil əslində bu günki İslam dünyasını o qədər dəqiq ifadə edir ki... Leyla Azərbaycanda, evinin içində, ata-anasının gözləri önünüdə ermənilərin raket mərmisi ilə Şəhid etdiyi balaca Zəhraya çox bənzəyirdi. Biz gələcəyimizi qoruya bilirkmi? Evimizin içində, gözlərimizin önünüdə gələcəyimizi öldürüb, məhv edirlərsə...

Əslində Fələstinin fəthi, Qüdsün 2018-ci ildə ABŞ tərəfindən işğalı  təkcə ərəb dünyasına yönəlik işğal siyasəti deyildi. Bu bir xalqın digəri üzərində basqısı və ya, sadəcə bir ölkənin digər ölkəyə torpaq davası da deyildi. Bu ümumilikdə müsəlman dünyasına vurulan zərbə idi. Qüds İslam dünyasının həssas nöqtəsidir. Qüds bütün müqəddəs dinlərin mərkəzi, toxunulmaz məkanıdır. Bu məkanı basmaq, bu müqəddəs məkana qarşı kobud basqı isə qalib gəlmək istəyindən çox əzələ nümayişi və dünyanı savaşa qaldırmaq marağı idi. Bəli, Qüds bu qədər önəmli bir şəhərdir. Müqəddəs torpaqların üzərində qərarlaşan məkan və dünyanın qırmızı xətti…

İslam dünyasının Ali dini lideri Ayətullah Seyid Əli Xamanei “Qüds gününü anmaq sadəcə evlərindən çıxarılan məzlum bir xalqın müdafiə edilməsi deyil, Qüds günü qlobal imperializmlə mübarizənin simvoludur. Bu gün Fələstini müdafiə etmək, Fələstin məsələsindən çox daha böyük bir həqiqəti müdafiə etmək deməkdir. Sionist rejimi ilə mübarizə, imperializmlə mübarizə mənasına gəlir” deməklə, hər bir müsəlmana Qüdsün dəyərini çox gözəl anladır.  

P.S. ...Mənə elə gəlir ki, Sabra, Şatilla, Srebrentisa və Xocalı soyqırımında bətnindəki körpəsi parçalanan anaların ruhu Qüdsün səmalarında dünyadakı bütün müsəlmanları, bütün haqsevərləri səsləyir… hər gün səsləyir, hər an səsləyir... SUSAQMI?

Arzu Abdulla

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN