2022-ci ildə Azərbaycan Türkiyədən avtobus idxal edən ilk 10 ölkə sırasına daxil olub.
Tezadlar.az xəbər verir ki, Türkiyə mətbuatının məlumatına görə, bu barədə Türkiyənin Uludağ bölgəsi Avtomobil İxracatçıları Birliyinin hesabatında deyilir.
Bildirilir ki, ötən il ərzində Azərbaycana dəyəri 47,6 milyon ABŞ dollarından çox təşkil edən avtobus ixrac edilib.
Ötən il Türkiyədən avtobusların ümumi ixracı 2021-ci illə müqayisədə 16,1 faiz artaraq 1,26 milyard dollardan 1,46 milyard dollara yüksəlib. Bu nəqliyyat növləri dünyanın 83 ölkəsinə ixrac edilib.
İlk üçlükdə birinci yeri Fransa tutub. Hesabat ilində bu ölkəyə ixracın həcmi 308,9 milyon dollar təşkil edib. İkinci yerdə Almaniya (160,9 milyon dollarla), üçüncü yerdə İtaliya (146,3 milyon dollar) qərarlaşıb.
İlk onluğa isə Portuqaliya (100,4 milyon dollar), Macarıstan (69,4 milyon dollar), İsrail (65,9 milyon dollar), Böyük Britaniya (53,9 milyon dollar), İspaniya (49,6 milyon dollar), Rumıniya (48,5 milyon dollar) və Azərbaycan (47,6 milyon dollar) daxildir.
vergiler.az