Uzun illərdir ki, ölkəmizdə ikinci əl avtomobil satışı ilə məşqul olanlar, yaxud şəxsi istifadəsi üçün gətirənlər üçün ən münasib ölkə Gürcüstan Respublikasıdır.
Hər il ölkəmizin adı bu ölkədən əzilmiş, suya düşmüş, hava yastıqları açıılmış və s. qəzalara uğramış avtomobilləri təmir etdirib gətirənlər sırasında öndə gedir. Həmin avtomobillərin də çoxunun Gürcüstana Amerikadan ixrac olunduğu bildirilir. Kasıb alıcının çoxluq təşkil etdiyi Azərbaycanın avtomobil bazarında məhz belə maşınların satışı bu bizneslə məşqul olanlara sərfəli olurdu. Lakin indi belə avtomobillər də baha satılır. Gürcüstanda həmin avtomobillərin ucuz başa gəlməsinə baxmayaraq, ölkəyə baha qiymətə gəlib çıxır və bazarda da çox baha satılır.
Köhnə avtomobillər isə ekologiyamızı həm korlayır, həm də alıcılar bir müddət sonra onları təmirə aparmaqdan bezirlər... Yeni avtomobil almağa gücü çatmayan əksəriyyət zay məhsul almaq zorundadır...
Gürcüstanın Milli Statistika Xidməti 2022-ci il ərzində ölkənin minik avtomobili ixrac etdiyi ölkələrin siyahısını dərc edib. İlk yerə yenə də Azərbaycan liderlik edib. Bizdən sonra Ukrayna, daha sonra Ermənistan gəlir. Bizim ölkənin sakinləri həmişəki kimi, ikinci əl avtomobillərin öndə gedən alıcılarıdır...
Qeyd edilir ki, Azərbaycan ötən il rekord sayda - 30 452 avtomobil (308,4 milyon dollar dəyərində) ixrac edib.
Gürcüstan ilbəil avtomobil ixracatını artırır. Məlumatda o da bildirilir ki, 2021-ci ildə ölkədən 456,5 milyon ABŞ dolları məbləğində avtomobil ixrac olunmuşdusa, bu il bu rəqəm rekord miqdarda artıb - 903,8 milyon ABŞ dolları. Və göründüyü kimi, bu rekorda imza atanların öncülü Azərbaycan alıcısıdır...
JASMİN