İsrailin Müdafiə Naziri Yoav Qalant bildirib ki, İran nüvə silahı yaratmağa yaxınlaşır.
Bu da öz növbəsində İsraili həddindən artıq narahat edir.
Onun sözlərinə görə, İran qırmızı xəttə çox yaxın bir səviyyəyə çatıb.
Nazir diqqətə çatdırıb ki, İsrail tərəfi İranın nüvə silahı əldə etmə ehtimalına qarşı çıxmaq üçün 50-dən çox ölkə ilə danışıqlar aparır.
"İsrail İran tərəfinə bütün variantların danışıqlar masasında olduğunu izah etməlidir", - deyə Qalant vurğulayıb.
Qeyd edək ki, hələ 2021-ci ildə İsrailin İranın nüvə obyektlərinə hücuma hazırlıq məqsədilə orduya 1,5 milyard dollar vəsait ayırdığı bildirilirdi.
"İsrail müharibə istəmir, amma İranın nüvə silahına sahib olmasına imkan verə bilmərik. Bu ölkənin nüvə proqramları çərçivəsindəki fəaliyyətini müşahidə edərək hərbi əməliyyatlar da daxil, bütün ssenarilərə hazırlaşırıq" – deyə İsrailin təhlükəsizlik xidmətində çalışan rəsmilərdən birinin belə söylədiyi açıqlanmışdı.
İsrailin hərbi ekspertləri isə qeyd edirdilər ki, İran nüvə silahı əldə etməyə yetəcək qədər uranı cəmi bir ay ərzində əldə edə bilər, ancaq həmin silaha - ballistik raketə quraşdırılacaq döyüş başlığı da lazımdır. Bu başlığı isə 18-24 aya hazırlamaq olur.
Xatırladaq ki, bu fikirlər hələ 2021-ci ilin sonuna yaxın bildirilmişdi.O zamandan təqribən 14-15 ay keçib. Və belə görünür ki, ekspertlərin o zaman verdikləri müddət proqnozuna (yəni başlıq əldə etmək müddətinə) az qalıb. Və buna görə də həyəcan təbili çalırlar...
Onu da qeyd edək ki, bu yaxınlarda dünya mediasında da İranın uranı 84%-ə qədər zənginləşdirməyə başladığı barədə xəbərlər yayılıb.
Lakin İran bu məlumatları qəti şəkildə təkzib edərək bildirib ki, daha yüksək zənginləşmə səviyyəsinə malik hissəciklər təbii yolla baş verir, iranlı mütəxəssislər isə 60% səviyyəsinə riayət edirlər...
JASMİN