III yazı
III yazını cənubun ekoloji aləminə həsr etməyim təsadüfi deyil. Yol boyu, eləcə də Lerikdə olarkən təbiətin füsunkar gözəlliyi bizi valeh etmişdi. Dağların sinəsini yarıb, düz uca zirvələrində bərqərar olan ağacların əzəməti, sıx yaşıl meşələrin cəlbedici görünüşü, dağ silsiləsi boyu müxtəlif bitki növlərinin, eləcə də müalicəvi əhəmiyyətli otların olması nəfəs almağımız üçün açıq-aşkar oksigen mənbəyidir. Biz də bu barədə qısa məlumatları yığcam da olsa oxucuların diqqətinə çatdırmaq istədik.
Bəşər övladı dünyada ekoloji tarazlığın pozulmasından, xüsusilə qlobal istiləşmədən, baş verən müxtəlif fəlakətlərdən çox narahatdır. Dünyanın aparıcı dövlətlərinin başçıları, alimlər, ekoloqlarbir araya gələrək ekoloji fəlakətlərin qarşısını almaq, ekoloji tarazlığı bərpa etmək üçün vasitələr arayırlar. Azərbaycanda ekoloji problemlər başqa dövlətlərlə müqayisədə daha sürətlə həll olunur. Azərbaycan Prezidenti İlham Əliyev demişdir: “Ekologiya meşələri hər bir ölkə üçün, hər bir vətəndaş üçün vacib olmalıdır. Bu, insanların sağlamlığıdır. Sağlam ekoloji mühit, sağlam hava, təmiz su – bütün bunlar insanın həyatı üçün ən əhəmiyyətli məsələdir”.
Təbiətin “yaşıl ciyəri”, gözəllik sərgisi, estetik tərbiyədə mühüm rol oynayan meşə təkcətikinti və maşınqayırmada böyük əhəmiyyət daşımır, o həm də biosferdə oksigen yaradır, bol su, enerji mənbəyidir. Meşələr su saxlayıcı, su nizamlayıcı əhəmiyyətə malikdir, tarlaqoruyucu vasitədir, havanı və nəmliyi tənzimləyir, bir sözlə, bizim milli sərvətimizdir. Azərbaycanın cənub bölgəsi nadir relikt ağacları ilə zəngindir. Misal üçün qeyd edək ki, Lerikin meşələri nadir ağaclarla daha çox zəngindir və bu ərazidə məskunlaşmışdır. Dəmirağac, şabalıdyarpaq palıd, fıstıq, azat(nil), qaraçöhrə, vələs, şümşad və sair ağac növlərini göstərmək olar.
Mən Lerikdə olarkən tanınmış qələm ustası, Əməkdar jurnalist, bir neçə maraqlı kitabların müəllifi İdris Şükürlü ilə görüşüb söhbət etdik. O, mənə çap etdirdiyi “Ekologiyanın vətəni bütün dünyadır” adlı analitik oçerkini tanış olmaq üçün təqdim etdi.O, məqalədə qeyd etmişdir ki, hələ XIX əsrdə Lerikin meşələri xarici ölkə botanik-alimlərinin, səyyahların, etnoqrafların diqqətini cəlb etmiş və nadir meşə örtüyü barədə qiymətli fikirlər söyləmişlər. Məsələn, XIX əsrin alman botanik-alimi F.Qoqenhager Lerikin kəndlərini gəzərək, dərman bitkilərinin xalq təbabətindəki müalicəvi əhəmiyyətini tədqiq edirdisə, Nobel qardaşlarını Talış meşələrindəki dəmirağacı və qoz ağacından mənfəət əldə etmək daha çox maraqlandırmışdır. Məşhur fransız səyyahı və yazıçısı Aleksandr Düma 1858-ci ildə Azərbaycana gəlmiş, Lənkəranda, Astarada olarkən, Lerikə də gəlmiş bu torpağın fauna və florası, xalqın adət-ənənələri, maraqlı şəxsiyyətləri ilə tanış olmuş, fikir söyləmişdir. Dünya şöhrətli təbiətşünas-alim Həsən Əliyev “Həyəcan təbili” kitabında Talış meşələrini təbiətin canlı muzeyi adlandırmışdır. O, bu regionu təbii botanika bağına və dendroparka bənzətmişdir. Məşhur alim Aleksandr Qrossheym əsas tədqiqatlar apararkən, Lerik rayonunda da olmuş, topladığı maraqlı məlumatları kitabında qeyd etmişdir.
Azərbaycanda, cənub regionunda, eləcə də Lerik rayonunda nadir meşələrin qorunub saxlanmasına, yaşıllıqların sayının artırılmasına, mühafizə edilməsinə diqqət yetirilir.
Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin iclaslarında ekoloji problemlərə həsr olunmuş müşavirədə ekoloji tarazlığın bərpa edilməsi, ətraf mühitin qorunması, yaşıllıqların genişləndirilməsi istiqamətində görülən işlər, qarşıda duran vəzifələr barədə ətraflı məlumat verərək, bir vacib amili önə çəkir ki, hazırda ölkədə həyata keçirilən ekoloji siyasətin əsas məqsədi indiki və gələcək nəsillərin sağlamlığının qorunmasından, təbii ehtiyatlardan səmərəli istifadə edilməsi və davamlı inkişafın təmin edilməsindən ibarətdir. Sağlamlığımızı təmin etmək üçün ilk növbədə təbiəti sağlamlaşdırmaq lazımdır.
P.S. Növbəti reportajımız Lerikin tarixi abidələrinə həsr ediləcək. Hələlik, görüşənədək.
Səadət Sultan,
redaktor müavini
Lerik şəhəri