Əməkdar artistə həsr olunmuş kitabın təqdimatı keçirildi...
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının təşkilatçılığı ilə Yasamal rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının əməkdar artisti, müğənni Rəhilə Bəndəliyevaya həsr olunmuş şair, publisist, AYB-nin üzvü Nəsibə İsrafilqızının “Nəğməkar qız” kitabının təqdimatı keçirildi. Tədbirdə mədəniyyət və incəsənət xadimləri, şair və yazıçılar, ziyalılar və geniş ictimaiyyət nümayəndələri, kitabxananın oxucuları, R.Bəndəliyevanın ailə üzvləri iştirak etdilər.
Tədbiri giriş sözü ilə tarix üzrə fəlsəfə doktoru, Fəxri mədəniyyət işçisi, Yasamal rayon MKS-nin direktoru Lətifə Məmmədova açaraq tədbir iştirakçılarını və qonaqları salamladı. O, Azərbaycan mədəniyyətinin inkişafında Ulu Öndər Heydər Əliyevin rolunu vurğulayaraq bildirdi ki, XX əsr Azərbaycan mədəniyyət və incəsənətinə görkəmli şəxsiyyətlər bəxş etmişdir: Bülbül və Polad Bülbüloğlu, Xan Şuşinski və Seyid Şuşinski, Rəşid Behbudov və Müslüm Maqomayev, Şövkət Məmmədova və Şövkət Ələkbərova, Hüseyn Ərəblinski və Hüseynqulu Sarabski, Qəmər Almaszadə və Sara Qədimova, Nəsibə Zeynalova və Leyla Bədirbəyli və b. Bu şəxsiyyətlər silsiləsini davam etmək olar, onlar Azərbaycan mədəniyyətinin, incəsənətinin parlaq simalarıdır. Bu şəxsiyyətlərdən biri də əməkdar artist Rəhilə Bəndəliyevadır. Rəhilə xanım XX-XXI əsr Azərbaycan incəsənət tarixinə həkk olunub, onun səhnə mədəniyyəti və ifa tərzi tamaşaçıların ürəklərini fəth edib. O qeyd etdi ki, “Nəğməkar qız” kitabının ön sözünün müəllifi xalq şairi Vahid Əziz, məsləhətçisi xalq şairi Nəriman Həsənzadə, rəyçisi isə akademik Nizami Cəfərovdur.
Mərkəzi Kitabxananın Fəxri oxucusu, şair Qadir Hüseynov Rəhilə Bəndəliyevanı kitabın işıq üzü görməsi münasibəti ilə təbrik etdi və ona həsr etdiyi “Gəl səsinə qurban olum” şeirini söylədi.
“Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri, AYB-nin üzvü, Prezident mükafatçısı, YAP Veteranlar Təşkilatının üzvü, həkim və yazıçı Zərifə Quliyeva çıxışında bildirdi ki, harda olmağımızdan asılı olmayaraq milli dəyərlərimizi qorumağa hər birimiz borcluyuq. Rəhilə Bəndəliyeva kimi istedadların önə çıxması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Azərbaycan mədəniyyətini xarici ölkə və təşkilatlara təqdim edir, onun bu sahədə apardığı böyük işlər Azərbaycan mədəniyyətinin inkişafına xidmət edir.
“Dədə Ələsgər Ocağı” İctimai Birliyinin sədri, ustad Aşıq Ələsgərin nəticəsi Xətai Ələsgərli Rəhilə Bəndəliyevanın sənətinin böyük olduğunu vurğuladı. Onun xalq artisti adını almağa layiq olduğunu bildirdi. BDU-nun baş müəllimi, AYB-nin üzvü, şair Sona Çərkəz çıxışında bildirdi ki, bizi kövrəldən, qəlbimizdən xəbər verən, içimizi titrədən müğənninin ifasıdır. Xalqımızın sevgisi və alqışı Rəhilə Bəndəliyevanın ən böyük mükafatıdır.
Qazi Ruxsarə Cumayeva bu gözəl günlərimizə görə şəhidlərimizə borclu olduğumuzu bildirdi. O qeyd etdi ki, hərbi hissələrdə Rəhilə xanımın mahnıları səslənir və bu bizim əsgərlərimizi ruhlandırır. “Bütöv Azərbaycan” qəzetinin təsiscisi və baş redaktoru, yazıçı-publisist Tamxil Ziyəddinoğlu R.Bəndəliyeva ilə bir sinifdə oxuduğunu bildirdi və qeyd etdi ki, onun istedadı kiçik yaşlarından hamıya bəlli idi.
Xeyriyyəçi, iş adamı Arzu Fərəcova kitabın maraqlı olduğunu bildirdi, müğənniyə yaradıcılıq uğurları arzuladı. Bəstəkar, Əməkdar mədəniyyət işçisi Rauf Məmmədov “Lalə” qızlar ansamblının təsisçisi və bədii rəhbəri, xalq artisti Ceyran Haşımovanın yorulmaz əməyindən, onun gənc istedadları tanıtması sahəsində gördüyü böyük işlərdən danışdı. O qeyd etdi ki, ansambldakı müğənnilərin hər birinin bir məktəb olduğunu vurğuladı. Sonra o, R.Bəndəliyevanın muğam ifaçılığından söz açdı.
“Vətənim Azərbaycandır” İnformasiya Portalının rəhbəri Kamran Orucov kitabla bağlı fikirlərini söylədi və R.Bəndəliyevaya Fəxri fərman təqdim etdi.
“Aşıq Pəri Məclisi”nin rəhbəri, aşıq Pərvanə Zəngəzurlu kitabda çap olunmuş el qızına həsr etdiyi şeirini söylədi. “Vətən müharibəsi əlillərinə kömək” İctimai Birliyinin sədri Qalib Əliyev sənət adamları haqqında yazılan kitabların əhəmiyyətindən danışdı və Ankarada təqdimatı keçirilən “Zəfər tariximizin fatehləri” kitabı haqqında məlumat verdi.
Kitabın müəllifi şair, publisist, AYB-nin üzvü Nəsibə İsrafilqızı R.Bəndəliyeva ilə bağlı xatirələrini bölüşdü, ona yeni yaradıcılıq uğurları arzuladı. O, tədbir iştirakçılarına kitabın ideyasını açıqladı və kitab haqqında qısa məlumat verdi. Nəsibə İsrafilqızı Zəfər mahnıları ifa etdiyinə görə R.Bəndəliyevaya “Zəfər mükafatı”nı təqdim etdi.
Azərbaycan Respublikasının əməkdar artisti Rəhilə Bəndəliyeva kitabın ərsəyə gəlməsində əməyi olanlara, qonaqlara təşəkkürünü bildirdi.
Tədbirin bədii hissəsində əməkdar artistlər Təranə Vəlizadə və Zakir Əliyev, “Aşıq Pəri” Məclisinin və Azərbaycan Aşıqlar Birliyinin üzvü, aşıq Zülfiyyə İbadova, bəstəkar, bədii rəhbər Esmiralda Hüseynova, müğənni və vokalçı, respublika və beynəlxalq müsabiqələri lauriatı İslam Əlizadə, bəstəkar, müğənni Arif Hüseynov çıxış etdilər.
Tədbir iştirakçıları R.Bəndəliyevanın canlı ifalarını dinlədilər. Tədbirdə Rəhilə Bəndəliyevaya M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu diplomu, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Fəxri fərmanı təqdim edildi. Tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin Yasamal rayon Heydər Əliyev Mərkəzindəki abidəsini ziyarət etdilər. Tədbirdə əməkdar artist Rəhilə Bəndəliyevaya həsr olunmuş videoçarx nümayiş olundu:
https://youtu.be/Q3itdzre4HQ?si=TlnPybnyIh2i4sdt
Y.Məmmədli