Azərbaycana gələn turistlərin sayı 1 milyonu keçib...

“Pandemiya elan olunandan bəri ilk dəfə Azərbaycana gələn turistlərin sayı 1 milyon nəfəri keçib. Bu ilin ilk 8 ayında ölkəyə 1 milyon 4 min turist gəlib. Qeyd edək ki, ötən il ölkəmizə 791,8 min, 2020-ci ildə isə 795,7 min əcnəbi gəlmişdi. Bu il Azərbaycana gələn turistlərin sayı artasa da hələ də pandemiyadan əvvəlki dövr ilə müqayisədə xeyili azdır. 2019-cu ildə Azərbaycanı rekord səviyyədə- 3.2 milyon nəfər ziyarət etmişdir”.

 Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov ölkədə turizmçiliyin inkişafından danışarkən bildirib.

O, qeyd edib ki, Azərbaycana gələn turistlərin 26,2 faizi Rusiya Federasiyası, 19,8 faizi Türkiyə, 11,0 faizi İran, 7,9 faizi Səudiyyə Ərəbistanı, 4,7 faizi Gürcüstan, 3,2 faizi Pakistan, 2,7 faizi Hindistan, 2,5 faizi Birləşmiş Ərəb Əmirliklərinin payına düşüb.

Onun sözlərinə görə, turistlərin çoxu quru sərhədi olan ölkələrdən gələnlər olduğu üçün quru sərhədlər açılarsa, bu, turistlərin sayının artmasına müsbət təsir göstərəcək:

“Digər ziyarətçi ölkələrdən gələnlərin ümumi payda çəkisi ayrı-ayrılıqda 2.0 faizdən azdır. Rəsmi statistika göstərir ki, gələnlərin 61.7 faizi quru sərhədlərimiz olan ölkələrdən gəlib. Bu isə o deməkdir ki, regionda pandemiyanın tam yumaşalacağı halda quru sərhədlərimizin açılarsa, bu ölkəyə daha da çox turistin gəlməsinə səbəb olacaq.

Artım nisbətlərinə gəldikdə isə, ötən ilin eyni dövrü ilə müqayisədə Səudiyyə Ərəbistanından gələnlərin sayı 407 dəfə, Küveytdən - 167 dəfə, Omandan – 149 dəfə, Pakistandan - 27 dəfə, Hindistandan - 15 dəfə, İsraildən - 6 dəfə, Bəhreyndən - 6 dəfə, Qazaxıstandan - 5,8 dəfə, Birləşmiş Ərəb Əmirliklərindən - 5,7 dəfə, ABŞ-dan - 3,5 dəfə, Almaniyadan - 3,0 dəfə, Fransadan - 2,6 dəfə, Böyük Britaniyadan - 2,0 dəfə, Türkiyədən - 1,8 dəfə, İrandan - 1,7 dəfə, Ukraynadan - 1,7 dəfə, Rusiya Federasiyasından - 1,7 dəfə artıb. Əvvəlki illərdə Azərbaycan gəlmə turizm sənayesi üçün ənənəvi olmayan ölkələrin - Pakistan və Hindistanlı ziyarətçilərin sayında da hiss edilən artımlar var.

Bütövlükdə, bu müddətdə körfəz ölkələrindən gələnlərin sayı 3,5 dəfə artaraq 254,1 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 2,4 dəfə artaraq 49,0 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 1,8 dəfə artaraq 335,5 min nəfər olub”, - deyə millət vəkili bildirib.

 Vüqar Bayramov turizm setorunun neftdən sonra ikinci gəlir gətirən sahə olduğunu qeyd edərək, bu infrastrukturun inkişafının vacibliyini qeyd edib.

“Turizm neftdən sonra Azərbaycana ən çox valyuta gətirən sektordur. Pandemiyadan öncə illik turizm gəlirləri 2.7 milyard dollara yaxın idi. Bu sektor, həmçinin məşğulluğa da xüsusi töhvə verir. Bu baxımdan, turizm infrastrukturunun daha da inkişaf etdirilməsi və qiymətlərin optimallaşdırılması Azərbaycana daha çox turistin gəlməsinə imkan yarada bilər”, - deyib.

Millət vəkili də təəssüflə qeyd edib ki, ölkəmizdə turizm xidmətləri bahadır və buna görə də turistlərin marağı əbgəllənir.

“Monitorinqlər göstərir ki, nəinki Bakıda, hətta bölgələrdə də turizm xidmətlərinin qiymətləri yüksək olaraq qalmaqdadır. Bu da həm daxili, həm də gəlmə turizmin inkişafına təsirsiz ötüşmür. 2022-ci ildə ölkəmizə gələn turistlərin sayında artım müşahidə olunsa da, daha qısa zamanda pre-pandemiya göstəricilərinə çatmaq hədəflənməlidir”.

 Xatırladaq ki, qonşu Gürcüstan bir ayda turizmdən orta hesabla 500 milyon dollaradək gəlir götürür.

Qonşularımız iyul ayında beynəlxalq turizmdən 476,1 milyon dollar qazanıblar.

 ki, bu da yeni rekorddur.

Gürcüstana səfər edən turistlər əsasən bu ölkələrdən gəlib – Rusiya, Səudiyyə Ərəbistanı və Türkiyə. 

 Gürcüstana ən çox qazancı da ilk üçlükdə yer alan rusiyalılar gətirib - 116,1 milyon dollar.

İkinci yerdə Səudiyyə Ərəbistanı - 44,2 milyon dollar, üçüncü yerdə isə Türkiyədir - 43,8 milyon dollar. Aİ ölkələri 43,6 milyon dollarla dördüncü, Belarus isə 33,5 milyon dollarla beşinci yerdədir.

 Lakin iyulda Gürcüstana 718,4 min beynəlxalq ziyarətçi səfər edib ki, bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 34,7% azdır (Gürcüstan Milli Turizm Administrasiyas).

Belə görünür ki, qonşu ölkədə bir ayda 700 mindən artıq beynəlxalq ziyarətçi sayı ilə də razı deyillər və bu rəqəmin artmasını istəyirlər.

JASMİN

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN