Özbəkistanda AI-80 markalı benzinin qiyməti artmayacaq.
Belə ki, martın 1-də bitməli olan Aİ-80 markalı benzinin sıfır aksiz dərəcəsi ilin sonuna qədər uzadılıb.
Bu barədə Özbəkistan prezidenti qərar verib.
Bu o deməkdir ki, bu markalı yanacağın qiyməti əvvəlki kimi qalmalıdır. Özbəkistan prezidenti Şavkat Mirziyoyevin fərmanı ilə idxal və yerli Aİ-80 markalı benzinə sıfır aksiz dərəcəsi bu ilin sonuna qədər uzadılıb.
Bu barədə dövlət başçısının mətbuat katibi Şerzod Əsədov məlumat verib.
Qərar “neft məhsullarına tələbatın ödənilməsi və qiymət sabitliyinin təmin edilməsi məqsədilə” qəbul edilib, - məlumatda deyilir.
Xəbər verdiyimiz kimi, ötən gün “Özbəkneftqaz” şirkətinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilirdi ki, martın 1-dən Özbəkistanda idxal olunan və yerli Aİ-80 markalı benzinə sıfır aksiz dərəcəsi başa çatdığı üçün həmin yanacağın qiymətində artım gözlənilir.
Artım baş verəcəyi təqdirdə “Özbəkneftqaz”a məxsus “UNG Petro” yanacaqdoldurma məntəqələrində qiymət 6800 somadək (təqribən 1.02 AZN), xaricdən gətirilən eyni markalı benzin üçün isə 7000 somadək (təqribən 1.05 AZN) artırılacaqdı.
JASMİN