Prezident Salome Zurabişvili ABŞ-ın dörd hakimə qarşı sanksiyaların ölkənin Avropa İttifaqına namizəd statusu almasına mane ola biləcəyindən narahatlığını bildirib.
TEZADLAR.AZ xəbər verir ki, bu barədə o, ABŞ səfiri Kelli Deqnan ilə görüşdən sonra keçirilən brifinqdə bildirib.
“Təəssüf edirəm ki, bu qərarla ölkə sanksiyaya məruz qalan digər ölkələrin siyahısına daxil edilib. Bu, Gürcüstanın avropalı tərəfdaşlarından ən vacib qərarı - namizəd statusunun verilməsini gözlədiyi anda baş verib. ABŞ-ın qərarının Avropada mənfi siqnal kimi qəbul ediləcəyindən ehtiyat edirəm”, - deyə S.Zurabişvili bildirib.
Prezident vurğulayıb ki, məhkəmə sistemində mümkün korrupsiya faktlarının araşdırılması və ya Ali Ədliyyə Şurasının tərkibinə yenidən baxılması kimi əməli addımların atılması lazımdır. Zurabişvilinin sözlərinə görə, ABŞ-ın sanksiya qərarı cəmi 4 nəfərə aid olsa da, ölkənin nüfuzuna xələl gətirir.
Xatırladaq ki, ABŞ Dövlət katibi Antoni Blinken çərşənbə günü Gürcüstanın dörd hakiminin məhkəmə sədrləri və Ali Ədliyyə Şurasının üzvü kimi vəzifələrindən sui-istifadə edərək korrupsiya əməllərində iştirak etdiklərini, bununla da Gürcüstanın qanunun aliliyinə və məhkəmə sisteminə ictimai etimadı zədələdiklərini açıqlayıb və viza məhdudiyyəti tətbiq etməklə onlara qarşı sanksiya tətbiq edildiyini bildirib.
24News.ge