Yuri Alekseyeviç Qaqarin dünyada kosmosa ilk uşan insan kimi yaddaşlarda qalıb.

O, 9 mart 1934-ci ildə Rusiya Federasiyasında kəndli ailəsində anadan olmuşdur. Onun atası Aleksey İvanoviç Qaqarin dülgər, anası Anna Timofeyevna Qaqarina isə heyvandarlıqla məşğul idi. Uşaqlığını Kluşino kəndində keçirmişdir.

1941-ci ildə məktəbə getmiş, 24 may 1945-ci ildə ailəsi ilə birlikdə Qjatsk şəhərinə köçmüşdür. 1951-ci ildə Yuri orta ixtisas məktəbini bitirərək metaltökmə üzrə ixtisasa yiyələnmişdir. Həmin ilin avqustunda Qaqarin Saratov sənaye texnikumuna daxil olur və oktyabr ayından Saratov aeroklubunun üzvü olur. 1955-ci ildə təhsilini əla qiymətlərlə başa vuraraq Yak-18 təyyarəsində ilk dəfə sərbəst uçuş edir.

27 oktyabr 1955-ci ildə Qaqarin əsgərliyə çağırılır və Orenburqdakı 1-ci hərbi aviasiya məktəbinə göndərilir. 25 oktyabr 1957-ci ildə o bu məktəbi bitirir.

9 dekabr 1959-cu ildə o ərizə ilə kosmonavtlığa namizədlərin siyahısına götürülməyi xahiş edir. Qaqarin iki tibbi ekspertizanı keçdikdən sonra 1960-cı ildən general Verşinin əmri ilə kosmik uçuşlar üçün hazırlıq komandasına qəbul edilir.

1961-ci ildə ABŞ-la kosmik yarışda önə çıxmaq istəyən Sergey Korolyev namizədlər arasından 6 nəfəri seçir. Kimin kosmosa uçması son dəqiqəyə qədər gizli saxlanılır. Son anda Qaqarin və onun əvəzləyicisi Titov seçilir.

Uçuş 12 aprel 1961-ci ildə Baykonur  start məntəqəsində baş verir. "Vostok gəmisində uğurla kosmosa çıxan Qaqarin göydə 108 dəqiqə dövr etdikdən sonra sağ-salamat yerə qayıdır. 14 aprel 1961-ci ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür.

Qaqarinin 27 mart 1968-ci ildə sınaq uçuşu zamanı təyyarədə qəzaya uğrayaraq həlak olduğu bildirilir. O, Moskvada Kreml divarında dəfn olunub.

***

Xatırladaq ki, Qaqarin Kosmosa uçanda cəmi 27 yaşı vardı və bu yaşında da Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. 34 yaşında isə həyatını itirib.

Qeyd edək ki, Yuri Qaqarinin ölümü ətrafında müxtəlif fərziyyələr, versiyalar, iddialar yayılıb: onun qəzaya uğrayaraq ölmədiyini, hətta sağ qaldığını, oğurlandığını, həlak olduğu gün hava proqnozunun düzgün verilmədiyi, sağlamlıq durumunun yaxşı olmamasını, texniki nasazlıq olduğunu və s.

KİV-in məlumatına görə, Yuri Qaqarinin böyük qardaşı Valentin Qaqarin qəzanın səbəbini belə izah edib:

"Düşünürəm ki, bu qəza əvvəlcədən diqqətlə işlənib hazırlanmışdı. Bir adamın üzərində həddən artıq, çox böyük şöhrət cəmlənmişdi. Onu polkovnik kimi dəfn etdilər, lakin faktiki olaraq evdə general şineli onun kürsüsündən asılmışdı. Bütün generalitet onu layiq olmadığı mövqeyi tutan adam hesab edirdi, baxmayaraq ki, mən hesab edirəm ki, onlar əslində ona qibtə edirdilər".

Belə görünür ki, Yuri Qaqarinin ölümü ilə bağlı hələ də açılmamış sirrlər var...

Bu gün isə onun günüdür – düz 63 il əvvəl kosmosa ilk dəfə uçan insanın!

 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN