Qazaxstan paytaxtında Sinqapur prezidenti Həlimə Yakobun dövlət səfəri çərçivəsində xidmətlərin və investisiyaların azad ticarətinə dair Saziş imzalanıb. Qazaxıstan üçün bu, bu qəbildən olan ilk sənəddir.
TEZADLAR.AZ xəbər verir ki, bu barədə Qazaxıstan Respublikası hökumətinin mətbuat xidməti xəbər yayıb.
Qeyd edilir ki, Saziş 92 növ xidmət alt sektoru üçün qarşılıqlı güzəştli çıxışın, investisiyalar üçün daha əlverişli şəraitin yaradılmasını nəzərdə tutur, həmçinin beynəlxalq təcrübəyə uyğun olaraq investorların yüksək səviyyədə müdafiəsini təmin edir.
Qazaxıstan və Sinqapur arasında ikitərəfli ticarət fəal inkişaf edir və 2022-ci ilin sonunda ticarət dövriyyəsi 1,9 milyard dollar təşkil edib.
Son bir ildə xidmət dövriyyəsi 10,4 milyon dollar təşkil edib, 2017-2021-ci illər üçün Sinqapurdan Qazaxıstana birbaşa xarici investisiyaların ümumi axını 9,3% artaraq 61,4 milyon dollardan 67,2 milyon dollara çatıb.
Sazişin imzalanmasının iki ölkə arasında ticari-iqtisadi əməkdaşlığın daha da genişləndirilməsinə, daxili xidmətlərin tərəfdaş bazara ixracının artırılmasına, xidmət sektorunda daha əlverişli şəraitin yaradılmasına, yerli təchizatçıların rəqabət qabiliyyətinin və investisiyaların artırılmasına xidmət edəcəyi gözlənilir.
JASMİN