Azərbaycan müasir, yoxsa ənənəvi ölkədir? Avropa, yoxsa Asiya ölkəsidir? Qərb, yoxsa Şərq ölkəsidir?
TEZADLAR.AZ xəbər verir ki, bu suallar Sosial Tədqiqatlar Mərkəzinin cari ilin ilk rübündə əhali arasında apardığı telefon sorğusunda respondentlərə ünvanlanıb.
Azərbaycanın tarixi, coğrafiyası, beynəlxalq münasibətlər sistemində özünəməxsus yeri və rolu azərbaycanlıların ölkəmizi necə görməsini şərtləndirir. Tarixən dünya güclərinin qovşağında yerləşməsi, qonşu ölkələrlə çoxtərəfli münasibətləri ölkə vətəndaşlarının Azərbaycanın yerinə unikal yanaşmasını formalaşdırıb. Qeyd edək ki, nəinki “müasir” və “ənənəvi”, həm də “Şərq”/”Qərb”, “Avropa”/”Asiya” öz - özlüyündə mürəkkəb, dinamik, dəyişkən anlayışlar olmaqla, onların təyini və sərhədləri daim transformasiyaya məruz qalır. Bu dəyişikliklər ictimai-tarixi-siyasi proseslərlə əlaqəli olub, cəmiyyətin fərqli təbəqələrində fərqli yanaşmaların formalaşmasına, onların qarşılıqlı təsiri və müzakirəsini şərtləndirir.
“Azərbaycan müasir, yoxsa ənənəvi ölkədir?” sualına cavab verərkən respondentlərin 71,6%-i onu müasir, 23,7%-i isə ənənəvi ölkə kimi göstərib. Nəticələrə əsasən, orta yaş qrupu respondentlər gənclər və yuxarı yaş qrupları ilə müqayisədə Azərbaycanı daha çox müasir ölkə kimi xarakterizə ediblər. “Ənənəvi” cavabı ən çox 18-24 yaş qrupu iştirakçılar tərəfindən qeyd olunub. Nəticələri gender bölgüsü üzrə nəzərdən keçirdikdə, kişilərin 74,1%-i, qadınların 69,2%-i Azərbaycanı müasir ölkə kimi dəyərləndirib.
Rəyi soruşulanların 57,3%-i Azərbaycanı Avropa, 25,0%-i isə Asiya ölkəsi kimi görür. Diqqətçəkən məqam respondentlərin 17,7%-nin ölkəni Avropa, yoxsa Asiya məkanına aid etməkdə çətinlik çəkməsidir. Azərbaycanı Avropa ölkəsi hesab edənlər daha çox 18-25 yaşlılar (75,0%), ali təhsillilər (63,2%) və şəhər əhalisidir (61,3%).
İctimaiyyətin Azərbaycanı Qərb, yoxsa Şərq ölkəsi kimi görməsinə aid sualın cavabları da maraq doğurur. Respondentlərin 41,9%-i ölkəni Qərb, 38,8%-i Şərq ölkəsi kimi görsə də, 19,3% bu suala cavab verməkdə çətinlik çəkib. Azərbaycanı Qərb ölkəsi kimi dəyərləndirənlər daha çox 45-54 yaş qrupuna aid olanlar (54,4%), ali təhsillilərdir (45,3%). Lakin əlavə edək ki, məhz ali təhsillilərin 48,1%-i Azərbaycanı Şərq ölkəsi hesab edir və bu təhsil bölgüsündəki kateqoriyalar arasında ən yüksək göstəricidir. Şərq ölkəsidir düşünənlər də yaşa görə bölgüdə daha çox 18-25 yaşlı respondent qrupundadır (50,0%).
Nəticələrə əsasən, ictimai rəydə Azərbaycanı müasir, yaxud ənənəvi ölkə olaraq qiymətləndirmə onun coğrafi yerləşməsinə bağlı deyil. Belə ki, Azərbaycanı Qərb ölkəsi hesab edənlərin 70.8%-i, Şərq ölkəsi hesab edənlərin 71.1%-i onu müasir ölkə kimi xarakterizə edir. Halbuki Azərbaycanı Asiya məkanının bir hissəsi hesab edənlərin 59.4%-i onu Şərq ölkəsi kimi, Qərbə aid edənlərin 67.1%-i isə Azərbaycanı Avropa məkanının bir hissəsi kimi dəyərləndirir.
Sorğu könüllü iştirak əsasında 18 yaşından yuxarı 384 respondent arasında keçirilib və anonimlik tam qorunub. 12 iqtisadi rayon əhatə olunub. Sorğunun seçmə çərçivəsi ölkə üzrə əhali sayının paylanmasına proporsional müəyyən edilib və gender balansı qorunub. Nəticələrin əminlik intervalı 95%, xəta payı 5%-ə bərabərdir.
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN