Avrasiya qitəsində millətlərarası ünsiyyət üçün rus dilinin təşviqi MDB ölkələri arasında qardaşlıq və mehriban qonşuluq münasibətlərinin möhkəmlənməsinə kömək edəcək.
Bu fikri Rusiyanın Baş naziri Mixail Mişustin MDB hökumət başçıları Şurasının iclasında bildirib.
O, xatırladıb ki, bu il MDB məkanında millətlərarası ünsiyyət dili kimi rus dili ili elan edilib.
"Ölkələrimizin liderləri oktyabr ayında Bişkekdə Beynəlxalq Rus Dili Təşkilatının yaradılması haqqında saziş imzaladılar. Biz isə hökumət rəhbərləri olaraq onun praktiki fəaliyyətinə başlamasını təmin edəcəyik. Bu, ümumi irsin - rus dilinin təbliğinə kömək edəcək. Rus dili - Avrasiya qitəsində və xalqlar arasında mehriban qonşuluq, qardaşlıq münasibətlərinin möhkəmlənməsinə kömək edəcək”, - Mişustin vurğulayıb.
Rusiyanın baş naziri, həmçinin qeyd edib ki, görüş mədəni-humanitar sahədə qarşılıqlı fəaliyyətə həsr olunub. O, əlavə edib ki, bu sahə MDB üçün həmişə ən vacib sahələrdən biri olub.
Xatırladaq ki, bu gün Moskvada Birlik ölkələrinin baş nazirlərinin iştirak etdiyi MDB hökumət başçıları Şurasının iclası başlayıb.
Şurada Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov da iştirak edib. Baş Nazir Əli Əsədov hesabat məruzəsi ilə çıxış edib. O, vurğulayıb ki, bu gün Azərbaycan MDB çərçivəsində uğurlu qarşılıqlı fəaliyyətin açarı olan ikitərəfli əlaqələrin daha da genişlənməsinə və möhkəmlənməsinə xüsusi önəm verir.
Baş nazir əlavə edib ki, 2023-cü ildə Azərbaycan ilə MDB arasında ticarət dövriyyəsi 17 faiz artıb.
Y.Məmmədli