Fələstin Prezidenti Mahmud Abbas İsrailin Fələstin ərazisinə hücumlarını və mümkün atəşkəsi müzakirə etmək üçün Misirin paytaxtı Qahirəyə gedib.
TEZADLAR.AZ trt-yə istinadən xəbər verir ki, bu barədə Fələstinin rəsmi agentliyi WAFA-nın məlumatında Mahmud Abbasın Misir prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Qahirəyə səfər etdiyi bildirilib.
Abbas-Sisi görüşündə “İsrailin fələstinlilərə qarşı soyqırımını dərhal və həmişəlik dayandırmaq üçün görülən işlərin” müzakirə ediləcəyi gözlənilir.
Görüşdə, həmçinin Qəzza zolağında baş verən humanitar fəlakətlə mübarizə yolları, Fələstin xalqının deportasiya cəhdlərinin qarşısının alınması, İsrail qüvvələri ilə radikal yəhudi məskunlaşanların işğal altındakı İordan çayının qərb sahilində və Qüdsdəki hücumlarını dayandırmaq üçün Misir və ərəb ölkələrinin, o cümlədən regional və beynəlxalq səviyyədə göstərdiyi səylərin müzakirə ediliəcəyi qeyd edilib.
Xəbərdə Abbasla Sisi arasında görüş vaxtı barədə isə məlumat verilməyib.