Bu ilin yanvar-mart aylarında Azərbaycana dünyanın 171 ölkəsindən 513,5 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 39,2 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
TEZADLAR.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 1,6 dəfə artaraq 18,6 min nəfər, Körfəz ölkələrindən gələnlərin sayı 1,5 dəfə artaraq 91,4 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 31 faiz artaraq 198,3 min nəfər olub.
Ölkəyə gələn əcnəbilərin 67,6 faizi hava, 30,9 faizi dəmir yolu və avtomobil, 1,5 faizi isə dəniz nəqliyyatından istifadə edib.
Bununla yanaşı, 2023-cü ilin yanvar-mart ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 31,7 faiz artaraq 472,3 min nəfər təşkil edib.
İrana gedən ölkə vətəndaşlarının sayı 40,6 faiz, Gürcüstana gedənlərin sayı 29 faiz, Türkiyəyə gedənlərin sayı 28,1 faiz, Rusiya Federasiyasına gedənlərin sayı 20,1 faiz artıb.
2024-cü ilin yanvar-mart aylarında xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 67,4 faizi hava, 30,3 faizi dəmir yolu və avtomobil, 2,3 faizi isə dəniz nəqliyyatından istifadə edib.