Fəlakət bölgəsində küləyin sürəti saatda 180 km-ə çatıb.
***
“Reuters” xəbər verir ki, “Şanşan” qasırğası Yaponiyanın cənub-qərb hissəsini vurub, elektrik şəbəkələrini sıradan çıxarıb, hava nəqliyyatını əngəlləyib və iri fabrikləri bağlamağa məcbur edib. Qasırğa nəticəsində azı 3 nəfər ölüb, onlarla insan yaralanıb.
Yaponiya səlahiyyətlilərinin dediyinə görə, bu, bölgədə indiyə qədər qeydə alınan ən güclü fırtınalardan biri ola bilər.
Avtomobil istehsalçısı Toyota bütün yerli zavodlarda, Nissan, Honda və çip istehsalçıları Renesas və Tokyo Electron isə bəzi zavodlarda fəaliyyətini dayandırıb.
Kyuşu adasındakı Miyazaki şəhərinin sakini Reuters agentliyinə deyib: “Mən 31 illik həyatımda heç vaxt belə güclü külək və ya tornado görməmişəm".
Ölkənin Milli Meteorologiya Agentliyinin məlumatına görə, təbii fəlakət bölgəsində küləyin sürəti saatda 180 km-ə çatıb. Yaponiyanın yeddi prefekturasında 230 minə yaxın ev işıqsız qalıb.
Sinoptiklər həftə sonuna qədər paytaxt Tokio da daxil olmaqla mərkəzi və şərq bölgələrinə yaxınlaşmazdan əvvəl "Şanşan"ın yaxın bir neçə gün ərzində Kyushu üzərində aktiv olacağını gözləyirlər.
Səlahiyyətlilər ölkə daxilində 5,2 milyondan çox insanın təxliyəsi barədə göstəriş verib. Yaponiya aviaşirkətləri, o cümlədən ANA Holdings və Japan Airlines, artıq 800-ə yaxın reysi ləğv edib. Kyushunun bir çox bölgələrində qatar, həmçinin avtobus və bərə xidmətləri dayandırılıb.
"Şanşan" bu ay Yaponiyanı vuran ikinci qasırğadır. Avqustun əvvəlində “Ampil” tayfunu da bir sıra prefekturaları elektriksiz qoyub, on minlərlə insan təxliyə edilib.
JASMİN