Namibiya hakimiyyəti 723 vəhşi heyvanı güllələməyi və onların ətini qida çatışmazlığı yaşayan sakinlərə paylamağı planlaşdırır.
TEZADLAR.AZ CNN-ə istinadən xəbər verir ki, bu qərar ölkədə son 100 ilin ən pis quraqlığı fonunda qəbul edilib.
Ölkənin Ekologiya, meşə təsərrüfatı və turizm nazirliyinin planına əsasən, 83 fil, 30 begemot, 60 öküz, 50 impala, 100 mavi qnu və 300 zebra öldürüləcək.
Heyvanlar milli parklardan seçiləcək. Güllələnmə nazirlik və xüsusi mühafizə olunan ərazilərlə müqavilə bağlamış peşəkar ovçular tərəfindən aparılacaq.
Nazirlik bildirib ki, ovlanma proqramı vəhşi heyvanların "mövcud otlaq və su"dan daha çox olduqları ərazilərdə sayını azaltmaqla, su ehtiyatlarına təzyiqi azaldacaq.
Qurumdan əlavə edilib ki, proqram, eyni zamanda fillərlə insanlar arasında münaqişələrin baş vermə ehtimalını da azaltmalıdır, hansı ki, quraqlıq zamanı yemək və su axtarışında olarkən insanlarla heyvanların təması arta bilər.
Qeyd edilir ki, ovçular artıq 157 heyvanı öldürüb və nəticədə 56,8 min kiloqramdan çox ət alınıb.
Xatırladaq ki, Namibiya Cənubi Afrikada təbii El Nino fenomeni və texnogen iqlim böhranı nəticəsində yaranan dağıdıcı quraqlıqla mübarizə aparan bir neçə ölkədən biridir.
Yağış yağmaması və yüksək temperatur regionda məhsulun məhv olmasına və on milyonlarla insan arasında aclığın kəskin artmasına səbəb olub.
JASMİN
P.S. Əslində dünyada çox ət istehlak edən ölkələr var, hansı ki, aclıq nədir bilmirlər! Bu ölkələrin sahibkarları, iş adamları Namibiyaya ərzaq- ət yardımı etməklə ölümə məhkum edilmiş bu heyvanların həyatlarını xilas edə bilər, eyni zamanda öz ölkələrinin meşələrinə, qoruqlarına yerləşdirə bilərlər. Həm insanları aclıqdan, ölümdən qurtarmış olarlar, həm də bu heyvanlar belə bir dəhşətli məhvetməyə məruz qalmazlar. Çünki onların təbiətdə sayı günbəgün azalmaqdadır, eyni zamanda heyvanların bu şəkildə güllələnərək saylarının azaldılması insanı dəhşətə gətirir. Bu məsələyə planetin heyvanları qoruma cəmiyyətləri də səssiz qalmamalıdır.