...Sağlam həyat tərzi keçirmək, insanlarla nümunəvi davranmaq, xeyirxah əməllərilə hörmət qazanmaq onun həyat kredosudur. Gücü çatdığı dərəcədə başqalarına təmənnasız kömək etməyə can atır. Səbirli və iradəlidir. Səliqə-sahmanına söz ola bilməz. Cəld və ağıllıdır. Gözəl müşahidə qabiliyyəti var, ən xırda təfərrüatları belə görə bilir. Öz üzərində işləməyi bacarır. Bir işi ən yaxşı tərzdə görmək naminə zəruri olan vərdişlərə yiyələnməyə çalışır...
Deyir ki- “Mən peşəmi çox sevirəm. Zarafat deyil, Azərbaycan jurnalistikasında Əli bəy Hüseynzadə, Həsən bəy Zərdabi kimi insanların adları var. Fəxr edirəm ki, bu insanlar mənim peşəmin ulduzlarıdır. Jurnalistika, peşəkarlıq, cəsarət, zəhmət tələb edir. Bu işdə ya peşəkar kimi varsan, ya da ümumiyyətlə yoxsan. Orta mövqe sadəcə yoxdur. Çox çalışmaq lazımdır. Jurnalist həm də bütün son hadisələrdən, texnikadan, ədəbiyyatdan və s. xəbərdar olmalıdır. Məsələn, mən öz telefonumdan istənilən yerdə xəbər portallarına girib ən son məlumatları ala bilirəm. Bir daha vurğulamaq istəyirəm, əgər bu gün öz sahəmdə hər hansı bir uğura yiyələnmişəmsə, bunun üçün ilk olaraq Allahın mənə bəxş etdiyi şansa, sonra isə zəhmətimə və peşəmə sevgimə borcluyam. Bir də ən önəmlisi peşə ləyaqəti! Baxın, bunu xüsusi vurğulayıram – peşə ləyaqəti çox önəmlidir!..”
Öz potensialına yaxşı bələddir və onunla ən yüksək səviyyəyə çatmaq əsas məqsədidir. Hansı zirvəyə çatarsa çatsın hədəfi daha yuxarıdır. Çoxlarına çətin görünən işlər və əlçatmaz hədəfləri fəth etmək onun üçün adi bir məsələdir. Mükəmməllik duyğusu onu heç vaxt tərk etmir. Haqqa bağlılığı, dürüstlüyü, hadisələrə vicdanla yanaşması var. Heç vaxt özündən məmnun qalmır, fəaliyyətində tənbəllik yer almır. Strategiyası vətənə, xalqa xidmətdir. Bu xüsusiyyət ona təbii gəlir və bundan zövq alır...
“Mən çox mübarizələrdən keçmişəm, amma heç vaxt pərdəni aradan götürməmişəm. Ətrafdakı mühit ilə harmoniya olduğu təqdirdə, sən hər şeyə nail olacaqsan. Uğur zəka tələb edən bir amildir. Davamlı uğurun altında mütləq zəka yatır. Bildiyin yolu tutub getməlisən. Nə badə yolundan dönəsən. Amma qarşında divar varsa, boş əl ilə də divarı qırmağa vaxt sərf etmə. Çünki, çox güman ki, bu iş sənin zədə almağınla nəticələnəcək. O zaman konyekturanın yetişməsini gözləmək lazımdır. Yəni həmin məsələ yerində qalsın, sən onu yetişdirən amili, alt yapını hazırla. Bundan sonra divarı rahatlıqla aşa biləcəksən. Mən həmişə zəmini yaradıb, divarı aşanlardanam. Bu peşə həm də hissiyyat tələb edir. Jurnalistika elə peşədir ki, nəbzi sənin əlində olmalıdır. Bir də uğurun əsas göstəricilərindən biri - özünü axının istiqamətinə verməməkdir. Misal üçün, bu gün milliyətçilikdən danışmaq çox dəbdədir. Amma mən bu mövzuda danışdığıma görə tənqid olunduğum zamanlar yazmışam bu haqda. Bu gün mən susuram, çünki hamı bundan danışır. Çünki xorda oxumağı sevmirəm. Solitsiyi sevirəm.”- söyləyir...
Haqqında söhbət açdığım Sevil Nuriyeva 1973-cü ildə Gəncə şəhərində anadan olub. Bakı Dövlət Universitetinin jurnalistika fakultəsini bitirib. Türkiyədə beynəlxalq münasibətlər üzrə dissertasiya müdafiə edərək, müvafiq sahə üzrə fəlsəfə doktoru elmi dərəcəsinə yiyələnib. AzTv-də, 215 KL studiyasında, ANS-də müxtəlif sosial, siyasi və strateji xarakterli proqramlar hazırlayıb və təqdim edib. "Güzgü", "Nəzər Nöqtəsi", "Divan", "Xəbərdar", "Bu bizik", "Əks-səda", "Ötən Həftə", "Zərif çərşənbə", "Şənbə gecəsi Sevil Nuriyeva ilə" kimi bir sıra proqramların müəllifi və aparıcısı olub. Azərbaycanda çalışdığı illərdə bir sıra mükafatlara layiq görülüb. 1998-ci ildə CNN-də, 1999-cu ildə isə BBC-də proqram müəllifi kimi təcrübə keçib.
Hal-hazırda Türkiyənin "Star" qəzetində Qafqaz üzrə köşə yazarı kimi çalışır. Həmçinin Asiya Dialoqu İctimai Birliyinin həmtəsisçisi və sədri, Qafqaz mediya mərkəzinin rəhbəridir...
Deyir ki,- Jurnalistikada peşəkarlıq vacib amildir. Sualı peşəkarcasına verə bilsən, istədiyin məsələni elə gözəl tərzdə açmaq olar ki. Məsələn, bir insana birbaşa “sən oğrusan” deməyə ehtiyac yoxdur. Onun əməllərini suallarla elə açmaq, məlum etmək olar ki, adamın doğrudan da oğru olub olmaması üzə çıxar. Yəni “Oğrusan” deməyə eytiyac yoxdur. Bir dəfə, müsahibim, Amerikanın Azərbaycanda keçmiş səfiri Rino Harniş məndən öncədən sualları istədi, göndərdim. O, bir neçə sualı çıxarmışdı. Təbii ki, müsahibə zamanı mən o sualları verdim. Amma orada yazdığım kimi deyil, bir az daha başqa formada. O, müsahibənin sonunda mənə dedi ki, “Siz axı demişdiniz o sualları verməyəcksiniz”. Dedim ki, “Mən demokratik bir cəmiyyət istəyirəm, bunu da Amerikadan öyrənirik. Siz də senzura tətbiq etmək istəyirsiniz?!” Çox pərt olmuşdu və “Sağ ol” dedi. Dedi ki, “qəlbinizdə antidemokrat bir diplomat olaraq qalmaq istəməzdim...””
Bəli, peşəkarlıq hər bir sahədə mühüm amillərdən biridir. Sevil Nuriyeva da peşəkar jurnalistdir. Məhz öz peşəkarlığı və istedadı sayəsində Azərbaycanda tanınır və sevilir...
Avqustun 24-ü Sevil xanımın növbəti ad günüdür. Ona möhkəm cansağlığı, firəvan həyat, yaradıcılıq uğurları və həmişə SEVİLməyi arzulayıram...
Yeni yaşınız mübarək, Sevil xanım!
Elman Eldaroğlu
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN