ŞƏMSƏDDİN ƏLİYEV, HÜQUQŞÜNAS
(VIII hissə)
...Etiraf edim ki, polis orqanlarında çalışdığım müddət ərzində “həddini aşmaq” halları olurdu. Bunlar qaçılmazdı və “məcburi” olaraq baş verdiyindən polisin spesfik xidmətinə yad sayıla bilməzdi. Ekstremal situasiyalarda asayişin qorunması və təhlükəsizliyin təmin olunması üçün görülən tədbirlər kifayət etmədikdə və səmərə verməyəndə güc tətbiq etmək polis üçün mütləq, cəmiyyət üçün isə təhlükəsizlik “həbi” qədər vacib olur. Bütün dünyada belədir...
Atam ikinci dünya müharibəsində mərmi qəlpəsindən aldığı yaralar nəticəsində kontuziya olmuşdu. Ömrünün son günlərinə qədər səhhətindəki ciddi problemlər başındakı mərmi qəlpələrilə bağlıydı. “Ürəkkeçmə”si olurdu. Bu, elə bir hal idi ki, qəfil bədən titrəməsi atamı ətrafla təmasdan təcrid edir, heç nə dərk etməzdi. Bu zaman yalnız yanında olanlar dadına çata bilərdilər. Dadına çatan bir kimsə olmayanda isə həyatına real təhlükə yaranardı. Ona görə də gözləniləcək təhlükədən uzaqlaşmaq üçün qardaşlardan biri mütləq onunla bir yerdə çalışardılar. Mən dəfələrlə atamla bir yerdə olarkən bunun şahidi olmuşdum. Harayım ətrafı bürüyər, kömək üçün Xub Əli “Ağam”ı(biz onu belə çağırardıq) haraylardım. O, tez gəlib atamın baş tərəfində, ayaq üstə durub Quran oxuyardı. Bir neçə dəqiqədən sonra atam özünə gələr və bizə baxıb dərindən “vayy...” deyib ah çəkərdi. İmkansızlıqdan, həm də həkim qıtlığından onu harasa aparmağa qərar verə bilmirdik... Həzər o gündən ki, övlad lazım olanda valideynin karına bir işlə gələ bilmir. Biz övladlar, həmin durumda idik. Atamızın müalicəsi üçün bütün imkanlarımız qapanmışdı...
Atam həyatı, davranışı, əxlaqı və müdrikliyi ilə bizə çox şey öyrətdi. Amma mən və qardaşlarım atamdan artıq “böyüyə” bilmədik.
Atam və anam dünyasını dəyişəndən sonra dərdli gecələrimiz uzandı. Mənim, kiçik qardaşım Fəxrəddinin yetim və subay həyatı başlamışdı. Hərdən ötəri bulud tək dolub kövrələrdik. Yetimlik heç kəsə qismət olmasın... Zənnimcə tələbə həyatı qaçqın (köçkün) həyatından bir o qədər fərqlənmir. Harda gəldi qalar, harda süfrəyə dəvət etsəydilər bərəkətə ikram və şükür edərdik...
Allaha qulluq üçün xəlq edilmiş Adəm(ə,s) övladının həyatı iki əsas hissəyə ayrılır. Birincidə bu dünya üçün çalışır, ona daha yaxın və şirin olan həyat üçün gecə-gündüz çabalayır. İkincidə isə axirət üçün çalışmaq, sonrakı həyata qovuşmağı dərk etməkdir. Ağıllı adam həyatın bu iki dönəmində hansına daha çox üstünlük verəcəyini anlasa, bir inancın sahibinə çevrilər. O, həyatdakı əməllərinə görə o dünyada əvəzinin alacağına inanar. Belə insanlar nəfslərinə də sahib çıxa, ömrünün sonuna qədər özünü axirətə düzənləməyə sövq edə bilir.
Digər halda isə bunun fərqinə varmadan, o dünyanı inkar edənlərdir. Vay belələrinin halına.
Valideyinlərimi itirəndən sonra mənim üçün sanki qiyamət qopmuş, İsrafil (ə.s.) öz surunu-məhdud uzunluğda olan şeypurunu üfürmüşdü. Ağlamağın və üzülməyin yeri deyildi.
“Sənin sevdiklərin, itaət etdiklərin, səni boya-başa çatdıranlar artıq yoxdur. Bunu anlamaq çətin deyil!” -bir səs mənə təskinlik verirdi. Sonda yenə yuxarıda Allaha sığınıb çalışmaq lazım olduğunu düşündüm...
“Ölünü qəbr evinə qədər təqib edən var”...
Üç şey vardır ki, ölünü qəbrə evinə qədər təqib edir: Ailə üzvləri, malı, bir də əməli. Bunların ikisi-ailə üzvləri və malı qayıdır, əməli isə hesab sorulana qədər onunla qalır.
Rəvayət edirlər ki, qəbir əzabından çox qorxan şərq dünyasının zəngin tacirlərindən biri oğlanlarına: Məni torpağa-qəbr evinə ərməğan edərkən mənimlə məzarda bir gecə kim qalarsa, ona sərvətimin yarısını verərsiniz” - vəsiyyət edir. Vaxt-vədə yetişdikdə övladları atasını məzara hazırlayarkən “bir gecəlik yoldaşlığa” heç kimi tapmayanda hambalı razı salırar. Hambal “bir suttkadan sonra hamballığın daşını birdəfəlik atacağını və rahat həyat sürəcəyini düşünüb”, təkliflə razılaşır. Gecənin bir aləmində məzarda sorğu-sual başlayır. Sorğu-sual sahibləri qərara gəlirlər ki, ölü onsuz da burdadır, gedəsi yeri yox. İlk olaraq hambaldan başlayaq, sonra ölüdən hesab sorarıq. Hambalın belinə bağladığı ipin haradan, kimdən, nə üçün, neçiyə və kimdən alıb-suallarına cavab istəyirlər. Hambal bir ipə görə, bu qədər sorğu-suala məruz qaldığına və məsələnin ciddiliyinə şahid olduqda haray qoparmağa başlayır: “Məni azad edin, çıxardın burdan” və s. Qəbr açılır, hambal “azadlığa” çıxan kimi təklif edilən sərvətdən imtina edir. “Bir sutka ərzində belimdəki bir ipin hesabını verə bilmədim. Bu qədər malın hesabını necə verəcəyəm”-deyib, heç nə ummadan uzaqlaşır...
***
Valideyinlərimin itkisindən sonra qəzavü-qədərin bizdən yan keçməməsi, qardaş və bacılarımın, nakam gedən qardaş və bacı uşaqlarının “itkisi” və Sərhəd Xidmətinin Leytenantı Səbuhinin də xidməti vəzifəsinin icrası zamanı şəhid olması Allahın yazdığı qədərin təzahürüdür-düşünərdim. Bu mənada övliyalardan oxuduğum bir müdrik kəlamda deyildiyi kimi: “Qədər ağ kağız üzərində yazılan bir yazı. Gəl indi ayır, bu bəyazdan, o bəyazı “. Biləndə ki, bütün bunlar Kimdən gəlir, səbr etməkdən başqa çarə qalmır. Allah bizi bir daha istədiklərimizin itkisi ilə imtahana, sınağa çəkməsin. Amin!
Rəvayət edirlər ki, qardaş Türkiyənin sabiq prezidenti Turqut Ozal əziyyət çəkdiyi xərçəng xəstəliyindən qurtulmaq üçün klinikada əməliyyat olunur. Əməliyyatdan sonra şəxsi həkimi sutka ərzində pasiyentindən kənara bir addım da atmır. Həkim əməliyyatın özəlliyini və ağırlığını bildiyindən belə qərara almışdı. Bütün gecəni Turqut bəyin ağrıdan əziyyət çəkmədiyini, sızıldamadığını gördükdə təəccüb edir və pasientinə: Turqut bəy, heç ağrımadınız, ufuldamadınız?
-Yox, ağrıdım, taqətdən düşdüm, halım da yamandır. Amma biləndə ki, bu bəla haradan və Kimdəndir, sızıldamağın mənası və faydası varmı?!
Həkim heyrət edərək əllərini Rəbbin dərgahına uzadır: Uca Allah ağrılarına məlhəm qoysun, mənim həmişəyaşar Cumhur Başqanım! Tanrı Sizə yar olsun. Amin! deyərək ayrılır...
***
Bu dünya axırətin dən səpilən tarlasıdır. Dünyasını dəyişənlər yenidən bitəcəklər. Cadar-cadar olmuş torpaq yağmurdan sonra necə vəcdə gəlirsə, insan da öləndən sonra diriləcəyi mütləqdir. Ağıl sahibləri üçün bunlar Allahının qüdrət və hikmət nişanələrindəndir.
Dünyanın Allah qatında heç bir dəyəri yoxmuş. Çünki dünya insanı Allahdan uzaqlaşdırır. Hər an Allahı anlamaq və ona şükr etmək insanı Allaha yaxınlaşdıran inkar olunmaz dəyərlərdir. Atam da, Anam da hər an şükranlıqla, ibadətlə yaşamış, həmişə oruc tutmuşlar.
Hadisi Şərifdə buyurulur ki, daxmasına əl gəzdirən bir neçə şəxsin yanından Allah Rəsulu keçərkən soruşur: “Nə işlə məşğulsuz?” “Uçulub dağılan daxmamıza əl gəzdiririk, ey Allahın Rəsulu!”-cavab verirlər. Bundan sonra Rəsulullah yenə buyurur: “Əcəlin bu işdən daha sürətli olduğunu (düşünürəm.) düşünün.”
İnsan oğlu “malım, malım” -deyib, geyinib köhnəldiyi və yaxud yeyib qurtardığı malın gəlib-getməsində Allahı çox zaman görmür, ona şükr etmir. Zənn edir ki, bunu o qazanır. Sərvət və şöhrətə uyan bir insanın dininə vurduğu ziyan ac qurdların qoyun sürüsünə vurduğu zərərdən daha çoxdur- deyə Peyğəmbərimiz vurğulayıb.
İbrət üçün bir kiçik hekayəni də qeyd etmək yerinə düşərdi.
Allahın Rəsulu xurma lifindən hörülmüş həsir üstündə yatmışdı. Oyananda mübarək vücudunun yan tərəfində həsirin izləri qalmışdı. Ətrafı: Ey Allahın Rəsulu, bəlkə Sizə bir döşək düzəldək? O, isə: “Mənim dünya ilə bir əlaqəm yox. Mən bir yolçu kimiyəm, bir ağac altında dincələn yolcu. Sonra da, oranı yolçu tək tərk edib yoluma davam edərəm.”
İmam Əl-Buxari (Səhih ləqəbini o, hədislər üzrə külliyatını zünün “səhihi”nə - kitabında toplamasından sonra almışdır.) yazırdı: Axşam olub saleh əməlləri sonra edərəm-deyə sabahı gözləmə. Sabaha çıxanda da sonra edərəm - deyib, axşamı gözləmə. Sağlam olarkən xəstəlik dövrünü, yaşamaq üçün ömrün varkən də, ölümü düşünmək və ona hazır olmaq (hazırlıq görmək) lazımdır.
Dünya nemətlərlərinə qarşı insan nə qədər zahidpərəst (gözütox) davransa, xalqın malına, sərvətinə göz dikməsə Allah da, xalq da onu sevər.
Rəvayət edilir və şahid olanlar
var ki, Allahın Rəsulu bəzən bütün günü aclıqdan əziyyət çəkər, qarnını doydurmağa bir şey, adi bir xurma belə tapmazdı.
Bu mənada həmişə maddi imkanı bizdən az olanlara baxaq, imkanı bizdən yaxşı olanları nümunə götürməyək. Bu, Allahın bizə verdiyi nemətlərə xor baxmaq, nankorluq etməmək üçün məqsədə uyğun yoldur.
***
Atam aza qane olan ailə başçısı idi. Bir şeyin yoxluğuna deyil, ailənin ehtiyaclarını minimum ödəmək üçün çalışardı. Bizdən yaxşı dolananlara əhəmiyyət verməzdi.
Geyinəndə də daşıdığı paltarın keyfiyyətinə yox, təmiz və səliqəli geyinməsinə diqqət edərdi. Kənddən çox uzaq bir yerdə bacarığına uyğun iş düşəndə, onu başa vurmamış evə qayıtmazdı. Bu, bizi darıxdırsa da, atamı gözləməli olardıq. Bəzən zəhmətinə verilən qiymət onu sevindirərdi və bu zəhmət haqqından özünə, uşaqlarına nə isə almağa xəsislik etməzdi. Amma zəhmətini nisyə də verərdi və uzun zaman əvəzini ala bilməyəndə “qınamıram, yoxdur. Yoxun üzü qara olsun”- deyərdi. Bununla da istəyindən vaz keçərdi...
Xeyli vaxt idi ki, Cəlilabadda (o vaxt Astarxanbazar adlanardı) idi. Qayıdanda taxta bortlu “QAZ 51” markalı yük maşını ilə həyətə daxil oldu. Atamın xoş ovqatda olması açıq-aydın hiss olunurdu. Əhvalı yaxşıydı. Anam ömür-gün yoldaşını görcək adəti üzrə əlini Allahın dərgahına açıb ona həmd və şükranlıqla dualar etdi. Maşında həmin dövrdə çox qiymətli olan Cəlilabadın sarı buğdası-taxılı olan 10 kisəni bir-bir həyətə boşaldanda doğrusu mən də sevincimdən atılıb-düşdüm. Çörək qıtlığını yaşadığımdan “Qışı bəsimizdir”- deyə öz-özümə düşündüm. Atam halal zəhmətlə qazandığından özünə göy rəngli ikiqat sinəli kostyum və böyük qardaşım Zülfüqara bir ədəd qızıl qol saatı almışdı. Çox da dolu görkəmi olmayan atama ikiqat sinəli kostyum necə də yaraşırdı. Həmişə təmizlikdə atama oxşamaq istəmişəm. Böyük qardaşım Zülfüqar da səliqə-səhmanında bizə nümunə idi...
(Davamı var)