Casusluqda ittiham olunan ermənilər ifadə veriblər...
Casusluqda ittiham olunan ermənilər - Davtyan Davit Tiqrani və Sujyan Gevorg Rubenoviçin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə Gevorg Sujyanın istintaqa verdiyi ifadənin davamı elan edilib.
O, istintaqda ifadəsində deyib ki, sentyabrın 29-da Davit Davtyanla birlikdə görüşərək Qarabağa yollanıb:
"Yola çıxanda Davitə xüsusi xidmət orqanı ilə əməkdaşlıq etdiyimi dedim. Mən ona taprışıqları izah elədim. O da mənə Ermənistanın xeyrinə olan hər şeyi edəcəyini bildirdi. O da məlumatları toplayaraq Artaka ötürəcəkdi. Həmin gün avtomobilimlə yola çıxdıq. Gorusa gələrək, oradan Laçın dəhlizinə keçdik. Xankəndi şəhərində məskunlaşdıq. Orada hərbi qulluqçularla görüşdük və hərbi əməliyyatlarda iştirak etmək istədiyimizi dedik. Bizi qəbul elədilər və Xocavənd istiqamətinə apardılar. Orada hər ikimizə silah verdilər. Həmin silahlardan əlavə, partlayıcı maddələr və qumbaralar var idi. Biz ən yaxın təmas xəttində döyüşlərdə iştirak etmişik. Bizimlə döyüşdə olanlardan birindən snayper aldım və döyüşlərdə istifadə etdim. Mən və Davit Azərbaycan tərəfinin yerləşdiyi əraziləri, təxmini əsgər sayını Artaka göndərirdik. Məlumatları bəzən mən, bəzən də Davit atırdı. Artak bizə yeni tapşırıqlar verirdi. Tapşırıqlar ondan ibarət idi ki, azərbaycanlı hərbçilər yerini dəyişərsə, dərhal ona deyək. Bir müddətdən sonra İrəvana gələrək topladığımız məlumatları Artaka ötürdük. O, bizə Azərbaycan Silahlı Qüvvələrinin yerləşdikləri ərazilərə daha yaxın gedərək dəqiq məlumatları almamızı istədi. Biz Davitlə taprışıq əsasında yenidən döyüş bölgəsinə qayıtdıq. Xocavəndin Çarpar kəndi yaxınlığında döyüşlərdə iştirak etdik. Gecə qaranlıqdan istifadə edərək Davitlə birlikdə azərbaycanlı hərbçilərin yaxınlığına gedərək çəkilişlər apardıq. Artak bizə əsgər sayını daha dəqiq öyrənməyimizi dedi. Biz 28 nəfər azərbaycanlı hərbçini saydıq və məlumat verdik. Səhər açılana yaxın öz mövqelərimizə qayıtdıq".
Təqsirləndirilən şəxs istintaqda qeyd edib ki, İrəvana qayıdıb:
"10 noyabr bəyannaməsindən sonra Artak mənə zəng edərək kafeyə çağırdı. Mən Davitlə birlikdə ora getdim. O, Şuşada Azərbaycan ordusunun nə qədər hərbçisinin olmasını, texnikaların sayını və s. öyrənməyimizi, gizli şəkildə Şuşaya getməyimizi, məlumatları ona ötürməyimizi dedi. O, bizə Şuşanı geri qaytarmaq istədiklərini bildirdi. Biz də Ermənistan üçün bunu edəcəyimizi dedik. Biz noyabrın 11-də mülki geyimdə yola düşdük. Xankəndidə olanlara yardım aparmaq adı ilə yola çıxdıq. Sülhməramlıların yanından keçdik. Şuşaya 1 km. qalanda biz Xankəndi istiqamətinə olan yol ayırıcına girmədik, Şuşa istiqamətində irəlilədik. Maşını orada saxladıq. Piyada olaraq irəlilədik. Biz orada fotoşəkillər çəkirdik. Bu zaman Azərbaycan əsgərləri ilə rastlaşdıq. Onlar bizim kim olduğumuzu və burada nə etdiyimizi soruşdular. Həyəcanlı olduğumuzdan suallara cavab verə bilmədik. Onlar bizdən şübhələndikləri üçün bizi saxladılar".
Gevorg Sujyan istintaqa verdiyi ifadəni təsdiqləməyib.
Prosesin davamında digər təqsirləndirilən Davit Davtyan sərbəst ifadə verib.
O da Gevorg Sujyanla eyni məzmunlu ifadə verib.
Deyib ki, Gevorgla dostluq münasibəti olub və ona döyüşlər zamanı humanitar yardımlar aparmaqda köməklik edib:
"Müharibə zamanı əhaliyə, əsgərlərə yardımlar aparmışıq. Heç bir döyüşlərdə iştirak etməmişəm. 11 noyabrda Xankəndiyə gedən zaman Şuşada Azərbaycan ordusunun əsgərləri tərəfindən saxlanıldıq".
Davit Davtyanın da istintaqa verdiyi ifadə elan edilib.
O, istintaqa ifadəsində bildirib ki, 2011-ci ildə Hadrutda yerləşən hərbi hissədə əsgərlikdə olub:
"2013-cü ildən etibarən hərbi xidməti başa vurub, İrəvana qayıtmışam. 2020-ci ilin yazında Gevorg Sujyan ilə tanış olmuşuq və dostluq münasibətlərimiz yaranıb. 27 sentyabrda müharibə başladı. Gevorg mənə zəng edərək, müharibədə iştirak edib-etməyəcəyimlə bağlı sual verdi. Mən də Ermənistan üçün hər şey edəcəyimi dedim. Gevorg 1 ildən artıqdır ki, xüsusi xidmət orqanları ilə əməkdaşlıq etdiyini və Artak adlı şəxsdən tapşırıq aldığını dedi. Mən də Ermənistan üçün onunla razışladım. O, mənə tapşırıqları izah elədi. Tapşırıqlar ondan ibarət idi ki, biz həm döyüşlərdə iştirak edəcəkdik, həm də Azərbaycan ordusun mövqelərini, say tərkiblərini öyrənməliydik. Həmin məlumatları Artaka ötürməliydik".
Davit Davtyan istintaqdakı ifadəsinin davamında Gevorg Sujyanla eyni məzmunlu ifadə verərək qeyd edib ki, Xocavənd istiqamətində döyüşlərdə olublar və Azərbaycan ordusunun mövqelərini öyrənərək Ermənistan xüsusi xidmət orqanlarına ötürüblər.
Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsini təsdiqləməyib.
Proses iyulun 28-dək təxirə salınıb.