2012-ci ildə bu şirkət Ermənistan büdcəsinə 60 milyon dollardan çox vergi ödəyib
Alman–Azərbaycan Mədəniyyət Mərkəzi və Kölndəki Azərbaycan Evi ölkəmizin işğaldan azad edilmiş Zəngilan rayonundan keçən və Araz çayına tökülən Oxçuçayıın kütləvi şəkildə çirkləndirilməsində məsuliyyət daşıyan "Cronimet" alman şirkətinə sertifikat verən firmalara şikayət məktubu ilə müraciət edib.
Məktubda bildirilib ki, mədən sənayesi sahəsində fəaliyyət göstərən "Cronimet" şirkəti ferro-titan maddəsindən istifadə edir. Oxçuçaya tökülən sənaye tullantılarında da bu maddə aşkarlanıb. Bu maddədən istifadə etmək üçün hər bir şirkət sertifikat əldə etməlidir. "Cronimet" şirkətinin malik olduğu 7-8 sertifikatın 3-ü alman mənşəlidir. Oxçuçayın çirkləndirilməsi, ətraf mühit, flora və fauna, insan sağlamlığı üçün yaranmış təhlükəli vəziyyət bir daha göstərir ki, "Cronimet" şirkəti ətraf mühitin qorunması və ekoloji təhlükəsizlik qaydalarına əməl edilməsi ilə bağlı sertifikat verən şirkətlər qarşısında götürdüyü öhdəliklərə əməl etmir.
Soydaşlarımız yaranmış vəziyyətlə əlaqədar "Cronimet" şirkətinə sertifikat verən firmalardan müvafiq tədbirlər görməyi tələb ediblər.
Qeyd edək ki, Oxçuçay uzun illərdir ki, ekoloji terrora məruz qalır. Bu günlərdə Xəzər Universitetinin Coğrafiya və ətraf mühit departamentinin müdiri Rövşən Abbasov verdiyi açıqlamada, çayda vəziyyətin düşünüldüyündən daha pis olduğunu bildirib. Ekoloqun sözlərinə görə, bu çirklənməni təmizləmək, qarşısını almaq artıq mümkün deyil: “Şirkətlər öz mənfəətləri üçün işlərini görüb gediblər. Həmin ərazilərdə vəziyyət pisdir. Bu uzun dövr ərzində heç bir lazımi addım atılmayıb. Bunun nəticəsidir ki, Azərbaycan ərazisindən keçən Araz çayının 43 kilometrlik hissəsində mikroflora və mikrofauna məhv edilib və suyun tərkibindəki ağır metalların miqdarı normadan dəfələrlə çoxdur. Araz çayına birbaşa çirkab axıdılıb, metal filiz yataqlarının istismarında ekoloji tələbatın gözlənilməməsi Sərsəng su anbarında balıqların kütləvi qırğınına səbəb olub”.
“Bu bölgədə ABŞ, Kanada şirkətləri də işləyib.”
Ekoloq daha sonra bildirib ki, Almaniya şirkəti ərazini 2019-cu ildə tərk edib, amma həmin vaxta qədər bu şirkət orda yerləşən mis kombinatının 60 faiz payına sahib olub.
“Qızıl istehsalı zamanı ətraf mühitin ağır metallarla çirklənməsi baş verir, bu baxımdan Oxçuçayın çirklənməsi də istisna deyil. Hazırda həmin ərazidə işlər görülmür, amma çirklənmə prosesi davam edir. Təkcə 2011-ci ildə ərazidə 8,1 milyon ton filiz işlənib. 2015-ci ildə isə bu rəqəm 15 milyon ton olub. Bu filiz də ancaq tullantılardan ibarətdir.
2012-ci ildə bu şirkət Ermənistan büdcəsinə 60 milyon dollardan çox vergi ödəyib. Bunlar qısa müddətli işlərdir, amma ətraf çirklənən ətraf mühiti bərpa etmək asan məsələ deyil. Görünür, bu işlər həyata keçirilərkən ətraf mühitin təhlükəsizliyinə diqqət yetirilməyib. Bu bölgədə ABŞ, Kanada şirkətləri də işləyib”, - deyə ekoloq vurğulayıb.
JASMİN