Azərbaycanın xarici siyasətində Avropa ölkələrinin xüsusi yeri vardır. Avropa İttifaqına üzv olan böyük və nüfuzlu dövlətlərlə qarşılıqlı əməkdaşlıq daim inkişaf etdirilir, yeni istiqamətlər müəyyənləşdirilir. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, apardığımız uğurlu xarici siyasət nəticəsində  Azərbaycan dünyanın   bütün  güc mərkəzləri ilə  çox səmərəli, işgüzar, bərabərhüquqlu münasibətlər qura bilib. Bu münasibətlər qarşılıqlı inam, hörmət, bir-birinin daxili  işinə qarışmamaq prinsipləri əsasında  qurulur. Ölkəmizin uğurlu inkişafı üçün çox gözəl beynəlxalq mühit mövcuddur. Bu əminlik də ifadə edilir ki,   bundan sonra da  bu istiqamətdə  ardıcıl  siyasət aparacağıq.  Avropa İttifaqına üzv ölkələrin üçdəbir hissəsi ilə  Azərbaycanın strateji  tərəfdaşlığı haqqında sənədin mövcudluğu onu göstərir ki,  Azərbaycan Avropa üçün strateji əhəmiyyət  daşıyan ölkədir.

Prezident İlham Əliyevin  martın 13-də  Almaniya Federativ Respublikasına işgüzar səfəri,  səfər çərçivəsində keçirdiyi görüşlərdə müzakirə olunan məsələlər, səsləndirilən fikirlər də deyilənlərin  təsdiqidir. Belə ki, dövlət başçısı İlham Əliyevin Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer, eyni zamanda,  Almaniya  Kansleri Olaf Şolts ilə təkbətək və geniş tərkibdə görüşləri, səfərin mahiyyətini, iki ölkə arasında əlaqələrin gələcək inkişafını açıqlayan mətbuata bəyanatları diplomatik münasibətlərinin 30 ilini arxada qoyan Azərbaycan-Almaniya əlaqələrinin hazırkı inkişaf səviyyəsinə aydınlıq gətirir. Almaniya rəsmiləri  Azərbaycanı daim ənənələri olan ölkə kimi dəyərləndirirlər. 2018-ci ildə dövlət başçısı İlham Əliyevin Belçika Krallığına səfəri zamanı Azərbaycanla Avropa İttifaqı arasında imzalanan “Tərəfdaşlıq prioritetləri” adlı sənəd həm qurumla, həm də quruma üzv dövlətlərlə, o cümlədən Almaniya ilə ölkəmizin  münasibətlərində  yeni səhifə açdı.

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə Tezadlar.az-a açıqlamasında bildirib.

V.Rəhimzadə vurğulayıb ki,  Almaniya Azərbaycanın Avropada ən vacib siyasi-iqtisadi tərəfdaşlarından biridir: “Bu reallıq dövlət başçısı İlham Əliyevin  səfər çərçivəsində Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşündə, həmçinin Azərbaycan Prezidenti ilə Almaniya Kansleri Olaf Şoltsın mətbuata birgə bəyanatlarından sonra media nümayəndələrinin suallarını cavablandırarkən də diqqətə çatdırıldı. 30-a yaxın almaniyalı iş adamı ilə iki saata yaxın davam edən  görüşdə ölkəmizdə mövcud biznes imkanlarından geniş bəhs olundu. Dövlət başçısı İlham Əliyev Almaniya iş adamlarını  Azərbaycana dəvət etdi. Bildirdi ki, hazırda ölkəmiz  yeni inkişaf dövrünü yaşayır. İşğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Dövlət başçısı İlham Əliyev ilk gündən dost ölkələrin bu prosesdə iştirakına xüsusi önəm verildiyini diqqətə çatdırmışdır. Almaniya şirkətləri işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərində iştiraka maraq göstərir və artıq bununla bağlı müraciət ediblər”.

YAP Xətai rayon təşkilatının sədri bildirib ki, hazırkı dövrün əsas çağırışları sırasında bərpa olunan enerji mənbələrinə investisiyaların yatırılması olduğundan  dövlət başçısı İlham Əliyev almaniyalı iş adamları ilə görüşündə ölkəmizin bu sahədə mövcud imkanları barədə də ətraflı məlumat verdi: “Bildirdi ki, təkcə Xəzər dənizinin külək enerji potensialı 157 qiqavata bərabərdir və artıq bir neçə kontrakt imzalanıb. Belə bir əminlik ifadə edildi ki,  gələcəkdə Azərbaycan Avropaya təkcə təbii qaz yox, yaşıl enerjini də ixrac edən ölkəyə çevriləcək. Bütövlükdə ölkəmizin Almaniya ilə iqtisadi əlaqələri yüksələn xətlə inkişaf edir. Enerji sektorunda əməkdaşlığın inkişaf səviyyəsi göz qabağındadır. Ötən ilin iyulunda Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin ölkəmizə səfəri çərçivəsində Azərbaycan ilə Avropa İttifaqı arasında  enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanması ümumilikdə üzv dövlətlərlə  bu sahədə əlaqələrin inkişafına stimul verəcək”.

V.Rəhimzadə vurğulayıb ki, Azərbaycan-Almaniya siyasi əlaqələri yüksək səviyyədədir. Prezident İlham Əliyevin indiyədək Almaniyaya iki rəsmi, 11 işgüzar səfəri olub. Səfərlərin hər biri münasibətlərdə yeni səhifənin açılması deməkdir: “Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, qarşılıqlı səfərlər, eyni zamanda, bu səfərlər zamanı münasibətlərin inkişafı üçün möhkəm hüquqi baza olan sənədlərin imzalanması əməkdaşlığın genişləndirilməsinə öz töhfələrini verir.  Almaniya Azərbaycanı Cənubi Qafqazda vacib tərəfdaş kimi qəbul edir, ölkəmizin regionda lider mövqeyini, həmçinin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini və ərazi bütövlüyünü tam dəstəkləyir. Bu fikir Almaniya Kansleri tərəfindən də xüsusi qeyd edildi ki, Azərbaycan həm Almaniya, həm də Avropa İttifaqı üçün əhəmiyyətli tərəfdaşdır. Azərbaycanın  həm Almaniyanın, həm də Avropa İttifaqının enerji təchizatı üçün böyük potensialı mövcuddur”.

YAP Xətai rayon təşkilatının sədri bildirib ki, dövlət başçısı İlham Əliyev keçirdiyi bütün görüşlərdə, mətbuata bəyanatında, media nümayəndələrinin suallarını cavablandırarkən əsas diqqət göstərdiyi məsələlərdən biri də təhlükəsizlik məsələsi oldu: “30 illik işğal və postmünaqişə  dövrünün reallıqları barədə geniş məlumat verən Prezident İlham Əliyev bu fikri xüsusi qeyd etdi ki, vaxtilə Qarabağı Ermənistan kimi tanıyan Ermənistan rəhbərliyi sülh şansını itirmişdir. 2019-cu ildə Ermənistanın bugünkü baş naziri demişdi ki, “Qarabağ Ermənistandır və nöqtə” və bu, faktiki olaraq sülh danışıqlarına vurulan ən böyük zərbə idi. 44 günlük Vətən müharibəsi zamanı biz sübut etdik ki, Qarabağ Azərbaycandır və nida işarəsi. Biz bu nida işarəsini 2020-ci il noyabrın 8-də Şuşada qoyduq. İndi isə sülhün zamanı çatıbdır. Biz Ermənistana sülh təklif etmişik, 5 prinsip əsasında sülh müqaviləsini təklif etmişik. Ümid edirəm ki, Ermənistan bu şansı qaçırmayacaq, nəhayət Cənubi Qafqazda sülh və əməkdaşlıq dövrü başlayacaq. Almaniya Kansleri də mətbuata bəyanatında sül müqaviləsinin tezliklə imzalanmasının  vacibliyini diqqətə çatdırdı”.

V.Rəhimzadə qeyd edib ki, ümumilikdə səfər  Azərbaycan-Almaniya etibarlı tərəfdaşlığının hərtərəfli və yüksələn xətlə inkişafının əyani göstəricisidir: “Bu səfər bütün sahələr üzrə əməkdaşlığın daha yüksək səviyyəyə qaldırılmasına əhəmiyyətli təkan verəcək, gələcək inkişaf üçün böyük perspektivlər açacaq. Diplomatik münasibətlərimizin qurulmasından sonrakı onilliklər ərzində dövlətlərarası əlaqələrimizin dinamik inkişaf etməsi, siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığımızın genişlənməsi məmnunluq doğurur. Hazırda qarşılıqlı faydalı tərəfdaşlığımızın daha da inkişaf etdirilməsi üçün geniş imkanlar vardır.  Azərbaycan ilə Almaniya arasında istər ikitərəfli qaydada, istərsə də Avropa İttifaqı çərçivəsində fəal əməkdaşlıq əlaqələri bundan sonra da xalqlarımızın və ölkələrimizin rifahına xidmət edəcək”.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN