Bəs ictimai rəy nəyə köklənib???

…Tarixi yaxşı öyrənmədən və tarixi şəraiti doğru qiymətləndirmədən hadisələrə düzgün və ədalətli qiymət vermək çətin məsələdir!

Məsələ belədir: Naxçıvan şəhər rəhbərliyi Nəriman Nərisanovun büstünün götürülməsinə göstəriş verib. Məsələ ictimaiyyətdə və ziyalılar arasında birmənalı qarşılanmayıb. Bu məsələnin də daha çox müzakirə olunduğu sosial mediada kimi bunu doğru addım kimi qiymətləndirir, daha böyük çoxluq isə bu hərəkəti qınayır. Və belə bir qızğın müzakirənin sonunda bəlli olur ki, sən demə, şəhər rəhbərliyi bunu təmirlə bağlı etdiyini bildirib…

Amma tələskənlər qərarını vermiş, Nərimanovu az qala «xalq düşməni» çıxarmışlar.

***

Tanınmış yazıçı-dramaturq Firuz Mustafa isə özünün facebook səhifəsində belə bir status paylaşıb: «Nəriman Nərimanovun tarixi missiyasını bilməyənlər onun həykəlinin dağidılmasını az qala atəşfəşanlıqla qarşılamaqdadır. Sanki o dağıdılmış heykəlin yerində bunların atalarının heykəli qoyulacaq. Amma və lakin... Axı bu sevinən kəslərin də əksəriyyərinin valideynləri kommunist (bolşevik) olub. Belələrinin anlamından belə çıxır ki, ölkədəki az qala bütün heykəllər götürülməlidir. Zira heykəlləşənlərin əksəriyyəti kommunist olub... Elə o heykəlləri yapan heykəltəraşlar da düşmən elan edilməlidir?! Hələ həmin heykəllərin qoyulması barədə sərəncam imzalayanları demirəm... Onların da hamısı kommunist olub... P.S. Bilirəm, bir çoxu yazacaq ki, Nərimanov satqın olub, başda olub və s. Nərimanovunsa xalq qarşısında dili qısa olmayıb. Bəli, bütün dahilər kimi onun da səhvləri olub... Ricam bu: gedin onun həyat və fəaliyyətini təzədən öyrənin».

F.Mustafanın bu qənaətinə çoxsaylı şərhlər var. Böyük əksəriyyət onunla həmfikirdir. Bəziləri əksini düşünür. Aşağıda bu şərhlərin bəzilərini təqdim edirəm:

-Xəyal Bünyadzadə: -Təşəkkürlər ziyalı mövqeyinə görə. Nərimanovun torpaq satdığını iddia edənlər heç əsaslandıra bilmirlər ki, necə torpaq satıb? Deyirlər Dağlıq Qarabağı ermənilərə verib. Necə verib ki, Dağlıq Qarabağ indi də Azərbaycanın ərazi bütövlüyünün bir hissəsi kimi tanınır beynəlxalq ictimaiyyət tərəfindən? Deyirlər, Zəngəzuru verdi? Zəngəzurun Cümhuriyyət ərazisi olmağı ilə bağlı de- yure tanınma yoxdur hardasa. Faktiki nəzarət isə gah Cümhuriyyət ordusunda olurdu, gah daşnaklarda. İngilislərin təzyiqi ilə faktiki daşnakların nəzarətində olan Qərbi Zəngəzur üzərində Sovet Ermənistanının torpağı olması məsələsi hüquqi anlamda tanındı. Bu məsələ barəsində Mehmet Perincekin "Rus devlet arşivinden 100 belgede erməni məsələsi" kitabı var. Orda qeyd edilir ki, Zəngəzur məsələsində ingilislərin təzyiqi olub. Çünki daşnaklar əl çəkmirdi. Bolşeviklərin hökumətini tanımayıb qiyam edirdilər Zəngəzurda. Leninin teleqramında da vardı ki, ingilislər güclü təzyiq edir. O vaxt Türkiyə ilə Rusiyanın daşı yaxşı idi, əksinə, daşnakların olduğu bir dəhlizdənsə, Zəngəzurun Azərbaycanda olmağı sərf edirdi Rusiyaya. Nərimanov sonra misal üçün, Qaxı, Zaqatalanı Azərbaycana qaytarıb. Çünki de- yure tanınan Gürcüstanın Antantaya təqdim etdiyi xəritədə hər ikisi var idi. Və Qarabağ məsələsində Əliheydər Qarayev DQ-nin Ermənistana verilməyinə yox, Azərbaycan tərkibində muxtariyyətinə səs vermişdi. Onların arasında Qarabağ məsələsinə görə yox, iqtidar məsələsinə görə mübahisə olub. Nə vaxtsa arxivlər təmiz açılsa onda bilinəcək ki, elə nəinki Nərimanov,  digər milli bolşeviklərimiz də satqın olmayib.

Zamin Rüstəmbəyli: -Firuz müəllim, bununla bağlı Vilayət müəllimin də bir paylaşımı gözümə dəydi.

Məsələ burasındadır ki, Azərbaycanın başı bəlalı taleyində "kaş ki"lər həddən artıq çoxdur. Nəriman Nərimanov da süddən çıxmış ağ qaşıq olmaylb. Ancaq təbii ki, o dövrki tarixi şəraiti, o dövrki məcburiyyətləri düşünsək, bu insan hər halda xalqına bacardığı qədər xidmət edib, nəyisə fəda edib. O ki qaldı onun heykəllərinin götürülməsi, adının götürülməsi və sairə işlərə. Axı aydın məsələdir ki, bu cür göstərişlər yuxarıdan gəlir. Kim özbaşına durub haradansa bir heykəli götürmək istəyər? Nərimanov kinoteatrı bir zamanlar vardı, indi isə yerli-dibli sökdülər, yerində «Baku Electroniks» mağazası durur. Nərimanov parkı bir zamanlar vardı, büstü də girişində qoyulmuşdu, indi o parkın özü qalsa da, yeri gəlmişkən, çox baxımsız bir vəziyyətdə, lakin önündəki Nərimanovun büstünü götürüblər. Park da qalıb adsız. Bir az keçəcək, Nərimanov rayonunun adı da dəyişiləcək, onun adına olan metro stansiyasının adı da dəyişiləcək və sairə və ilaxır…

İsgəndər Allahverən: -Ötəri düşüncə ilə heç nəyə yaramayanların cavabını N.Nərimanov öz “Nadanlıq” əsərində çox dəqiq verib!

 Oktay Mamedov: -Firuz Mustafa müəllim! Zənnimcə, rəhmətlik Bəxtiyar Vahabzadənin bu misraları ELƏLƏRİNƏ ən yaxçı cavabdır:

"…Babək söy köküylə bizdən deyilmiş,

Xətai islamı ikiyə bölmüş,

Fətəli Allahsız, Vaqif baz idi,

filankəs azacıq qumarbaz idi,

Gecəli gündüzlü Hadi dəm idi,

O əyyaş, bu fərsiz, o bigam idi,

Biri qərəzkardır, biri xəsisdir,

Bu ondan yaxşıdır, o bundan pisdir,

Natavan beləydi, Həcər eləydi,

Böyüklər önündə o bir köləydi,

Rəhmət demirik, amma bir kərə,

milləti ucaldan rəhmətlilərə...

Bir deyən yoxmudur,

Pəki SƏN KİMSƏN?!

Danış, bu Millətə nə gətirmisən?!

Sən böhtan atdığın bu böyüklərin,

Yüzdə biri qədər nə iş görmüsən?!"

İlham Süleymanoğlu: -Müəllim, sözünüzə qüvvət, 90-cı illərin əvvəllərində avtobusda bir iş yoldaşımızın məşhur professor atasının dəfnindən yas yerinə qayıdırdıq. Gənclər arasında qızğın mübahisə gedirdi, onlar ölkəmizin keçmiş kommunist rəhbərlərini, o cümlədən Nəriman Nərimanovu o ki var pisləyirdilər. Birdən arxada əyləşmiş tanımadğım ağsaçlı yaşlı bir kişi söhbətə müdaxilə etdi: ”A bala, bəsdir, keçmişimizə daş atdınız, Nərimanovun da, onun silahdaşlarının da ruhlarını dinc qoyun, pisdilər, yaxşıdılar, hər nədilər, bizim ata-babalarımızdılar, əslini danan haramzada olar, tariximizi yaxşı öyrənin, amma keçmişə yox, gələcəyə baxın”. Cavanlar bu sözdən sonra sakitləşdilər. Sonradan öyrəndim ki, tanımadığım həmin o nurani kişi akademik Budaq Budaqovdur.

Məzahir Süleymanov: -Nərimanov Azərbaycanın DAHİ ŞƏXSİYYƏTİDİR. Doktor Nərimanov öz xalqı üçün mümkün olanları etdi. Nərimanovdan danışanda mütləq onun yaşadığı mühiti nəzərə alın. Oğluna məktubunda Nərimanovun etirafları, onun nə qədər ləyaqətli insan olduğunu göstərir.

Hafiz Mirzə: -Nəriman Nərimanov sağlığında çox böyük haqsızlıqlar görmüşdü, indi bu nədir ki!? Vaxtı ilə o kişi “Nadanlıq” əsərini yazmışdı... Həm də, sanki bu günləri görərək yazmışdı. Bu nadanlar yəqin ki, onun bütün əsərlərini və “Ulduzlar sönmür” filmini də meydana töküb yandıracaqlar. Zatən “proletkultçu”ların nəvələrindən başqa şey gözləmək olmaz.

 Əzim Cabbarov: -Onun heykəli bizə çox söz deyir. Ermənilər heykəlin qoyulmasına qəti etiraz edirdi. Ən çox da Şaumyanın oğlu. Ona gorə də yeganə heykəldir ki, postamenti özündən 2 dəfə kiçikdir. Müqayisə üçün Nizaminin, Səməd Vurğunun və Cəfər Cabbarlının heykəllərinə baxmaq kifayətdir. Kirovun heykəlindən hündür ola bilməzdi. Əgər Nərimanov ermənilərin dediyi kimi qatı türk millətçisi olubsa, biz niyə onların dəyirmanına su tökməliyik?».

 Beləliklə, sosial şəbəkələr bu cür müzakirələrlə aşıb-daşarkən məlum oldu ki, sən6 demə, Naxçıvan Şəhər İcra Hakimiyyəti yerli mətbuata büstün götürülməsinin səbəbinin təmir işləri ilə əlaqəli olduğunu deyib.

***

SONDA: Məncə, görkəmli dövlət xadimi Heydər Əliyevin bu çıxışı bütün müzakirələrə və söz-söhbətlərə ən tutarlı, hüquqi cavabdır: “…1970-ci ildə Nərimanovun anadan olmasının 100 illik ildönümünü qeyd etmək lazım idi. Lakin millətçi ermənilər Sov.İKP MK-ya məktublar yazaraq Nərimanovun bir millətçi olduğunu, bir çox xətalar elədiyini və 100 illik yubileyinin keçirilməsinin gərəksiz olduğunu söyləyirdilər. Nərimanovun heykəlini ucaldarkən nə əziyyətlər çəkdik”.

Əlavə şərhə ehtiyac varmı?!

Asif MƏRZİLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
Min aya dəyən ömür
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN