Ekologiya və Təbii Sərvətlər Nazirliyi ağaç kəsilməsi barədə şikayəti araşdırdı və...

Bakı şəhəri, Maqsud Əlizadə küçəsi 17 ünvanında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət yerində araşdırılıb.
Xidmət rəsmisi Vaqif Cavadov bildirib ki, aerokosmik görüntülər əsasında tikinti işləri aparılan ərazidə 2 ağacın götürülərək məhv edildiyi müəyyən olunub.
“Hazırda torpaq mülkiyyətçisinin və təqsirkarların müəyyən olunması istiqamətində araşdırmalar davam etdirilir”. Nazirlik rəsmisi yaşıllıqlara qayğı ilə yanaşan, onların mühafizəsinə həssas münasibət göstərərək nazirliyə məlumat verən ictimaiyyət nümayəndələrinə təşəkkürünü bildirib.

Qeyd edək ki, ETSN-ə vətəndaşlar tərəfindən ağacların quruması, kəsilməsi, yaxud onlara lazımı qulluq edilməməsi səbəbindən məhv olması barədə ardıcıl şikayətlər daxil olur. Bunu nazirliyin mətbuata verdiyi açıqlamalarda da görmək olur. Məsələn, bu günlərdə Xətai prospekti, Bakı Dəmiryol Vağzalının yaxınlığında ağacların dibinin asfaltlanması ilə bağlı nazirliyə daxil olan şikayət araşdırılmış və sözügedən ünvanda, yol kənarında xeyli sayda ağacın dibinin asfaltla örtüldüyü müəyyən edilmişdi. Və dərhal  ağacların dibinin asfaltdan təmizlənməsi və onlara aqrotexniki xidmətin göstərilməsi məqsədilə 37 saylı Mənzil Kommunal İstismar Sahəsinə məcburi göstəriş verilmişdi.

Yaxud Sumqayıt şəhəri, Heydər Əliyev prospekti 206/208 ünvanında ağacların kəsilməsi ilə bağlı şikayət araşdırılmış,
sözügedən ünvanda gecə saatlarında 4 ağacın kəsildiyi və təbiətə 2640 manat məbləğində ziyan dəydiyi müəyyən edilmişdi.
Faktla bağlı akt tərtib olunmuş, təqsirkarların müəyyən olunması üçün toplanmış sənədlər hüquq-mühafizə orqanına göndərilib. Kəsilmiş ağacların yerinə isə yeniləri əkilib.

Belə faktlar onlarladı. Göründüyü kimi, vətəndaşlar bu kimi qanunsuzluqlara, təbiətə qarşı törədilən acımasız rəftara, şəxsi mənafeyi naminə ağacların kəsilməsinə rəvac verənlərə, qurumasına göz yumanlara,..  qarşı biganə deyillər. Ekologiya və Təbii Sərvətlər Nazirliyi ardıcıl olaraq yeni yaşıllıqların salınması üçün müxtəlif təşkilatlar və qurumlarla birgə ağacəkmə kampaniyaları aparır, digər tərəfdən isə ağaclara, yaşıllıqlara qənim kəsilənlər tapılır. Hətta bir zamanlar Xətainin sabiq icra başçısı Razim Məmmədovun adı mətbuatda ən çox ağac kəsilməsinə rəvac vermiş məmur kimi  daha çox çəkilirdi və gündəmdən düşmürdü.

Yəqin ki, yaşıllığa qənim kəsilənlərə qarşı mübarizədə  ictimai qınaq, vətəndaşların diqqətli davranışı, laqeyd münasibət bəsləməmələri də daha çox dəstək verəcək. Ağac əkmək, yaşıllıq sahələri salmaqla bərabər, onları qorumaq da hər bir vətəndaşın insanlıq borcudur.

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN