“Azərbaycanda tibb elminin inkişafında xüsusi xidmətlər göstərmiş görkəmli oftalmoloq alim, akademik Zərifə xanım  Əliyeva zəngin mənəviyyata sahib əsl ziyalı kimi mənalı ömür yolu keçmişdir. Görkəmli oftalmoloq alim səmərəli elmi fəaliyyəti ilə ölkəmizdə tibb sahəsinin inkişafına əhəmiyyətli töhfələr vermişdir. Alimin oftalmologiyanın aktual məsələlərinə dair uzunmüddətli araşdırmalarının uğurlu nəticəsi olan sanballı əsərləri həmişə yüksək səviyyədə qiymətləndirilib.

Azərbaycanda oftalmologiya məktəbinin ilk tədqiqat mərkəzi olaraq ixtisaslaşdırılmış elmi-tədqiqat laboratoriyası məhz akademik Zərifə Əliyevanın təşəbbüsü ilə yaradılmışdır. Zərifə Əliyeva respublikada yüksəkixtisaslı kadrların hazırlanması işinə gərgin əmək sərf etmiş, gənc alimlərin və həkim-oftalmoloqların böyük bir nəslini formalaşdırmışdır. Zərifə xanım Əliyevanın adı hər zaman böyük fəxrlə,  qürur hissi ilə çəkilir.  Əməlləri ilə insanlığın zirvəsində dayanan Zərifə xanım yalnız peşə borcunu yerinə yetirməklə kifayətlənməmiş, torpağını, xalqını, Vətənini sevən bir vətəndaş kimi  üzərinə düşən vəzifələrə layiqincə  əməl etməyə, yaşadığı illəri silinməz izləri ilə  ictimaiyyətə təqdim etməyə, ən əsası sağlığında əfsanəyə çevrilərək yaratdığı məktəbdən  neçə-neçə nəslin bəhrələnməsinə çalışmışdır.  Gözlərə nur paylayaraq insanları yenidən həyata bağlayan Zərifə xanım seçdiyi peşəsinin dərinliklərini öyrənməklə,  yeni müalicə metodlarını araşdırmaqla  bu prinsipi fəaliyyətinin əsasına çevirmişdir: “Gözlər qəlbin aynasıdır” deyirlər. Bu aynanın daha da şəffaflaşması üçün Zərifə xanım əldə etdiyi biliklə, təcrübə ilə kifayətlənməyərək daim yeniliklər axtarışında olmuşdur. Azərbaycanda traxomanın kökünün kəsilməsini qarşısına məqsəd qoyan Zərifə xanım Əliyeva bu problemin nə qədər çətin və mürəkkəb olduğunu çox yaxşı bilirdi. Bu səbəbdən Zərifə xanım təhsilini Moskva şəhərində Ümumittifaq Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda davam etdirmiş və ixtisasartırma kursunu müvəffəqiyyətlə başa çatdırdıqdan sonra Vətənə qayıtmışdır. O, 1949-cu ildə Azərbaycan Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi kimi fəaliyyətə başlayan Zərifə Əliyevanın uğurlu tədqiqatlarının nəticələri 1960-cı ildə müdafiə etdiyi “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyanın əsasını təşkil etmişdir. Bu sahə üzrə ixtisaslaşaraq, tibb elmləri namizədi dərəcəsinə yüksələn Zərifə xanımın təklif etdiyi müalicə metodu tezliklə bütün respublikada tətbiq edilir və ölkəmiz bu xəstəlikdən xilas olur. Buna görə də Azərbaycanda traxomanın sosial xəstəlik kimi ləğvi məhz Zərifə xanım Əliyevanın adı ilə bağlıdır”.

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

V.Rəhimzadə vurğulayıb ki, Zərifə xanım Əliyeva oftalmologiya tarixinə zəngin səhifələr yazıb. Onun səhiyyənin inkişafına verdiyi töhfələr, bu sahədə böyük xidmətləri  daim yüksək dəyərləndirilib: “Görkəmli alimin qazandığı hər bir titul böyük səylərin, yorulmaz və fədakar zəhmətin, insanlara sonsuz sevginin nəticəsi idi. Zərifə xanım SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülmüş ilk qadın alimdir. Zərifə xanım Əliyevaya insanların sevgisini şərtləndirən əsas amil mərhəmət, xeyirxahlıq, vətənpərvərlik kimi ali dəyələrin vəhdətini fəaliyyətində birləşdirməsi idi”.

YAP Xətai rayon təşkilatının  sədri bildirib ki, Zərifə xanım Əliyeva  elmi fəaliyyəti ilə yanaşı, qayğıkeş ana, vəfalı ömür-gün yoldaşı kimi də bir nümunə yaratmışdır: “O, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin ömür-gün yoldaşı olaraq daim dahi liderə dəstəyini göstərmişdir. Nəticədə bu xoşbəxt ailənin hər bir üzvü  dövlətə, xalqa  xidməti fəaliyyətinin əsas prinsipinə çevirərək  böyük məktəb yaratmışdır.  Dahi şəxsiyyət Heydər Əliyev  ömür-gün yoldaşı ilə bağlı xatirələrində bildirmişdir ki, Zərifə xanım kimi həyat yoldaşım olduğuna və məhz o, ailəmdə çox yüksək  mənəvi mühit yaratdığına görə  həmişə özümü xoşbəxt hiss etmişəm. Ümummilli Lider, eyni zamanda, bildirmişdir ki, Zərifə xanım  çox böyük alim olub. O, çox istedadlı,  xeyirxah,  sadə  insan idi.

Zərifə xanım Əliyeva Azərbaycana qalibiyyət sevincini yaşadan  möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin anasıdır. Heydər Əliyev və Zərifə Əliyeva məktəbindən bəhrələnən  Prezident İlham Əliyev hər bir uğurunun təməlində  milli ruhun, vətənpərvərlik ruhunun əsas amil kimi dayandığını  məqsədyönlü və titanik fəaliyyəti ilə bir daha təsdiqləyir.

Bu gün Zərifə xanım Əliyevanın yüksək humanizm və insanpərvərlik ənənələrini Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, birinci xanım Mehriban Əliyeva davam etdirir.  Mehriban xanım Əliyeva Heydər Əliyev irsinin təbliği məqsədilə yaradılan Heydər Əliyev Fondunun prezidenti kimi dahi şəxsiyyətin xidmətlərinin  gənc nəslə çatdırılmasında  biri-birindən önəmli layihələrin müəllifidir. Prezident İlham Əliyev Zərifə xanımı dərin ehtiramla  xatırlayaraq bildirir: “Onun bütün fəaliyyəti, gördüyü bütün işlər insan amilinə dayanırdı. Çünki o, həm peşəkar həkim, eyni zamanda çox xeyirxah insan idi. Böyük Lider, Ulu Öndər Heydər Əliyevin ömür-gün yoldaşı olan Zərifə xanım bütün işlərdə ona dayaq olur, onu dəstəkləyirdi. Hər bir insan üçün valideynləri əziz və müqəddəsdir. Mən çox xoşbəxtəm ki, Zərifə xanım kimi anam olmuşdu.” Zərifə xanım bir həkim, alim və vətəndaş kimi bütün ömrü boyu xalqı üçün çalışdı,  bir qadın və ana kimi ideal obraz yaradaraq xalqın qəlbində daim yaşayır,  ehtiramla yad edilir”.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN