Lənkəranın təhsil müəssisələrində qoyulan transformatorlar artıq neçə illərdir tam yararsız vəziyyətdədir. Üstəlik də, bu transformatorlar insanların həyatı üçün təhlükə saçır.
Bu barədə Lənkəran şəhərindən "Təzadlar"ın elektron poçtuna daxil olan şikayət məktubunda bildirilir. Qeyd olunur ki, Lənkəranın bir çox təhsil müəssisələrində "Azərişıq" ASC-nin mövcud olan transformator məntəqələri texniki normalara cavab vermir: "Qapıları olmayan, sökülmüş, ölümsaçan, texniki normalara uyğun olmayan transformator məntəqələri yeni tədris ilində uşaqlar üçün sözün əsl mənasında təhlükə mənbəyidir. Təhlükəsizlik üçün qıfıl əvəzinə isə paslı məftillərdən istifadə olunub. Məntəqələrin ətrafında qoruyucu baryer hasarlar, ümumiyyətlə, yoxdur. Qəzalı vəziyyətdə olan transformator məntəqələrində narkomanlar yuva salıb. Təbii olaraq çox maraqlıdır, bu işlər üçün ayrılan pullar hara və kimlərin cibinə gedib? "Azərişıq" ASC rəhbərliyinin Lənkəranda baş verən bu biabırçılıqdan xəbəri varmı?"
Söhbət Lənkəran şəhər Azər Məhərrəmov adına 7 nömrəli tam orta məktəbdən, Lənkəran Peşə Liseyindən, Lənkəran şəhəri R.Məmmədov adına 5 nömrəli tam orta məktəbdən, Lənkəran şəhəri M.Bağırov adına 1 nömrəli tam orta məktəbdən və Lənkəran şəhər V.Əliyev adına 4 nömrəli humanitar təmayüllü məktəb-liseydən gedir.
Məsələ ilə bağlı mətbuata açıqlama verən "Azərişıq" ASC-nin mətbuat katibi Vaqif Aydınoğlu bildirib ki, bütün regionlarda yenidənqurma və təmir-bərpa işləri aparılır: "O cümlədən, Lənkəran rayonu ərazisində son bir neçə ay ərzində orta ümumtəhsil məktəblərinin ərazisində və təhsil ocaqlarına yaxın ərazilərdə yerləşən transformator məntəqələrində yenidənqurma işləri görülür. Bəzi hallarda isə həmin ərazilər KTM-lərlə təmin edilir".
V.Aydınoğlu onu da qeyd edib ki, hazırda 6 təhsil ocağının ərazisində təmir-bərpa işləri görülür və yeni tədris ili başlayanadək bütün işlər yekunlaşacaq.
E.ŞİRİNOV