Şəhid atası Prezidentdən kömək istəyir
Göyçayın Üngütlü kənd sakini, şəhid atası Nadirov İlyas Şirməmməd oğlu dövlət başçısına müraciətində rayonda özbaşınalığın baş alıb getdiyini yazır. Bildirir ki, rayonda həll edilməyən problemlərə görə sakinlər çox əziyyət çəkir.
Müraciətdə daha sonra deyilir: "Mən Vətən müharibəsində şəhid olmuş Fərid Nadirovun atasıyam. Fərid yeganə övladım idi. Övlad itkisi ürəyimi parçalayır. Üstəlik də, yaşadığım Üngütlü kəndində içməli suyun olmamasına görə çox əziyyət çəkirəm. Hansı ki, kənddə evimə yaxın, həmişə bol suyu olan artezian quyusunda su yoxa çıxıb. Buna görə çox əziyyət və zülm çəkirəm.
Su probleminin həll edilməsi üçün dəfələrlə Göyçay rayon İcra Hakimiyyətinin başçısına, Göyçay rayon Su Kanal İdarəsinin rəhbərliyinə müraciət etmişəm. Ancaq hər dəfə mənə problemin tezliklə həll ediləcəyini desələr də, heç bir tədbir görülmür.
Bildirmək istəyirəm ki, mən illər öncə ehtiyatsızlıq ucbatından ağacdan yıxılmışam. Nəticədə, sağ qolum sındı. Tam olaraq normal fəaliyyət göstərmədiyindən həmin sınıq qolla su daşımaq mənim işimi daha da ağırlaşdırır. Hər gün su daşımaqdan çox əziyyət çəkirəm.
Ona görə də, hörmətli Prezident cənab İlham Əliyev, sizdən kömək istəyirəm.
Hörmətli Prezident, göydə Allaha, yerdə sizə ümid edib xahiş edirəm, su problemimin həll edilməsində mənə köməklik göstərəsiniz".
Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
E.ŞİRİNOV