...Baba Vəziroğlu bu gün ictimaiyyət arasında az da olsa, qazandığı nüfuzunu nəyinsə xatirinə Elza Seyidcahanın tərəfini saxladığına görə və onu şair adlandırdığı üçün birdəfəlik itirdi...

...Elza Seyidcahanın Azərbaycan Yazıçılar Birliyinə (AYB) üzv olması Azərbaycanda gündəmi elə dəyişib ki, sanki bizim daha heç bir problemimiz yoxdur.

N.Paşinyanın Azərbaycanla sülh müqaviləsini bağlamaqdan yayınması, Xankəndidəki separatçıların  rus sülhməramlılarına güvənib Azərbaycanın ərazilərini atəşə tutması, Rusiya-Ukrayna müharibəsinin gedişatı, qiyamçı Yevgeni Priqojinin Sank-Peterburqda və Moskvada nəyə görə rahat gəzişməsi, Beynəlxalq Məhkəmədə Laçın keçid məntəqəsi ilə bağlı  Ermənistanın iddiasının rədd edilməsi, Qoşulmama hərəkatının iclasında Prezident cənab İlham Əliyevin Fransanı və onun lideri, damarında  erməni qanı daşıyan Emmanuel Makronu azsaylı xalqlara qarşı soyqırım törətməkdə və bunun beynəlxalq aləmdə böyük rezonans yaratması və s. sanki daha heç kəsi maraqlandırmır. Ölkənin bir nömrəli məsələsi Elza Seyidcahandır. Sanki bu mövzunu gündəmdə saxlamaq üçün bir sifariş var. Yoxsa, adi bir şou əhlinin AYB-yə üzv olması niyə bu qədər ajiotaj yaratsın ki!?

Amma əhalini də qınamalı deyil. Çünki haqsızlıq olan yerdə heç kəs susa bilmir. Ona görə ki, Elzanın belə bir quruma üzv olması, əsl şair və yazıçılara, o cümlədən H.Cavid, M.Müşfiq, C.Cabbarlı, S.Vurğun, R.Rza, M.İbrahimov, M.Araz, B.Vahabzadə, S.Tahir. M.Yaqub, C.Novruz, N Kəsəmənli və digər korifey sənətkarların ruhuna qarşı bir haqsızlıq və təhqirdir. Yəqin ki, bu dahilərin qəbrdə sümükləri sızıldadı. Axı, doğrudan da Elzanı şair deyib o quruma qəbul edənlərin məntiqini nəinki mən, hətta heç kim başa düşə bilmir. Mənim filoloq və Akademik Nizami Cəfərova böyük hörmətim var. Kim də bilməsə, N.Cəfərov filologiya üzrə professor olduğu üçün ədəbiyyatı və şeiri incəliklərinə qədər bilən adamdır. Özü də bilə-bilə ki, Elzanın şeirlərini şeir adlandırmağın özü şeirə bir təhqirdir, bununla belə, bu xanımın AYB-ə üzv olması üçün zəmanət verib. N.Cəfərov bununla da 30 yaşında gənc professor olmaqla qazandığı nüfuzu Elzanın güdazına verdi. Buna yalnız təəssüf etmək qalır.

***

Bütün bu qədər tənqid və iradlara baxmayıb, axına qarşı gedərək, Elza Seyidcahanın az da olsa, tərəfdarları da tapılır. Bunlardan biri də şair Baba Vəziroğludur. Əsasən, yaltaq və ya tərif məzmunlu şeirlərinə mahnılar yazdıran  B.Vəziroğlu Elza Seyidcahanın əttökən şeirinin əhali arasında doğurduğu gülüşü, M.Ə.Sabir, C.Məmmədquluzadə əsərlərinin doğurduğu gülüşlə eyniləşdirir. Yəqin ki, bu dahilərin qəbrdə sümükləri mütləq çatladı. Görün, kimi kimlə müqayisə edir bizim ziyalımız? Gəlin  B.Vəziroğlunun Elza Seyidcahan haqqında gülüş doğuran açıqlamasının bəzi məqamları ilə tanış olaq: “...Elza Seyidcahan gedib faşistlər partiyasının, yaxud təbiəti məhv edənlər cəmiyyətinin üzvü olmayıb ki, AYB-nin üzvü olub də. Şeir yazır. Elza Seyidcahanın şeirləri kiminsə xoşuna gələ də bilər, gəlməyə də. Bu, normal bir şeydir. Məşhur deyim var: yüz dollar deyil ki, hamının xoşuna gəlsin...”.

Elə B.Vəziroğludan sitatı burada saxlayıb kiçik bir haşiyə qeyd etmək istəyirəm. Şeirdən, şairdən danışan və özü də şair sayılan Baba Vəziroğlu niyə ədəbiyyatdan, şairlərdən, filosoflardan, dahilərdən, klassiklərdən yox, dollardan misal gətirir? Haradandı Baba Vəziroğlunda dollara olan bu məhəbbət? Özü dəfələrlə qeyd edib ki, FHN naziri Kəmaləddin Heydərovun dəvəti ilə tez-tez gecə saatlarında olsa belə, gəmidə kabab yeyirlər. Təbii ki, Kamaləddin müəllimin B.Vəziroğluna bu qayğı və diqqəti elə-belə deyil. Ortada yəqin ki, dollardan, avrodan, manatdan... mütləq dost payı olmalıdır. Ona görə də  B.Vəziroğlu Elzanı dollara bənzədir ki, hamının xoşu gəlsin. Bu da bir şair yanaşmasıdır.

B.Vəziroğludan sitata davam edək: “Elza xanımın şeirlərini hərdən istər-istəməz eşidirəm. Çünki televiziyada, maşında gedərkən radioda səslənir, hərdən sosial şəbəkələrdə də rastıma çıxır. Baxıram ki, görüm qələm yoldaşım nə yazıb, maraqlıdır”.

Növbəti haşiyə: Bütün əhali Elza Seyidcahanın şeirlərinin düşük, mənasız söz yığını olduğunu, özünün də heç vaxt şair ola bilməyəcəyini dediyi halda, B.Vəziroğlu onu “qələm yoldaşım” adlandırır, ədəbiyyata sırıyır... Belə yerdə deyiblər: “Dostunu göstər, sənin kim olduğunu deyim”. Başqa bir deyim də var: “Yeznəsi gülüm olanın başına külüm olub”. Bir şairin ki, qələm yoldaşı Elza Seyidcahan ola, kim o adama ciddi yanaşar? Təbii ki, heç kim.

Sitata davam edək: “...Elza Seyidcahanın şeirlərinə bəziləri qəzəblənir, əksəriyyəti gülür.  Olsun da gülüş. Mirzə Ələkbər Sabirin şeirlərini oxuyub, necə gülürdük? “Fəhlə, sən də özünü insanmı sanırsan?”, “Kim nə deyər bizdə olan qeyrətə...”.

Növbəti haşiyə: Doğrudan da Elzaya şair deyib, müdafiə edənlər çox qeyrətli adamlardır və bu kimi müqayisələr gətirib, özlərini gülüş hədəfinə çevirənlər həddindən artıq istedad sahibidirlər. Doğrudan da B.Vəziroğlunun Elza Seyidcahanın şeirlərinin əhalidə doğurduğu gülüşü M.Ə.Sabir satirasının öldürücü gülüşü ilə müqayisə etməsi sözün bitdiyi yerdir. İnsan gərək özünü bu qədər gülüş hədəfinə çevirməyəydi. Sosial şəbəkələrdə məhz buna görə Baba Vəziroğlu ağılagəlməyən sözlərlə təhqir edilir, söyülür.

Bu, sənə lazım idimi, Baba Vəziroğlu? Onsuz da ortabab şairlər sırasında idin, başını birtəhər girləyirdin. Amma indi özünü tam açıq hədəfə gətirdin və məlum oldu ki, sənin şeirdən ümumiyytlə, anlayışın yox imiş. Misraları düzüb şeir yazmaq hələ şair olmaq demək deyil.

İndi bilirsiniiz, ən maraqlısı nədir? B.Vəziroğlu bu gün müəyyən dairələrdə az da olsa, qazandığı nüfuzunu Elza Seyidcahanın nəyininsə xatirinə tərəfini saxladığına görə və onu şair adlandırdığı üçün itirdi. Amma indi Elzanı müdafiə edən həmin bu Baba Vəziroğlu Elza Seyidcahanın gic-gici şeirlərini bütün normal insanlar kimi illər öncə əlinə qılınc alıb, bu anormallığı qılınclayırdı. Bəs indi nə oldu? Bunu mən özümdən demirəm. Gəlin, illər öncəyə qayıdaq.

2017-ci ilin 14 sentyabr tarixli saytların və qəzetlərin yazılarındakı başlıqlara nəzər salaq: “Elza Sabir Rüstəmxanlı və Baba Vəziroğlunu məhkəmə ilə hədələdi”.  Həmin başlıqlı yazıda bildirilir: “lent.az-ın məlumatına görə “Apa TV”-nin “Show time” verilişinə qonaq olan Əməkdar artist bildirib ki, həmin şairlər onu tənqid etdiyinə görə məhkəməlik ola bilər: “Böyük şairlərimiz “Tikim sizin ağzınızı” şeirinin dərinliyinə varmadılar. Çəkinmədən onların adlarını açıqlayacam. Sabir Rüstəmxanlı ilə Baba Vəziroğlu. Onların adını niyə çəkirəm?  Çünki onların mənə qarşı ehtirazlarını gördüm. Mən bu şeri yaratmışam, oturmuşam evimdə. Görürəm ki, mənə söz göndərirlər ki, Elza bunu düz etmir, mən də onları məhkəməyə vermirəm, özlərinə cavab verirəm. Amma mənim ixtiyarım var ki, onları məhkəməyə verim. Mənim yaradıcılığımda qüsur yoxdur. Əslində yaradıcılıq odur ki, küt beyinləri açır. Yoxsa o qədər toz basmış kitablar var ki... Deyirlər ki, mənim şerim söz yığınağıdır. Əgər söz yığınağıdırsa, sizi niyə bu qədər düşündürür? Eybi yoxdur, siz mənim şerimə gülə bilərsiz. Gülənlərə demək istəyirəm ki, mən sizi döyə-döyə yox, sevə-sevə tərbiyə edirəm”.

Burada çox maraqlı məqamlar var. Elza Seyidcahan deyir ki, mənim yaradıcılığım küt beyinləri açır. Belə çıxır ki, o vaxtı Baba Vəziroğlunun beyni küt idi, indi açıldı? Əgər o vaxtı Elza Seyidcahanın “Tikim sizin ağzınızı” şeirinə gülüb, onu tənqid edirdisə, bu gün həmin şerə alqış deməsi göstərir ki, B.Vəziroğlunun beyni doğrudan da tam açılıb və Elzanın şeirlərinin “fəlsəfi” mənasını dərk edib.

Daha bir məqam ondan ibarətdir ki, Elza o vaxt deyirdi, “...mən sizi döyə-döyə yox, sevə-sevə tərbiyə edirəm”. İndi bir neçə sual yaranır: 1. Elza Seyidcahan Yazıçılar Birliyinə necə qəbul edildi?  2.Bilmək maraqlıdır, Baba Vəzirğlu da daxil olmaqla, o birlikdə olanların çoxunu Elza sevə-sevə tərbiyə edə bildiyi üçün, onun “şeirlərinin” mahiyyətini dərk etdiklərindən AYB-ə üzv qəbul etdilər, yoxsa başqa səbəb var? 3. Elza Seyidcahan Baba Vəziroğlu da daxil olmaqla AYB-in bir çox üzvlərinin ağzını tikə bildi ki, heç kəs onun əleyhinə danışa bilməsin?

Belə çıxır ki, Elza Seyidcahan “Tikim sizin ağzınızı” şeirini boşuna yazmayıbmış. Ona görə də yeri gələndə AYB-dəkilərin əksəriyyətinin ağzını tikdi və illərdir arzuladığı istəyinə nail oldu. Bu rakursdan yanaşanda onda məcburuq, biz də Elza Seyidcahanın AYB-ə üzv olmasına görə təbrik edək. Yoxsa, bizim də ağzımızı tikər... Lap o məşhur lətifədə Mollanın pəncərədən çölə baxıb göydə buludu görəndən sonra, onun məsləhət üçün yanına gəlmiş adama “nə qədər yağış yağmayıb, dur rədd ol burdan” deməsi yada düşür. Nə qədər ki, Elza da hamının ağzını tikməyib, yazımızı elə burdaca dayandırırıq və mülahizə yürütməyi oxucuların ixtiyarına buraxırıq.

Elçin Məmmədli        

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN