"Müxalifət olmaq olar, amma birinci dövlətçi olmaq lazımdır!"
***
44 günlük İkinci Qarabağ savaşından sonra radikal siyasi və qeyri-siyasi qüvvələrdən ən çox eşitdiyimiz sözlər "niyə Laçını azad etmədik" idi. Laçın şəhəri, Zabux və Sus kəndləri nəzərdə tutulduğundan daha tez azad edildi... Bunu Milli Məclisin deputatı, MCP-nın lideri Razi Nurullayev Parlamentdə çıxışı zamanı bildirib.
O, qeyd edib ki, Prezident İlham Əliyev həqiqətən də qətiyyət və barışmazlıq nümunəsi, o cümlədən diplomatiya bacarığı göstərdi.
"Bəs niyə Əli Kərimli və digərləri İlham Əliyevi təbrik etmədi, xoş söz söyləmədi, üstəlik zəfərə kölgə salmağa çalışır.
Axı İlham Əliyev Şah İsmayıl Xətai, Nadir şah Əfşardan sonra ilk rəhbərdir ki, torpaq itirmir, torpaq qazanır, dünyaya səs salır və az qala dünya ilə savaşıb qalib gəlir. Bu, bizim hamımız üçün fəxr və başucalığı deyilmi? Dünyada bir ölkə göstərin ki, münaqişəni yüz faiz öz xeyrinə həll edə bilsin? Bu nümunəni də Prezident İlham Əliyev yaratdı", - deyə o, bildirib.
Deputat qələbəyə kölgə salmağa çalışanlara bir daha səslənib:
"Laçın alındı, başladınız Xankəndi niyə separatçıların əlindədir, “niyə antiterror əməliyyatı keçirilmir” dediniz. Əməliyyat keçirildi, Xankəndi azad edildi, bütün Qarabağda suverenliyimiz bərpa edildi, separatçılar silahlarını təhvil verdilər, qaçıb dağılışdılar və bütün planları yerlə-yeksan oldu. Bunu yaratdığı ordu ilə, inandığı və etibar etdiyi qəhrəman Azərbaycan əsgərinin gücü ilə etdi. Ağılın belə dərk etmədiyi, yuxumuzda belə görmədiyimiz gerçəkliyi yaratdı.
Bəs İlham Əliyev haqq etmir ki, onu təbrik edib, xoş sözlər deyəsiniz? Axı o, həyatını bu xalqa həsr etdiyini əməli və dünyanın haqsız tələbləri qarşısında mətanətli duruşu ilə sübut edib. Niyə qəlbinizdəki nifrəti silib ata bilmirsiniz? Məgər içinizdə qaynayan nifrətin ölkəmizə zərər verdiyini görmürsünüz?", - deyə diqqətə çatdırıb.
O, "Müxalifət olmaq olar, amma birinci dövlətçi olmaq lazımdır", - deyib.
Razi Nurullayev qazandığı Şanlı Zəfər münasibəti ilə Ali Baş Komandan, Prezident İlham Əliyevi xüsusi ödüllə təltif etməyin vacibliyini də təklif edib:
"Barmağınızı qatlayın, görək İsraildən başqa hansı ölkə cinayətkarları, xüsusən də cibində milyardlarla dollar daşıyan və dünyada söz sahibi olan birini tutub başına torba keçirsin? Ruben Vardanyan kimi bir avnatürüstü və terroru dəstəkləyən cinayətkarı tutub damlamaq bilirsiniz nə deməkdir? O, İlon Maskın Mars planetini fəth etmək planından daha üstündür. Bu ağılların kəsmədiyi bir qəhramanlıqdır.
Nə qədər gec deyil, birlik olun, düşmən dəyirmanına su tökməyin, xalqla, dövlətlə bir olun ki, gələcək nəsillər siyasi tarix kitablarını oxuyanda sizi nifrətlə anmasın!
Sonda, təklif edirəm ki, prezident İlham Əliyev üçün bir orden, ad düşünək. O, təvəzökardır deyə bir çox səsləndirilən təklifləri qəbul etməyəcək. Bu sahədə təkliflərim çoxdur və onu Parlament rəhbərliyi ilə bölüşə bilərəm. Yaxşı olar ki, təkliflər də Parlament rəhbərliyi tərəfindən səsləndirilsin və məmuniyyətlə dəstəkləyəcəm", - Razi Nurullayev vurğulayıb.
JASMİN
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN