Azərbaycanda aprelin 1-dən 4-dək davam edəcək Belarus mədəniyyəti günləri ilə bağlı ötən gün – aprelin 2-də Heydər Əliyev adına Sarayda Belarus incəsənət ustalarının iştirakı ilə möhtəşəm Qala konsert gecəsi baş tutub.
TEZADLAR.AZ xəbər verir ki, konsertdə deputatlar, hər iki ölkənin mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Konsertdən öncə - açılış mərasimində Azərbaycanın və Belarusun dövlət himnləri səsləndirilib.
Azərbaycanın mədəniyyət naziri Adil Kərimli və Belarusun mədəniyyət naziri Anatoli Markeviç çıxışları zamanı ölkələrimiz arasında sıx dostluq münasibətlərindən, mədəni əlaqələrin gün-gündən möhkəmlənməsindən bəhs ediblər.
Daha sonra konsert başlanıb.
Belarus incəsənət ustalarının bir-birini əvəz edən möhtəşəm rəqsləri, musiqi nömrələri alqışlarla qarşılanıb. Onların arasında əslən Azərbaycanın Quba rayonundan olan həmyerlimiz – Günəş Abbasova da vardı.
Konsert zamanı Azərbaycanın minlərlə qəhrəman oğlunun İkinci Dünya Müharibəsində Balarusun alman faşistlərindən azad edilməsində iştirak etmələrindən və bir çoxlarının bu müharibədə canını qurban vermələrindən söz açılıb, belaruslarun bunu heç zaman unutmayacağı, buna görə hər zaman minnətdar olacaqları da vurğulanıb.
Konsertin sonunda Belarus incəsənət ustaları tamaşaçılara xoş sürpriz edərək Azərbaycanın Xalq artisti, bəstəkar, dünya şöhrətli estrada və opera müğənnisi Müslüm Maqomayevin repertuarından olan “Azərbaycan” mahnısını ifa ediblər. Tamaşaçılar bu əsəri ayaq üstə dinləyərək alqışlayıblar.
JASMİN