Özünü müğənni hesab edən şəxslərin Heydər Əliyev Sarayında konsert verməsi üçün bir çox şərtlər var.
Bu barədə Sarayın rəhbərliyi bildirib.
***
Elə bu mənada, bir müddət öncə müğənnilər Şəbnəm Tovuzlu, Vəfa Şərifova və meyxanaçı Orxan Lökbatanlının Heydər Əliyev Sarayında konsertinə icazə verilməyib.
TEZADLAR.AZ xəbər verir ki, bu barədə aparıcı-prodüser Tarix Əliyev "Xəbərin var?" verilişində bəyan edib. O bildirib ki, ifa etdirkləri mahnılara görə, onların sarayın səhnəsinə çıxmasına qadağa qoyulub. Tolik Vəfa Şərifovanın sözügedən məkanda konsert vermək istədiyini, ancaq "yox" cavabı aldığını söyləyib:
"Bir neçə ay bundan əvvəl Vəfa Şərifova Heydər Əliyev Sarayında konsert vermək istəyirdi. Mənə dedi ki, istəyirəm, təşkilatçısı olasan. Sarayın direktoru İlham Qasımovla danışdım, dedi ki, burada qadağa deyilən bir şey yoxdur. Amma sarayın əzəməti var. İlham müəllim dedi ki, Vəfanın repertuarında burada səslənəcək neçə mahnı var? Mən dedim ki, bilmirəm. Dedi ki, onda gərək, bütün repertuar dəyişilsin, bura uyğun olsun. Nəinki Vəfaya, ora Şəbnəm Tovuzlu da daxildir. O da istəyib, maraqlanıb, icazə verməyiblər. Bu, janrdakı, kateqoriyadakı müğənnilərin Heydər Əliyev Sarayında konserti mümkün deyil. Bu, pulla tənzimlənmir. Onlar gərək, müəyyən mərhələlərdən keçsinlər, Yaşıl Teatrda konsert versinlər. Bildiyim qədəri ilə Damla və Şəbnəm orada səhnə alıb.
Məsələn, Orxan Lökbatanlı dedi ki, Heydər Əliyev Sarayında konsert vermək istədim, dedilər, repertuarın o deyil. Amma Namiq Qaraçuxurlu, Talıb Tale orada konsert verib. “Maşın şou”dan sonra Talıb Tale orada səhnə alıb. Onda bəzi istisnalar olub. Deyiblər ki, 10 dənə öz mahnını oxu. Öz mahnılarından az oxuyub. Həmin dövrdəki rəhbərlik istisna edib".
Görünən budur ki, indiki rəhbərlik üçün Sarayın büdcəsinə daxil olacaq maliyyə vəsaiti önəmli deyil, önəmli olan, Sarayın adına layiq nüfuzunu qorumaq və layiqli repertuarı olan ifaçılara meydan verməkdir!
Bəlkə bu qadağa bəzi müğənnilik edənlər üçün "soyuq duş" effekti yaradar...
JASMİN