Bəzi məmurların, hakimlərin qərəzindən başı müsibətlər çəkən, evi, varı-dövləti əlindən çıxan və bir müddət həbsdə yatmaq da qisməti olan şair Saday Şəkərli, hazırda Avropada yaşayır.
Dəyərli dostumuz, Hollandiyada yaşayan “Azərbaycanın Dostları Cəmiyyəti”nin sədri, vətənpərvər eloglumuz Elman Mustafazadənin, Avropada yaşayan azərbaycanlıların birliyi məqsədi ilə yaratdığı “Ya Qarabağ, ya Ölüm” adlı vatsap qrupunda, yüzlərlə vətənpərvər, dəyərli soydaşlarımızla yanaşı, Saday Şəkərli də var. Elman bəyin dəvəti ilə mən də bu qrupda olduğumdan, Moskvada, Ukraynada, Avropanın müxtəlif ölkələrində yaşayan vətən fədaisi olan azərbaycanlılarla olduğu kimi, Saday bəylə də mütamədi söhbətlərimiz olur. Artıq bilirəm ki, Saday bəyin şeirləri bir çox dillərə tərcümə olunaraq, Avropada yayılıb ki, bu da bizi hədsiz dərəcədə sevindirir, qəbimizi qürur hissi ilə doldurur. Bu yerdə bir məsəl yerinə düşür:
İgid odur hər əzaba qatlana,
İgid odur atdan düşə, atlana.
Saday bəy də atlanmağı bacardı və bu gün Avropada vətənimiz Azərbaycanı layiqincə təmsil edir. Çünki heç bir əzab, işgəncə, maddiyyat vətən sevgisini onun qəlbidən silə bilməz. Məhz bu səbəbdəndir ki, bu günlərdə Ərdəbilin imamcüməsi ayətullah Seyid Həsən Amilinin Azərbaycanı hədələyərək “Şirin quyruğu ilə oynamayın” deməsinə bir çox soydaşlarımız kimi, Saday Şəkərli də biganə qala bilməyib. Ona görə də şair bu İran mollasına həsr etdiyi şeiri “Ya Qarabağ, ya Ölüm” qrupunun üzvlərinə göndərib. Saday Şəkərlinin “Şirin quyruğu” adlı şeirinin maraqlı oldğunu nəzərə alıb, onu “Təzadlar”ın da oxucularına, Avropadan göndərilən bir sovqat kimi təqdim edirəm. Saday bəyə isə, vətənimizin Avropada təbliği yolunda yeni-yeni yaradıcılıq uğrları arzu edirəm.
Şirin quyruğu
Türk oğlu, fikrin nə, niyyətin nədir?
Uçar, ayrılarsa, bina təməldən,
“Şirin quyruğuyla oynama” dedin,
Deməli, vermisən quyruğu əldən.
Haram mayalardan nacins doğulur,
Hikkən kürsüdəndir, əmmadəndir,
Bəs nədən unutdun türk olduğunu?
Qul olmaq xislətin hardan, nədəndir?
Daşlandı bünövrə, söyüldü əmvat,
Qalmısan yaxası əllərdə bu gün,
Ya keçəl Həmzəsən, ya Səhl Sumbat,
Adın “dastan” olub dillərdə bu gün.
Bu yurdun qayası, daşı da mənəm,
Köhnə yaralarım qanamasınmı?
Şirin quyruğu da, başı da mənəm,
Şir öz quyruğuyla oynamasınmı?
Hazırladı və təqdim etdi:
Elçin Məmmədli