Bütün günü səninlə danışıram, oğul! Gündüzlər fikrimdə, xəyalımda, gecələr ürəyimdə... Yuxularımı özünlə aparmısan. Səni görə bilmək üçün əbədiyyən yuxulamaq istəyirəm...

Evimin dirəyi... Süfrəmin çörəyi... Ağzımın dadı... Sənsiz hər şey zəhər kimidi, nə udmaq olur, nə udqunmaq... Boğula-boğula qalmışam, oğul...

Nəfəsim idin... Bahar kimi gəlmişdin qış ömrümə. Bahar kimi də getdin... Ətrin burnumda qaldı... Toxunduğum hər yerdə sənin iyin var. Ayaqqabıların da ətir qoxuyur. Nəfəsimi özünlə aparmısan, indi Azər qoxuyan nə varsa, ciyərlərimə çəkirəm... Bunun adı yaşamaq deyil, balam, nəfəs ala bilmir atan...

Gəlişin elə zamansız oldu ki... Biz bir yaz günü yolunu gözləyirdik... Sən qışın oğlan çağında Günəş kimi doğdun ömrümüzə. Hamı elə sevinirdi, “Oğul düşmən çəpəridir”, - deyib gözaydınlığı verirdilər... Sən sinəni sipər, kürəyini çəpər eləyib göstərdin ki, oğul necə düşmən çəpəri olurmuş...

Bir yanım qürur dolu, bir yanım kədər... Ömrüm də hədər oldu, balam... Arzuları bayrağa bükülüb gələn bir atanın nə ömrü?! Ömrüm balalarım idi... Qoşa qanadım idiniz, oğul. İndi qanadının biri qırılmış qartal kimi çırpına-çırpına qalmışam... Bilmirəm, göyün üzündəyəmmi, yerin dibindəyəmmi?! Yolumu itirmişəm, oğul. Bircə onu bilirəm ki, yolumun başında sən varsan! Sənə çatmaq üçün dizin-dizin sürünüb gələcəm bu yolu...

Ömrümə zamansız gəldiyin kimi, gedişin də zamansız oldu... Martda doğulasıydın, balam, sən yanvarda - qarlı bir qış günündə ocaq kimi isitdin ürəyimi. Bəlkə alnına yazılanı duymuşdun körpə fəhminlə. İkicə ay artıq bala dadı almağımızı istəmişdin, bəlkə də. Qışda bahar oldun ömrümə, oğul... Bahar nəfəslim, bahar qoxuyanım... İndi bahar gəlib deyirlər... Mən üşüyürəm, iliklərimə qədər donuram, balam... Saçıma dağların qarı kimi yağdın, oğul...

Gözümün işığı... Evimin çırağı... Görən gözüm... Ağzımda dilim, tutan əlim, döyünən ürəyim, çiynimdə başım oğul... Başıma elə bir tac qoymusam ki, başımı əyə bilmirəm, sənin adın - əmanətin var başımda... Amma belimi bükmüsən, oğul. Başımı uca tutsam da, qəddim əyilib...

Sən vətən üçün, sadəcə, canından keçmədin, Sən özünü vətənə fəda etdin, heç qızırğanmadan, heç düşünmədən arzularını, gələcəyini, hər şeyini qurban etdin, ürəklə “Vətən sağ olsun!” dedin. Sən atanı vətənə fəda etdin, balam...

Mən də sən ucaltdığın... Sən bükülüb gəldiyin bayrağı tutiya kimi gözlərimə sürtdüm, öpüb gözümün üstünə qoydum, o bayraqdan Sənin qoxunu içimə çəkdim, köz basdım ürəyimə... “Vətən sağ olsun!”- dedim...  Mən bu torpağa səni böyüklükdə bir toxum əkdim, gözümün yaşıyla suvarıram indi gözümün nuru yatan torpağı, oğul...

İndi mənim arzularımın üstündə üçrəngli Azərbaycan bayrağı dalğalanır. Sən yerində bu boyda ucalıq qoyub getdin, oğul!

Amma zaman onu da göstərdi ki, sən torpağa yox, on milyonluq bir məmləkətin ürəyinə köçmüsən... İndi bütün Azərbaycan mənim evimə köçüb, hər sabah sənin adını tutub kilometrlərlə yol gələn adamlara açıram qapımı...

Evimin qapısı, balam... Qala Qapısı kimi balam... Qala kimi bütün həmlələrin qabağında dimdik dayanan balam... Nə qədər əzablı, ağrılı, çətin olsa da səni kimi oğlum olduğu üçün qürur duyuram. Sənin atan olduğum üçün qürur duyuram. Sən mənim tanıdığımdan da böyük adam imişsən...

Sən təkcə Xocalının hayıfını almadın, bu torpağın namusundakı ləkəni qanınla təmizlədin, oğul! Papağımız Qarabağda qalmışdı, başımıza papaq oldun, papağımızı bizə qaytardın, qürurumuzu, mənliyimizi, şərəfimizi bizə qaytardın!

Generalın qarşımda baş əyir, əsgərin əlimi öpür. Sən atana belə bir ad qoyub getdin, oğul!

Döyüş yoldaşların “Ata!” deyin köksümə sığınır, sən atana bir Ordu böyüklükdə oğullar qoyub getdin. Hamısı sənə bənzəyir, hamısı sən qoxuyur, hamısı ürəyində, xatirələrində səni yaşadır, Azər!

Deyirlər, Qarabağda 26 yerdə sənin nişanən var, 26 yerdə bayraq ucaltmısan... Yaşının sanı qədər... Sən 26 baharlıq - 26 bayraqlıq ömür yaşadın!

Sonuncu dəfə halallıq istədin məndən... Sən Göylərdən gəlmişdin, Tanrının alnına yazdığı qədəri də bilirdin yəqin... Özgə yerə getmədin ki... Endiyin ünvana qayıtdın, gəldiyin Göylərə ucaldın, balam.

Nə haqqım varsa, halal - halal xoşun olsun, balam! Nur üzlü balam! Nur parçası balam! Nurdan qopub gələn balam... Nura dönən balam...

Köksü vətən boyda oğul... Vətən deyə-deyə vətənə dönən oğul...

***

...Gözlərinə baxmadan görə bilirəm mən adamları... Sükutun səsini eşidirəm, gözünün yaşını içinə axıdan atanın susqunluğundan duya bilirəm dilinə gətirə bilmədiklərini... Nazim atanın səssiz, sözsüz, hıçqırıqlarının söylədiklərini yazmağa çalışdım. Elə ağrılar var ki, nə qulağın gücü çatır eşitməyə, nə gözün cəsarəti çatır görməyə... Dil isə lal olur bu kədərin qabağında... Ürəyimin qanıyla yazdım... qələmimin mürəkkəbi, mürəkkəbin gücü çatardımı, bilmirəm?!

Bircə onu bilirəm ki, Qarabağı təkcə Azərlər azad etmədi... Qarabağı həm də Azərləri böyüdən əliqabarlı atalar azad etdi... Hərdən düşünürəm ki, bütün qəlbimlə sevgimi, sayğımı ifadə etsəm, o ataya övlad ola bilərəmmi?! Bir mən yox, hamımız cəm olsaq, ömrü boyu o Ataların qarşısında əmrə müntəzir dayansaq belə, nəinki övlad, heç o övladlarının baş barmağı da ola bilmərik... Bu azad vətən, ucalan bayraq üçün o əliqabarlı atalara minnətdarıq!

Haqqınızı bizə halal edin!

Xəyalə ZƏRRABQIZI,

filologiya üzrə fəlsəfə doktoru

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN