Vətən uğrunda şəhid olan qəhrəmanlarımız heç vaxt unudulmur. Onların xatirələri həmişə əziz tutulur, adları əbədiləşdirilir, məzarları xalqın ziyarətgahına, and yerinə çevrilir.
Çünki şəhidlər əbədiyyət yolçusudurlar. Əsrlər ötsə, nəsillər bir-birini əvəz etsə də, onların adları tarixin yaddaşından silinmir, müqəddəs ruhları insanları daha parlaq gələcəyə, qələbədən-qələbəyə, zəfərdən-zəfərə aparır. Həqiqət, ədalət yolunu, qəhrəmanlıq, mübarizlik yolunu göstərir bizlərə. Elə bir tədbir, mərasim yoxdur ki, orada öncə şəhidlər xatırlanmasın, yada düşməsin, əziz xatirəsi anılmasın.
Şəhidlik əbədiyyət zirvəsi, şəhidlər isə həmin zirvələrdən yolumuza nur saçaraq vətəni necə sevməyin, torpağı necə qorumağın yolunu göstərən vətənpərvərlik rəmzidirlər.
Ordumuzun 44 günə zəfərlə bitirdiyi Vətən müharibəsində qəhrəmancasına şəhid olan oğullarımızdan biri də Balacayev Qərib Nəsib oğludur.
Ailəsi 1993-cü ildən yaşadıqları doğma Mərzilidən köçkün düşdüyündən Qərib 1997-ci il dekabr ayının 25-də Beyləqan rayonunun Təzəkənd kəndində anadan olub.
2016-cı ildə həmin kənddəki Ə.Məmmədov adına tam orta məktəbin məzunu olub. 2016-cı ildə həqiqi hərbi xidmətə çağrılıb. 2018-ci ildə hərbi xidmətini başa vursa da, sonrakı bütün həyatını Milli Orduya bağlayıb və zirehli hərbi texnikaların mahir sürücüsü kimi komandirlərinin diqqətini cəlb edib.
Vətən müharibəsində BMP ilə bir neçə dəfə düşmən səddini yarıb, postlarını dağıdıb və mühasirəyə düşmə ehtimalı olan əsgər yoldaşlarının mühasirəyə düşməsinə imkan verməyib.
Ancaq çox təəssüf ki, 2020-ci il sentyabrın 27-də Füzuli istiqamətində gedən döyüşlərdə komandiri kapitan Ceyhun Həsənovla birlikdə minaya düşüb və hər ikisi şəhid olub. Qərib Balacayevin məzarı Təzəkənd kəndinin Şəhidlər Xiyabanındadır.
AYB-nin üzvü, şair-publisist Yusif Millətoğlu şəhid Qərib Balacayev haqqında kitab yazıb. "Qərib - şəhid qəhrəman" adlanan bu kitabın şəhidin doğum günündə təqdimatının keçirilməsi nəzərdə tutulub. Kitabda müəllifin qələmə aldığı – Qəribə istinad etdiyi "Şəhidliyə gedən yol" adlı irihəcmli poema və 80-dək xatirə yazı yer alıb.
Poemadan son hissədən bir parçanı təqdim edirik:
Vətən sevdi Qəribi,
Torpaq sevdi Qəribi.
Aldı qoynuna -
İgid kimi,
Şəhid kimi!
Bir əbədi məşəl olub yansın deyə,
Torpaq, vətən sevdalılar
Hər an onu ansın deyə!
Ünvanına and içilsin,
Məzarı önündən şərəf duyub,
Qürur ilə keçilsin!..
***
Ey insanlar, Xiyabanda asta yeri,
Odur bizə and ünvanlı Kəbə yeri!
Diqqətlə bax,
Mərmər daşdan baxan gözə.
Diqqətlə bax,
Yana-yana, dözə-dözə!
Diqqətlə bax,
Öz canını bizim üçün qıyanlara,
Özlərini ürəklərə heykəl edib qoyanlara!
Dərs al onun gəncliyindən,
Dərs al bu gün yaşadığın dincliyindən.
Diqqətlə bax,
Şəkillərin altındakı olum-ölüm tarixinə -
Gör neçə il yaşayıbdı?
Bax, onların hər birisi vətən yükü daşıyıbdı.
Elbar ŞİRİNOV