Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti vətəndaşları onların intim videokadrları ilə şantaj edən bir qrup şəxsin ifşa olunduğunu bildirib.
Şantajçılar əcnəbilərdir və onlara qarşı əməliyyat Bolqarıstan təhlükəsizlik orqanları ilə birgə həyata keçirilib, Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatında bildirilir. Mənbənin məlumatına görə, Bolqarıstanın Silistra əyalətində vətəndaşlar Gürcan Stoyanov, Tezcan Stoyanov, Sevinc Niyazi və digərləri həbs olunublar. 2021-ci il ərzində Dövlət Təhlükəsizliyi Xidmətinə Azərbaycan vətəndaşlarının intim videolarla şantaj edilməsi barədə məlumatlar daxil olub. Faktla bağlı bir neçə maddə üzrə cinayət işi başlanılıb. İstintaq materiallarına görə, qrup üzvləri vətəndaşların hesablarına videogörüntülü zənglər edərək porno materiallar nümayiş etdiriblər. Eyni zamanda, porno izləyən vətəndaşların videoçəkilişini aparıblar. Bundan sonra qrup üzvləri Facebook Messenger və WhatsApp vasitəsilə həmin adamlara zəng edərək bu kadrların yayılması ilə şantaj ediblər və onlara pul köçürmələrini tələb ediblər. İstintaq qrupun 32 üzvünün şəxsiyyətini, həmçinin onların hərəkətlərindən 200-ə yaxın Azərbaycan vətəndaşının zərər çəkdiyini müəyyən edib. Cinayətkar qrupun Bolqarıstanda olduğu müəyyən edildikdən sonra bu ölkənin hüquq-mühafizə orqanları ilə birgə əməliyyat keçirilib. Qrup üzvləri həbs edilib, Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatında bildirilir. Xatırladaq ki, 2021-ci ildə sosial şəbəkələrdə bu tip bir neçə videoçarx yayılıb. Bundan sonra Azərbaycanda bir sıra dövlət məmuru işdən çıxarılıb.
Odur ki, belə şantajlardan qorunmaq üçün özünüzə və davranışlarınıza nəzarət edin.
A.Məmmədli