"Azərbaycan xalqı yaxşı bilir ki, mən ad günlərimi qeyd etmirəm. Adətən ad günlərimə təsadüf edən günlərdə hansısa sosial obyektlərin açılışında iştirak edirdim, məcburi köçkünlərlə, şəhid ailələri ilə görüşürdüm"

Bunu Prezidenti İlham Əliyev dekabrın 24-də Şuşanın məşhur Cıdır düzündə çıxışı zamanı deyib. 

"Azərbaycan xalqı yaxşı bilir ki, mən ad günlərimi qeyd etmirəm. Adətən ad günlərimə təsadüf edən günlərdə hansısa sosial obyektlərin açılışında iştirak edirdim, məcburi köçkünlərlə, şəhid ailələri ilə görüşürdüm. Şəhid ailələri üçün inşa edilmiş yeni evlərin açılışlarında, yeni salınmış köçkün qəsəbələrində bu kateqoriyadan olan insanlarla görüşürdüm. 50 illiyimi də məcburi köçkünlərlə bərabər qeyd etmişdim. 50 illiyimi Qarabağda – Ağcabədidə keçirdim, 60 illiyimi isə Qarabağda - bu dəfə Şuşada keçirirəm. Bu iki tarix arasında bir canlı bağlantı var. Ölkə ərazisində və bölgədə gedən proseslərə biz sadəcə olaraq seyrçi deyildik. Biz bu prosesləri böyük dərəcədə idarə edirdik. Biz bölgə gündəliyini formalaşdırırdıq. İkinci Qarabağ müharibəsində əldə edilmiş Zəfərdən sonra bizim gücümüz, nüfuzumuz, təsir dairəmiz daha da genişləndi.

Bu gün azad Qarabağda, Şuşada və Hadrutda olarkən mən, - əgər belə demək mümkündürsə, - öz ad günümü qeyd edirəm. Bu gün səhər Hadrutda Müzəffər Azərbaycan Ordusunun Ali Baş Komandanı kimi yeni silahlı birləşmə olan Komando Briqadasının hərbi hissəsinin açılışında iştirak edirdim. Mən bilirdim və hesab edirəm Azərbaycan xalqı da bu seçimi dəstəkləyər ki, bu gün mən Prezident, Ali Baş Komandan kimi hərbçilərə, Müzəffər Azərbaycan Silahlı Qüvvələrinə öz təşəkkürümü bildirmək və onların qarşısında yeni vəzifələr qoymaq üçün hərbçilərlə birlikdə olmalı idim.

Bu gün keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkib hissəsi olan Hadrutda - Xocavənd rayonunda ordu quruculuğunda aparılan işlərin yeni mərhələsinə qədəm qoyduq. Ondan sonra isə Şuşaya gəldim. Bu, mənim Şuşaya bu il yeddinci səfərimdir. Şuşa hər birimizi özünə çəkir. Düzdür, mən burada – Şuşada müxtəlif tədbirlərin açılışlarında iştirak etmişdim. O tədbirlər ki, Şuşanın Azərbaycan xalqına, Azərbaycan mədəniyyətinə məxsus olmasını bir daha təsdiqləyir. Amma, eyni zamanda, hər dəfə Şuşada hansısa tədbir nəzərdə tutulduqda böyük həvəslə, böyük sevgi ilə, məhəbbətlə Şuşaya gəlirdim və hesab edirdim ki, bu günü də mən məhz burada - Şuşada hər birimiz üçün əziz olan Cıdır düzündə qeyd etməliyəm və bunu edirəm", - deyə bildirib.

TEZADLAR.AZ

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN