...Litva hökumətinin qərarı ilə ölkədə geniş qeyd edilən "Litva tatarları ili" başa çatır... Bəs Azərbaycan mediasında bu barədə hansısa informasiya yer alıbmı? Xüsusən də özünü mədəniyyət və ədəbiyyat, mətbuat kapitanı adlandıranların mediasında... Sabiq səfir Vilayət Quliyev bu barədə özünün fb səhifəsində maraqlı paylaşım edib: "...Özlərini türkçü sayan saytlarda bu mövzuda hər hansı yazıya rast gəlmədim. Yeri gəlmişkən, "Molla Nəsrəddin" jurnalı məlumat imkanlarının son dərəcə məhdud olduğu 1908-ci ildə taleyin Avropaya aparıb çıxardığı Krım və Volqaboyu türkləri haqqında "Halva" adlı kiçik bir felyeton dərc etmişdi:
“Ölülər elə bilirlər ki, dirilər halva yeyirlər. İndi Litva və Polşa müsəlmanları öz-özlərinə deyirlər ki, bax, gör biz necə bədbəxt olduq, müsəlmanlıqdan uzaq düşdük, türk dilimizi yadımızdan çıxardıq və qafqazlı müsəlman qardaşlarımızdan dalda qaldıq.
Əvvələn, mən güman eləmirəm ki, Polşa müsəlmanlarının ağıllıları və az-çox dünyadan xəbərdar olanları özlərini bizə nisbət dalda qalmış hesab eləyələr. Səbəbi bundadır ki, indi bizləri bürüyən qaranlıqdan daha artıq bir qaranlığı mən xəyalıma gətirə bilmirəm.
Və hətta mən deyirəm ki, Polşa müsəlmanları hər bir cəhətdən bizdən bir mərtəbə, bəlkə iki mərtəbə qabaqdadırlar.
Gələcəkdə bu məsələnin barəsində ola bilər ki, bir az danışaq”.
Bəli, həqiqətən də Litvada geniş əhatəsi ilə qeyd edilən belə vacib tədbir barədə Azərbaycan mətbuatında hansısa bir xəbər-yazıya rast gəlmədik...
A.Məmmədli