...Azərbaycanda avtomobillərin texniki baxışına görə yetərincə dövlət rüsumu alınır, üstəlik, texniki baxışın müdətini keçirənlər cərimələnir...
Və bu vəsaitlər büddəcəyə ödənilir. Təxmini hesablamalara və Dövlət büdcəsinin xərc təsnifatındakı rəqəmlərə görə, hə il Azərbaycan sürücüləri büdcəyə texniki baxışa görə 100 milyon manata yaxın vəsait ödəyirlər. Bəs bu vəsaitlərin-rüsumun sürücülərə nə dərəcədə aidiyyatı olur? Məsələn, hər bir əmək haqqı alan şəxs (həm də müəssisə) DSMF-nə sosial sığorta haqqı ödəyir ki, bu da onun gələcəkdə pensiya təminatı deməkdir. Yəni, şəxsin ödədiyi vəsait sonradan qismən onun özünə qayıdır. İkincisi, vətəndaş DSMF-dən əlavə, əmək haqqından məşğulluğa görə də büdcəyə ödəniş edir, bu da onun işsiz qalacağı vaxtda müavinət almasının təminatıdır. Üçüncüsü, şəxs əmək haqqından həm də tibbi sığorta ödənişini büdcəyə ödəyir ki, xəstələnəndə TƏBİB-in xətti ilə müayinə müalicə xərcləri dövlət hesabına ödənilir.
Bəs texniki baxışa görə ödənilən rüsumun sürücüyə nə kimi xeyri var?
Gəlirik mətləbə: sürücü-vətəndaş avtomobilini məcburi sığortalayır, qəza baş verəndə isə aidiyyəti sığorta idarəsi dəyən ziyanı ödəyir... Bəs texniki baxışa görə ödənilən vəsaitin sürücüyə hansısa formada xeyri varmı? Məlum olduğu kimi, texniki baxışda DYP-nin inspektorları əsasən avtomobilin cərimələrini sürücüyə tam ödətdirir, sonra avtomobilin sazlığını yoxlayır. Hansısa detalların nasazlığı ortaya çıxırsa, niyə DYP-nin müvafiq xidməti olmasın ki, bu qüsuru aradan qaldırsın? Əksinə, sürücünü məcbur edirlər ki, get, nasazlığı aradan qaldır, sonra gəl... Halbuki sürücünün hər il texniki baxışa görə ödədiyi vəsaitin bir hissəsi belə qüsurlar aşkar edildikdə istifadə edilə bilər. Dövlət rüsumu haqqında qanunvericilikdə də qeyd edilir ki, vətəndaşın ödədiyi rüsum dolayısı ilə onun hansısa xərcini ödəməyə hesablanır. Yəni, ən azından, Texniki Baxış Mərkəzlərində xüsusi servislər yaradıla bilər ki, sürücünün nasazlıq aşkar edilmiş avtomobilinin müəyyən xərci qarşılana bilər.
***
Amma Rusiya Prezidenti Vladimir Putin avtomobillərin məcburi texniki baxışdan keçirilməsini ləğv edib. Belə ki, Putinin imzaladığı sərəncama əsasən, ölkə vətəndaşların mülkiyyətində olan və onların yalnız öz ehtiyacları üçün istifadə etdikləri nəqliyyat vasitələri və motosikletlər texniki baxışdan azad ediləcək. Lakin bu, taksi və sərnişinlərin daşınması üçün istifadə olunan, habelə biznes məqsədləri üçün istifadə olunan avtomobillərə şamil edilməyəcək. Bundan əlavə, istehsal tarixi 4 ildən yuxarı olan avtomobil və motosikletlər satıldıqda, həmçinin, qeydiyyata alındıqda, yaxud nəqliyyat vasitəsinin konstruksiyasında dəyişiklik edildikdə icbari texniki baxışdan keçmək məcburi olacaq.
Azərbaycan bəzi qanunvericilik aktlarını qəbul edəndə Rusiyaya istinad edir. Texniki baxış məsələsində də bu təcrübədən yararlanmaq olar...
A.Məmmədli