Hörmətli redaksiya! Bu qeydləri Sizə qəzetinizin 2 noyabr 2021-ci il tarixli 38-ci nömrəsində Vüqar Məmmədin “”Vətən sağ olsun” dedirtmək gənc insanların ölməsini təbliğ etməkdir” başlığı ilə çap olunmuş yazısına münasibət bildirmək məqsədilə göndərirəm. Ancaq bundan əvvəl “bir balaca” fikirlərimə giriş etmək istəyirəm.
Qəzetinizlə tanışlığım 2015-ci ildə Bakıya köçəndən sonra başladı. Bu mənim qanımdadı. Hansı kənar yerə gedirimsə, əsas iki yeri xəbər alıram: qəzet köşkü və kitab mağazası. Şəhərə çıxan kimi məlum oldu ki, qəzet köşkü demək olar ki, lap qulağımın dibindədi. Lakin Nərimanov rayonunda hələ ki, zəngin kitab mağazası tapmamışam, axtarıram. Qəzetləri yoxlayarkən “Təzadlar” qəzeti diqqətimi çəkdi. Bir tarixçi-filoloq kimi ilk növbədə qəzetin adı mənim marağıma səbəb oldu. “Əl verib görüşəndən” sonra köhnə dost kimi “əlini” buraxmadım, qəzeti özümə tərəf çəkdim. Axı, mən özüm də qəzet işçisi olmuşam və çox qəzetlərlə tanış olub əlaqə saxlamışam. Bilirəm ki, qəzetin “etiketi” geyimdə qabaqda olmasının əksinə olaraq, onun arxasında olur. Bu mənada Sizin qəzetin hədəfi cəmiyyətimizin inkişafına mane olan ədalətsizlik, rüşvətxorluq, haqsızlıq, vəzifəsindən sui-istifadə və sair müzürr ünsürlərə qarşı mübarizədir. “Etiketə” baxanda çox hörmətli, tanınmış ziyalılarla bərabər, rəhmətlik B.Vahabzadə və M.Arazın da adlarına rast gəldim və bu, qəzeti oxumamış mənim qəzetə olan bayaqki marağımı əsil məhəbbətə çevirdi. O gündən mən qəzetin daimi oxucusuyam. Oxuduqca görürəm ki, əsərlərində insanların həyat və əqidələrindəki təzadları dahiyanə sənətkarlıqla açıb göstərən, təzad şairləri kimi tanınan B.Vahabzadə və M.Araz qələmlərini sizə etibar edib gediblər, amma redaksiya heyətində bu gün də çalışır, bizə haqqın ədalətin yolunu göstərir, adları ilə qəzetinizin arxasında dayanıblar.
İkincisi, onlar böyük xəlqi sənətkarlar kimi xəlqiliyi - sadə xalq dilində danışmağı təbliğ edir. Onunçün də qəzetinizin dili belə sadə, axıcı, cəzbedicidir. Burda xüsusilə qəzetin sonuncu səhifəsində daimi yer alan Elçin müəllimin oxuculara “Həftəbecər” başlığı ilə təqdim etdiyi maraqlı, doğru-düzgün və hamımızın ürəyindən “tikan çıxardan” yazısını qeyd etmək lazımdı.
Üçüncüsü, qəzetinizdəki cəsarət, fədəkarlıq məgər adı çəkilən dahi şairlərimizdən qaynaqlanmırmı? Sovet dövlətinin kəshakəs vaxtında “Gülüstan” kimi əsər yazmaq cəsarətin zirvəsi deyildimi?
Dördüncüsü, qəzetinizin xalq arasında sevilə-sevilə oxunması, təzadların qurbanı olan sadə insanların qəlbində ümid yeri, xilaskar rolu oynaması, “təzadlarla çarpışan, döyüşən qəzet” kimi yeni ad qazanması, həmişə yenilik-yeni söz, yeni fikir deyən, gur dağ şəlaləsi kimi çağlayan, səsi dünyaya yayılan, ana dilimizin sərhədlərini keçərək bir sıra xarici ölkə vətəndaşlarının dilində səslənən B.Vahabzadə və M.Araz dühası ilə bağlı deyilsə, bəs nədəndi?
Beşincisi, qəzetinizi sözün əsil mənasında “xalqın qəzeti” adlandırmaq olar. Çünki sözü, səsi, ünü prezidentimizə çatmayan, ədalətsizliklə üzləşən günahsız adamların səsini, sözünü hörmətli prezidentimizə yalnız Sizin qəzet faktlara əsaslanaraq, araşdıraraq doğru-düzgün şəkildə çatdıran yeganə mətbu orqanıdır. Elə bir orqan ki, qarşı tərəfə də qapısını tay-tay açmaqla əsil söz, mətbuat azadlığını nümayiş etdirir.
Qəzetinizin mətbuat aləmində yeni bir era açdığı barədə, onun özünə xas spesifik xüsusiyyətləri haqqında daha çox şey sadalaya bilərdim, amma qorxuram ki, Elçin müəllim məni o diktorlara bənzədə ki, müsahibinə verdiyi sual onun cavabından uzundu: diktorun sualı on dəqiqə, müsahibin cavabı bir neçə dəqiqə. İndi mənim də verdiyim giriş danışacağım mətləbdən uzun çıxdı. Elçin müəllim gərək məni bağışlasın, nə edim, ürəyim Sizin qəzet barəsində müsbət mənada sözlə doludur.
***
İndi keçək əsas məsələyə. Mən bu fikirlərimi qəzetinizin 2 noyabr 2021-ci il tarixli 38-ci nömrəsində şəhid Ülvi Məmmədovun atası Vüqar Məmmədin “”Vətən sağ olsun” dedirtmək gənc insanların ölməsini təbliğ etməkdir” başlığı ilə çap olunmuş yazısına münasibət bildirmək məqsədilə Sizə göndərirəm. Vüqar Məmməd çox vacib bir məsələyə toxunub. Ümumi şəkildə götürsək, mətnin başlığı ilk anda vətənpərvərlik əleyhinə deyilmiş bir söz kimi başa düşülür. Necə ola bilər ki, oğlunu könüllü şəkildə müharibəyə, necə deyərlər, odun-alovun içinə göndərən ata vətənpərvər olmaya?
Nəzərə almaq lazımdır ki, bu məqalədə söhbət oğulların yox, ataların “vətənpərvərliyindən” gedir. Oğlunu hərbi xidmətdən yayındıran valideynlər tənqid olunur. Belə valideynlərin əksəriyyətinin məmur olduqları, dövlətdən daha çox faydalanan, nəinki faydalanan, hətta dövlətin vəsaitini, milyardlarını yeyib heç üstündən su da içməyən adamların - valideynlərin olduqlarını qabardır. Belə adamlar Vətəndən “o birilərindən” daha çox faydalandıqları üçün gərək Vətəni “o birilərindən” daha artıq sevələr. V.Məmməd də bu vətənə xeyir verməyənləri, “Təzadlar”ın (bəli, yalnız “Təzadlar”ın) silahı ilə “öldürür”, üstündə “şaxsey” gedir. Əslində, ay Vüqar müəllim, belələrinə vallah Sizin əziyyət çəkib “şaxsey” getməyiniz də hayıfdı. Allah Prezidentimizin canını sağ eləsin, belələrinin yerini, xanasını onlara göstərir: Dustaqxana!
Biz nə qədər ki, oğulu Vətən oğlu yox, öz oğlumuz hesab edirik, belə olacaq.
***
V.Məmmədin məqaləsinin bax bu anlamda böyük əhəmiyyəti var. O övlad vətənpərvərliyindən deyil, ailə-valideyn vətənpərvərliyinin məmurlar tərəfindən öz şəxsi maraqlarına uyğunlaşdırılması, onun ümumbəşəri dayaqlarının sarsıdılması əleyhinə çıxır və Dədə Qorquddan deyilən vətən, torpaq haqqındakı aksioma qarşı, sübuta ehtiyacı olmayan həqiqətə qarşı, xalqımızın uzun illərdən bəri sınaqdan çıxmış adət-ənənələrimizin əksinə (təzad!) öz ambisiyalarını yerinə yetirməyə çalışdıqlarını ifşa edir.
Vətənpərvərlik çox geniş məfhumdur. Onun iki tərəfi var: nəzəri və praktiki. Bunlar bir-birini təkrarlamalıdır. Ancaq biz elə bil ki, bunları bir-birindən ayırmışıq və hətta, sanki bunların daşıyıcıları da ayrı-ayrı adamlardır. Nəzəri vətənpərvərlikdən savadlı məmurlar danışır, praktiki işi isə kasıb-kusublar icra edirlər.
Oğlunu şəhid verən vətənpərvər praktiki məsələlərdən - onun əsgərliyə və yaxud müharibəyə necə getməsindən, oğlunun hansı cəbhədə vuruşmasından, igidliyindən danışır, amma desən ki, onda bu vətənpərvərliyi necə tərbiyə etmisən? Deyər ki, vallah buna cavab verə bilmirəm, bunu savadlılardan soruş. Onu bilirəm ki, müharibəyə özü qəfildən getdi, onu gəlib aparan, çağıran olmadı. Həmişə də xəbər verirdi ki, mən hələ müharibə nədir bilmirəm, arxa cəbhədə məşq keçirik, məndən nigaran olmayın, kefim lap kökdü və s.
Yəni, görülən işdən danışır. Savadlı məmurlar isə görüləsi işlərdən danışır, gənclərin bu sahədə vəzifələrindən, vətəni yolunda ölməyin çox şərəfli iş olmasından, belələrinin daim yaşayacaqlarından, bir sözlə, vətənpərvərliyin şərəfindən, əhəmiyyətindən, vacibliyindən, gənclərin əsas vəzifəsi olmasından danışır, özünün vəzifəsindən yox. Hətta II Dünya və I Qarabağ müharibələrində gənclərimizin qəhrəmanlığından sitat da gətirirlə\r. Görək bu canından keçən oğulların içərisində bir məmurun övladı varmı? Yox! Tərbiyə sistemimizdə ən böyük qüsur bu barədə çox danışıb - yazsaq da minlərlə məmurların uşaqlarının vətənpərvərlik sahəsində şəxsi imzasının olmamasıdı. El arasında söz var: yüz eşitmək, oxumaqdansa, bir dəfə görmək yaxşıdı. Bu, hətta nəzəri məsələ olan təlimdə də belədi: dərsi əyani keçdikdə şagird daha yaxşı qavrayır. Vaxt var idi ki, yəni Sovet dövründə məmurların ən böyüyü olan Sov.İKP və Azərbaycan KP-nin birinci katibləri İ.Stalin və M.C.Bağırovun övladları II Dünya müharibəsində iştirak edib və canlarından keçiblər. Hətta Stalin Stalinqrad döyüşlərində əsir düşən alman generalını öz oğlu ilə dəyişmək təklifinə “generalı soldatla dəyişməzlər” deyə razılıq verməyib. Bax, budu əsil vətənpərvərlik.
Elə müharibədə qalib gəlməyimizin əsas səbəblərindən biri də bax budu. Xalq “Vətən uğrunda”, “Stalin uğrunda” döyüşərdi. Stalinqrad döyüşü II Dünya müharibəsi tarixinə ölkəmizin ilk dönüş nöqtəsi kimi yazıldı.
Təəssüf ki, yoxlanılsa (niyə yoxlanmır ki?!) məmurlardan heç birinin oğlanlarının II Qarabağ savaşında iştirak etmədiyi bilinərdi. Burda mənim 1960-63-cü illərdə (Ağcabədi rayonunun Ağdam rayonuna birləşdirilməsinə qədər) Ağcabədi RPK və RİK -in orqanı olan “Ağcabədi pambıqçısı” qəzetində məsul katib işləyərkən baş vermiş bir hadisə yadıma düşdü. Başqa rayonlarda bilmirəm, bizim rayonda hərbi xidmətə çağırış çox geniş və təntənəli şəraitdə keçirilərdi.
Bura valideynlərlə yanaşı RPK, RİK, RKK və RHK-nin nümayəndələri II Dünya müharibəsi və əmək veteranları, redaksiyanın nümayəndələri də dəvət edilərdi. Çalıb-oynamaq da ki, öz yerində. Bir dəfə redaktor başqa tədbirə qatıldığı üçün bu tədbirə mən getməli oldum. RPK, RİK, RKK və RHK-nin nümayəndələri heç kimə macal vermədən uzun-uzadı alovlu çıxışlar edirdilər. Yalnız bir nəfər valideynə söz verildi. O da “Sağ gedib salamat gəlsinlər” sözlərilə çıxışını bitirdi. Tədbirin qızğın yerində bir orta yaşlı qadın icazəsiz-filansız hərbi komissarın üstünə yeriyərək əl-qolu ilə (indi isə əksinədi - yenə təzad!) ucadan dedi ki, niyə fərq qoyursan? Hamı əsgərliyə getməlidi deyirsiniz, amma ispalkomun oğlunu aparmırsınız. Onun oğlu da mənimkilə (deyəsən, mənim oğlum deməkdən utanırdı) yaşıddı.
Hərbi komissar kənd soveti sədrinin oğlunun şəxsi işinin gətirilməsinə göstəriş verdi. Gətirdilər, komissar işi vərəqləyib dedi ki, hərbi həkim komissiyası onu qolunun şikəst olması səbəbilə hərbi xidmətdən azad edib. Qadın daha da qəzəblə dedi ki, onun qoluna heç nə olmayıb. “Dirədöymə” oynayanda, mənimki də orda imiş, biləyində çıxıntı olub. Sonra da dedilər ki, çıxıqçı salıb yerinə.
Qadın axırda da dedi ki, mən bunu qəzetdə yazdırıb səni və o həkimləri biabır edəcəm... Kimsə kənardan ona məni istinad verdi. O, mənə yaxınlaşanda dedim ki, sabah gəl redaksiyaya, orda danışarıq, bura yeri deyil. Sabah səhər-səhər mən bu barədə redaktora məlumat verdim. Redaktor Abbas Kazımov adlı orta yaşlı və elə o savadda uzun illərdi ki, redaktor işləyən bir kişi idi. O etiraz edib dedi ki, belə bir şeyi yazsaq ikimizi də işdən çıxararlar. Narahat və narazı olduğumu görüb güldü və dedi:
- Gəlsə, göndər yanıma. Savadlı olduğuna baxma, sən belə məsələləri həll edə bilməzsən...
Yəni demək istəyirəm ki, vəzifəli valideynlərin övladını hərbi xidmətdən yayındırması əmin-amanlıq dövründə də olub, nəinki müharibə vaxtı. Mən ömrüm boyu özümü xalqdan, kollektivdən heç vaxt ayırmamışam. Bunu biabırçılıq hesab etmişəm. Rayon mərkəzində altı il işləmişəm - üç il qəzetdə, üç il təhsil şöbəsinin müdiri kimi. Rayonun idarəetmə sisteminin bir çox sahələrində mötəbər vəzifələrdə dostlarım olub. Hətta mənə təklif edənlər də olub ki, istəyirsən oğlunu əsgərlikdən saxlayaq. Demişəm ki, mən kənddə neçə ildi ki, (fasiləsiz olaraq qırx ildən artıq) məktəbin direktoruyam, tərbiyəçiyəm, mənə yaraşmaz (özümü üstün tutmaq). Oğlanlarımın ikisi də Sovet Ordusunda hərbi xidmət edib, böyük oğlum istefada olan mayordur və hal-hazırda Müdafiə Nazirliyində çalışır.
Məktəbdə təlim-tərbiyəyə cavabdeh olan bir neçə komissiyalar var ki, bunların içərisində xüsusilə kənd şəraitində ən çətini icbari təhsil komissiyasıdı. Bu sahəni mən heç kimə etibar etmədən özüm aparmışam. Təlim, məktəbdənkənar tərbiyə və başqa komissiya sədrləri kimi mən də istehsalat və pedoqoji şuralarımda vaxtaşırı yazılı hesabat vermişəm, tapşırıq almışam. Yəni, özümü kollektivdən ayırmaq, yalnız direktorluq vəzifəmə uyğun olaraq rəhbərlik etməyi, göstəriş verməyi, tələb etməyi özümə rəva bilməmişəm. İşimdə nümunə göstərmək həmişə mənim idealım olub, bundan, yalnız bundan həzz almışam. Bu barədə Təhsil Problemləri İnstitutunun orqanı olan “Təhsil problemləri” qəzetinin 11-20 fevral 2005-ci il tarixli buraxılışında müxbir Səidə Bahadur qızı bütün bir səhifəlik məqaləsini mənim pedoqoji fəaliyyətimə uyğun gələn bir cümlə ilə belə başlamışdır: “Ən yaxşı tərbiyə şəxsi nümunədir”.
Lazım gəldikdə öz vətəndaşlıq borcunu yerinə yetirməyən valideynlər, eləcə də gənclər haqqında Konstitusiyamızda, əslində, tutarlı bir maddə yoxdu, belə gənclər ya vətəndaşlıq hüququndan məhrum edilir, ya da açıq şəkildə ölkədən qovulur.
***
V.Məmməd öz məqaləsində konkret şəkildə belələrinə misal olaraq Mirşahinin adını çəkir. O Mirşahinin ki, ANS telekanalının bağlanmasının səbəbkarlardan biri olmasına baxmayaraq yenidən “Real TV”-nin, Elçin müəllim demiş, başında oturub, əli “böyüklərin” ətəyindədi, telekanallarda ancaq onlardan müsahibə götürmək sənətilə “məşhurlaşıb”.
Hörmətli redaktor! Bu məqaləm Sizinlə, Sizin redaksiya ilə mənim aramda ilk qiyabi tanışlıq rolunu oynasa, mən buna şad olaram. Sağlıq olsun, elə bilirəm ki, Sizin tərəfinizdən də bu belə qarşılansa gələcəkdə bizə çox fayda verə bilər. İlk ələlxüsus qiyabi tanışlıqdan, birbaşa müsahibindən xahiş etmək, məncə, düzgün deyil. Amma qəzetiniz ruhuma yeni can verdiyinə görə, atalar üçdən deyib, iki arzumu bildirmək istəyirəm.
Birincisi, qəzetiniz həftədə bir dəfə çıxır, bu bir həftə də gəlib çıxmır ki, çıxmır. Qayda belədi- bir şeyi qəlbən gözləyirsənsə, elə bil gün, həftə, ay, il sənin acığına uzanır. Yaxşı olardı, darıxırıq, yaxşı olardı heç olmasa həftədə iki gün nəşr olunaydı. B.Vahabzadə və M.Araz yaradıcılığında təzad çox üstünlük təşkil edir, həm də böyük sənətkarlıqla:
Kiçilə-kiçilə böyüyənləri,
Böyüyə-böyüyə kiçilən gördüm -
deyən sənətkar, cild-cild əsərlərə sığışmayan bir məsələni ikicə misra ilə oxucuya çatdırmaq böyük istedad tələb edir. Çox çalışdım ki, nümunə gətirməyəm, çünki Siz bunu daha yaxşı bilirsiniz, amma deməsəm olmur.
İkincisi, yaxşı olar ki, yeri gəldikcə (Siz bunu edirsiniz, elə son 14 dekabr 2021-ci il tarixli buraxılışınızdakı “Zəngəzur dəhlizi və Məmməd Araz xatirələri...” məqaləsi) M.Araz və B.Vahabzadənin yaradıcılığından, bir beytini, bir bəndini və ya bütün bir şerini verəsiniz.
Siz qəzetinizdə onsuz da İranın klassik tərifini vermisiniz (qəzetinizin 28 sentybr 2021-ci il tarixli buraxılışında “”İran Azərbaycana heroin, molla ixracı, Ermənistana isə benzin və ... məqaləsi). Qəzetinizin 19 oktyabr 2021-ci il tarixli buraxılışında Ərdoğanın dilində səslənən B.Vahabzadənin şerindən ruhlanan Aqşin Hacızadənin “O şeri bir də söylə, Ərdoğan” şerini qəzetinizdə verməklə o taylı, bu taylı Azərbaycanda milyonların rəğbətini qazanmısınız.
İmza: mən belə hesab edirəm ki, bir universitet və bir institut bitirmişəm.
Universitetim: nəzərimdə həmişə şapkası gözünün üstündə olan nəhəng Şiraslan Ağayevin direktor ilduğu M.C.Bağırov adına Ağdam şəhər 1 nömrəli oğlan orta məktəbinin 1954-cü il məzunu - hal-hazırda Azərbaycanda oğlan orta məktəbi yoxdu.
İnstitutum: Lenin adına Azərbaycan Pedoqoji İnstitutunun tarix-filoloji fakultəsinin birinci və sonuncu məzunu. İndi belə fakultə yoxdu.
Qeyd: Vüqar Məmmədin bu məqaləsindən sonra belə görünür ki, məmurlar üçün universitetlərin nəzdində əlavə hərbi vətənpərvərlik kafedrası və ya fakultəsi açmaq lazımdır. Belə diplomu olmayanlar məmur vəzifələrinə təyin olunmamalıdırlar.
Hörmətlə:
Zahir Məzahir