Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov "Media islahatları: Yeni hədəflərə doğru" adlı məqalə yazıb.

Tezadlar.az həmin məqaləni təqdim edir.

"2020-ci ilin sonlarında Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun Vətən Müharibəsində qazandığı Zəfər tariximizin ən parlaq səhifələrindən biri kimi xalqmızın milli iftixar və qürur mənbəyinə çevrilmişdir. İşğal altındakı torpaqlarmız azad edildikdən sonra dövlətimizin inkişafı, iqtisadiyyatımızın gücləndirilməsi, milli təhlükəsizlik, xalqın rifah səviyyəsinin yüksəldilməsi istiqamətində işlər daha böyük sürətlə həyata keçirilməyə başladı, azad edilmiş torpaqlarımızda infrastrukturun və ekoloji tarazlığın bərpası prioritet vəzifələrdən biri kimi müəyyən edildi.

Formalaşmış yeni reallıqlar çərçivəsində Azərbaycanda informasiya mühitinin qorunması, əhalinin düzgün və obyektiv informasiya əldə edə bilməsi üçün müvafiq şəraitin yaradılması, media sahəsinin inkişaf etdirilməsi məsələsi də daha böyük əhəmiyyət kəsb etməyə başlamışdır. Bununla əlaqədar 2021-ci il yanvarın 12-də Azərbaycan Respublikası Prezidenti “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərman imzalamış və bununla da media sahəsinin inkişafı məsələlərinin dövlətin diqqətində olduğunu bir daha təsdiq etmişdir.

Qloballaşan dünyada yüksək sürətlə baş verən informasiyalaşma prosesi, demək olar ki, bütün ölkələri əhatə etməkdədir. Lakin belə şərait heç də bütün ölkələr üçün bərabər şərtlər təqdim etmir. Sirr deyil ki, daha böyük və informasiya texnologiyaları cəhətdən daha çox inkişaf etmiş dövlətlər bu sahədə daha qabaqcıl mövqelərdə dayanmaqla nüfuz və təsir imkanlarını öz maraq dairələrinə daxil olan mümkün qədər geniş dairəyə tətbiq etməyə çalışırlar. Bu mənada, 44 günlük Vətən müharibəsindən sonra və son dövrlərdə regionumuzda baş verən digər hadisələr fonunda dünya siyasətinin gündəminə daha çox gələn Azərbaycan özünün geostrateji mövqeyi, regiondakı nüfuzu və beynəlxalq təşkilatlardakı çəkisi sayəsində qeyd olunan xarici aktorların maraq dairəsinə daha intensiv şəkildə düşməkdədir. Qeyd edilən Fərman həm də belə bir vəziyyətdə ölkədə daxili informasiya məkanının təhlükəsizliyinin təmin edilməsi, milli media məhsulu istehsalının stimullaşdırılması, yerli medianın inkişafının təşviq edilməsi və rəqabətədavamlı medianın formalaşdırılması, informasiya mühitində münasibətlərin hüquqi nizamlanması, habelə Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə effektiv şəkildə çatdırılması məqsədilə yeni konseptual yanaşmanın, yol xəritəsi rolunu oynayacaq sənədin hazırlanması ilə bağlı yaranmış ciddi zərurətlə əlaqədar imzalanmışdır.

Həmin Fərmana əsasən yaradılmış Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) Azərbaycan mediasının qlobal informasiya mühitinin müəyyənləşdirdiyi fəaliyyət prinsiplərinə uyğun olaraq modernləşmə, rasionallıq, qabaqcıl texnologiyaların geniş tətbiqi, aparıcı trendlərin izlənilməsi və digər mühüm şərtləri özündə birləşdirən innovativ təkamülün yaratdığı imkanlardan daha çox bəhrələnə bilməsi, media sahəsində institusional quruculuq işlərinin davam etdirilməsi, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması məqsədilə təsis edilmişdir. Fəaliyyətini şəffaflıq və vətəndaş məmnunluğu prinsipləri üzərində quran Agentlik Nizamnaməsinə uyğun olaraq media subyektlərinin, redaksiyaların, jurnalistlərin reyestrinin aparılması, o cümlədən onlayn mediaya dair məsələləri, reklam, reytinq, mediada biznes modellerərinin təşviq edilməsi kimi əhəmiyyətli fəaliyyət istiqamətlərinin inkişafı ilə əlaqədar funksiya və səlahiyətləri də özündə birləşdirir.

Media sahəsində həyata keçirilən islahatlar mahiyyət etibarilə özündə media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsasları, həmçinin kütləvi informasiyanın əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı, yayımı və s. dair məsələlərin daha təkmil formada həll edilməsinə yönəlmiş tədbirləri ehtiva edir. Bura normativ hüquqi bazanın yenilənməsi və təkmilləşdirilməsi, media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi, jurnalistlərin peşəkarlığının, məsuliyyətinin və cəmiyyətin media savadlılığının artırılması, həmçinin media sahəsində institusional islahatların həyata keçirilməsi aid edilə bilər.

Bu mənada yeni qanunun qəbul edilməsi hazırda son dərəcə aktualdır və əminliklə demək olar ki, zərurətə çevrilmişdir. Bu qanun peşəkar media subyektləri və jurnalistlər üçün geniş imkanlar və potensial güzəşt və imtiyazlar üçün hüquqi əsas yaradacaq, ölkə mediasının daha yüksək inkişaf mərhələsinə keçidinə dəstək olacaqdır. Lakin unudulmamalıdır ki, media bir prosesdir və həmin prosesdə media subyektləri və jurnalistlər iştirakçıların yalnız bir qrupu – xəbərin, media məhsulunun istehsalçısıdırlar. Onlarla yanaşı həmin prosesdə bu media məhsullarının istehlakçıları – auditoriya, yəni qəzet və sayt oxucuları, televiziya tamaşaçıları, radio dinləyiciləri və s. da iştirak edir. Yeni qanun layihəsi hazırlanarkən Azərbaycan Respublikasının Konstitusiyası, qanunvericilik bazası, beynəlxalq qanunvericilik və müxtəlif digər sənədlər nəzərə alınmışdır. Məsələn, Avropa Şurasının “Jurnalistika Etikası” ilə bağlı qəbul etdiyi Qətnamənin müddəalarına uyğun olaraq yeni layihədə bütün tərəflərin, o cümlədən media məhsulu islehlakçısının da maraqları nəzərə alınmış, onların hüquqlarının qorunması təmin edilmişdir.

Hələ Milli Məclisə təqdim edilənədək qanun layihəsinin onlarla media subyektində təqdimatı olmuş və yüzlərlə (800-ə yaxın) jurnalistin iştirakı ilə müzakirəsi həyata keçirilmişdir. Medianın İnkişafı Agentliyi və Milli Televiziya və Radio Şurası tərəfindən layihə ilə əlaqədar bütün suallara və qaranlıq məqamlara aydınlıq gətirilməsi məqsədilə ictimaiyyətlə effektiv kommunikasiya qurulmuşdur və maraq doğuran məqamlara operativ və ətraflı izahlar verilməkdədir.

Bundan əlavə, hazırda ölkədə media sahəsinə dair qanunvericiliyin təkmilləşdirilməsi, ifadə azadlığının daha çox təmin edilməsi istiqamətində müvafiq iş davam etdirilir, qanunvericilikdə mövcud olan bəzi tələblərin yumşaldılması imkanları təhlil edilir.

İstənilən ölkədə medianın inkişafının ilkin şərtlərindən biri jurnalistlərin peşəkarlığının artırılması, onların problemləri və ehtiyacları ilə bağlı tədbirlərin görülməsidir. Agentlik bu istiqamətdə istər müstəqil şəkildə, istərsə də yerli və xarici tərəfdaşlarla birgə müntəzəm olaraq müxtəlif təlimlər, treninqlər və digər tədbirlər həyata keçirməkdədir. Bununla yanaşı, Agentlik tərəfindən media subyektlərinin rəhbərləri üçün menecment və idarəetməyə dair xüsusi seminarlar, region mediasının inkişafı ilə bağlı müxtəlif bölgələri təmsil edən media subyektlərinin nümayəndələri ilə videokonfrans formatında görüş təşkil edilmişdir.

Hər bir sahədə olduğu kimi, media sahəsində də peşəkarlığın əsas göstəricilərindən biri peşə etikası faktorudur. Mediada peşə etikasına riayət edilməsi, müəllif hüquqları, məlumatların dəqiqliyi və qərəzsiz obyektiv yanaşmanın təmin edilməsi, əxlaq normalarının gözlənməsi və s. məsələlər peşəkar medianın inkişaf etdirilməsi kontekstində daim diqqətimizdə saxlanılır və bu istiqamətdə müvafiq tədbirlər həyata keçirilir.

Bildiyiniz kimi, medianın funksiyalarından biri dövlət qurumlarının timsalında dövlətlə cəmiyyət arasında sağlam kommunikasiyanın qurulması, onun fəaliyyəti haqqında informasiyanın ictimaiyyətə doğru çatdırılmasıdır. Bu məqamı vaxtilə hələ ümummilli lider Ulu Öndər Heydər Əliyev çox incəliklə duymuş və “mətbuat – dövləti və cəmiyyəti birləşdirən canlı sinirdir” şəklində son dərəcə dəqiq ifadə etmişdir. Biz bu izahı daim diqqətdə saxlayır, mətbuatın fəlsəfəsinin doğru qavranılması üçün onu öz fəaliyyətimizdə rəhbər tuturuq. Bu məsələdə dövlət qurumlarının mətbuat katibləri və ictimaiyyətlə əlaqələr üzrə digər məsul əməkdaşlarının peşəkarlıq səviyyəsi mühüm rol oynayır. Agentlik tərəfindən ADA Universiteti ilə birgə həmin əməkdaşlar üçün xüsusi təlimlər təşkil edilmiş, bu təlimlərə dövlətin həm mülki qurmlarının, həm də hüquq mühafizə və digər qeyri-mülki orqanlarının müvafiq nümayəndələri cəlb edilmişdir.

Ötən dövr ərzində Agentlik tərəfindən Baş Prokurorluq, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Dövlət Turizm Agentliyi və digər dövlət qurumları ilə müxtəlif layihələr də həyata keçirilmişdir.

Agentlik tərəfindən təşkil edilən və müxtəlif kateqoriyalara istiqamətlənmiş bütün bu tədbirlərin əsas məqsədlərindən biri informasiya və xəbər mühitini sağlamlaşdırmaq, bu sahədə peşəkarlıq səviyyəsini yüksəltmək, jurnalistika peşəsinin cəmiyyətdə nüfuzunu qaldırmaq, onu yüksək keyfiyyət standartlarına uyğunlaşdırmaqla məsuliyyətsiz və qeyri-peşəkar təzahürlərdən azad etməkdən ibarətdir.

Onu da qeyd edək ki, Agentlik tərəfindən jurnalistlərin rifahının yüksəldilməsi və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində müxtəlif layihələr işlənib hazırlanmaqdadır. Media reyestrının tətbiqi ilə bu istiqamətdə aidiyyəti dövlət qurumları ilə birgə konkret layihələrin həyata keçirilməsi nəzərdə tutulur.

Agentlik fəaliyyətinin əsas hədəflərindən biri kimi media subyektlərinin iqtisadi müstəqilliyinin təmin edilməsi məsələsini daim diqqətdə saxlayır, bu məqsədlə müvafiq təhlil və araşdırmalar aparır, müxtəlif qurumlarla əməkdaşlıq edir. Məsələn bir müddət öncə media subyektləri üçün iqtisadi dəstək mexanizmləri ilə bağlı xüsusi yazılı sorğu keçirilmiş, 100-dən çox media subyektindən təkliflər toplanaraq təhlil edilmiş və həmin təkliflərin İqtisadiyyat Nazirliyi ilə ilkin müzakirəsi aparılmışdır. Media subyektlərinin iqtisadi müstəqilliyi ümumilikdə medianın müstəqilliyinin əsas təminatçısıdır və bu mənada media subyektləri müstəqil sahibkarlıq (biznes) subyekti kimi rəqabətqabiliyyətli olmağı bacarmalıdırlar. Bəzi hallarda, ictimai əhəmiyyət daşıyan, lakin kommersiya nöqteyi-nəzərindən özünü maliyyələşdirə bilməyən ictimai-siyasi, xəbər, idman və uşaq telekanallarına mütəmadi dövlət dəstəyinin göstərilməsi dünyada geniş qəbul olunan bir praktikadır.

Agentlik media subyektlərinin inkişafı, iqtisadi müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, habelə dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsi məqsədilə müntəzəm müsabiqələr təşkil edir. Qeyd edək ki, əvvəlki illərdən fərqli olaraq Agentliyin fəaliyyəti dövründə keçirilən müsabiqələrdə ənənəvi çap mediası ilə yanaşı, onlayn media subyektlərinin (xəbər veb-saytlarının) iştirakı üçün də şərait yaradılmışdır. Müsabiqələrin əhatə dairəsinin genişləndirilməsi ilə bağlı digər fərqləndirici məqam ondan ibarətdir ki, ötən ilin iyun ayından başlayaraq fərdi jurnalist müsabiqələrində jurnalistlər çap materialları – məqalələrlə yanaşı, artıq audiovizual media materialları – televiziya süjetləri ilə də iştirak edə bilirlər.

Fəaliyyət dövrü ərzində Agentlik müxtəlif layihələrin həyata keçirilməsinə müvəffəq olmuş, bu layihələr çərçivəsində ADA Universiteti, “Al Jazeera”, “Haber Global”, Türk Əməkdaşlıq Koordinasiya Agentliyi (TİKA), “Anadolu Ajansı”, “Lazarus Training” kimi nüfuzlu qurumlarla etibarlı əməkdaşlıq əlaqələri qura bilmişdir. Tərəfdaşlarla həyata keçirdiyimiz ən yaddaqalan layihələrdən biri kimi Azərbaycanın hərbi reportyorları üçün Türkiyənin Ankara şəhərində təşkil olunan xüsusi təlimlər nümunə göstərilə bilər.

Bu müddət ərzində təşkil edilmiş tədbirlər “Mediada islahatlara doğru”, “Böhran vəziyyətlərində jurnalistika”, “Jurnalistlərin münaqişə zonasında davranışları”, ”Qabaqcıl televiziya proqramlaşdırılması”, “Təhlükəli bölgələrdə fəaliyyət”, “Mina partlayışlarında xilas olma və ilkin tibbi yardım”, “Məişət zorakılığı media müstəvisində” (Tvinninq layihəsi), “Media etikası” və s. kimi spesifik mövzuları əhatə etmişdir.

Eyni zamanda, vurğulamaq istərdik ki, Agentliyin bütün layihələri həyata keçirilməzdən öncə xaricdə təhsil almış yüksəkixtisaslı mütəxəssislərimiz, müxtəlif dövlət qurumlarında və özəl sektorda çalışmış peşəkar və təcrübəli əməkdaşlarımız tərəfindən dərindən təhlil edilir, beynəlxalq təcrübəyə əsaslanaraq optimal həllər verilməklə hazırlanır.

Agentlik ölkədə baş verən hadisələri, sosial sifarişi diqqətində saxlamaqla hər zaman cəmiyyətin tələblərinə adekvat cavab verməyə çalışır. Qəhrəmanlarımıza xüsusi sevgi və hörmət əlaməti olaraq, Vətən müharibəsində qazanılmış Zəfərin birinci ildönümü ərəfəsində “44 günlük tarix yazan media qəhrəmanları” adlı layihə çərçivəsində silsilə videoçarxlar hazırlanmışdır. Agentlik, eyni zamanda, bu münasibətlə “Regional İnkişaf” İctimai Birliyi (RİİB), Azərbaycan Fotoqraflar Birliyi (AFB) və Media Təhlil Mərkəzi (MTM) ilə birgə “Vətən müharibəsi - qələbənin simaları” adlı fotomüsabiqə təşkil etmişdir.

Bildirmək istərdik ki, Agentlik gəncləri də unutmur, media sahəsində gənc kadrların yetişdirilməsi və istedadlı gənclərin bu sahəyə cəlb edilməsi məqsədilə müxtəlif layihələr həyata keçirir. Bu istiqamətdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsi ilə sıx əməkdaşlığımız davam etdirilir. Əlavə olaraq, Agentlik media sahəsinə maraq göstərən istedadlı və təşəbbüskar gəncləri cəlb edərək “Media könüllüləri” layihəsi hazırlamış və həmin layihə çərçivəsində 2 aylıq xüsusi “MEDİA könüllüləri üçün peşəkar inkişaf təlimləri” proqramını təşkil etmişdir.

Medianın İnkişafı Agentliyi media sahəsində beynəlxalq əməkdaşlıq layihələrində yaxından iştirak edir, ikitərəfli və çoxtərəfli formatda münasibətlərin qurulması və gücləndirilməsinə xüsusi diqqət ayırır. Buna misal olaraq Türk Dövlətləri Təşkilatı, Türkiyə-Azərbaycan ortaq media platforması layihələrini göstərmək olar.

Yarandığı qısa müddət ərzində Agentlik Bakıda keçirilən o zaman hələ TDƏŞ adlanan təşkilata üzv dövlətlərin informasiya və media üzrə məsul nazirlərinin 3-cü toplantısı, Qazaxıstanın Nur-Sultan şəhərində keçirilən “2021: Dünya yeni mənalar axtarışında” mövzusunda XVII Avrasiya Media Forumu, Rusiyanın Həştərxan şəhərində keçirilən VI Xəzər Media Forumu və İstanbul Media Forumu kimi müxtəlif nüfuzlu beynəlxalq tədbirlərdə təmsil edilmişdir. Bununla yanaşı ötən ilin ən diqqətəlayiq beynəlxalq tədbirlərindən biri sentyabr ayında Türk Dövlətləri Təşkilatına üzv ölkələrin media nümayəndələri üçün Azərbaycana, o cümlədən onun işğaldan azad edilmiş ərazilərinə təşkil edilmiş mediatur olmuşdur. Həmin mediaturda iştirak edən çoxsaylı beynəlxalq media nümayəndələri sonradan öz dövlətlərinin media resurslarında səfər təəssüratlarını bölüşərək geniş materiallarla çıxış etmiş, burada tanış olduqları Azərbaycan həqiqətləri ilə bağlı öz ölkələrinin və daha geniş auditoriyanı tanış etmişdilər.

Beynəlxalq münasibətlərimizin əhatə dairəsinin istər ikitərəfli formatda, istərsə də beynəlxalq təşkilatlar səviyyəsində yaxın zamanda genişləndirilməsi istiqamətində hazırda konkret əməli işlər davam etdirilir.

Yuxarıda qeyd etdiyimiz kimi media prosesi əslində kifayət qədər geniş bir anlayışdır və bu prosesdə bir sıra müxtəlif iştirakçılar təmsil olunur. İstehsal olunduqdan sonra, media məhsulunun istehlakı mərhələsində onun məzmunu ilə yanaşı, istehlakçısının savadı, ictimai mənşəyi, peşəsi, mədəni səviyyəsi, dünyagörüşü, intellektual bacarığı, tənqidi yanaşması, müstəqil düşünmə qabiliyyəti və digər keyfiyyətləri əhəmiyyətli rol oynamağa başlayır. Bunu nəzərə alaraq Agentlik tərəfindən media məhsulları və informasiyanın istehlakçısı olan auditoriyanın media savadlılığının yüksəldilməsi istiqamətində müəyyən tədbirlər nəzərdə tutulmuşdur. Məsələn, bu istiqamətdə Baş Prokurorluqla birgə “Media və hüquqi maarifləndirmə” vəsaiti hazırlanaraq ictimaiyyətə təqdim edilmişdir.

Yaxın gələcəkdə media subyektlərinin iqtisadi müstəqilliyi, jurnalist və qeyri-jurnalist olan media nümayəndələrinin peşəkarlığının artırılması, region mediasının inkişafı, mediada reklam məsələləri, rəqəmsal media və gənclərlə bağlı müxtəlif layihələrin, sahəvi jurnalistikanın müxtəlif istiqamətləri üzrə xüsusi tədbirlərin işlənib hazırlanması nəzərdə tutulur.

Agentlik şəffaflıq prinsipini daim rəhbər tutaraq fəaliyyətini media nümayəndələri üçün maksimum açıq şəkildə təşkil etməyə çalışır. Ötən dövr ərzində qurum nümayəndələrinin 250/300 açıqlama müsahibəsi yayımlanmış, 100-dən çox özəl reportaj, 500-ə yaxın post, 200-ə yaxın pres-reliz, məlumat bülleteni və bəyanat hazırlanmışdır. Bugünə qədər Agentliyin təlim, seminar və digər layihələrinə 60-dan çox təlimçi, 350-dən çox media nümayəndəsi cəlb edilmişdir.

Biz fəaliyyətimizi cəmiyyətlə bölüşməkdən, onların mediaya olan marağına uyğun yeni layihələr təqdim etməkdən böyük məmnunluq duyuruq. Fürsətdən istifadə edərək oxucuları xüsusi proqram vasitəsilə hazırladığımız xüsusi layihələrlə tanış olmağa – milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin xatirə muzeyini və “Milli Mətbuat Tariximizin İnciləri” sərgisini rəsmi saytımızda virtual şəkildə ziyarət etməyə dəvət edirik.

Sonda qeyd etmək istərdik ki, Agentlik mediaya, media subyektlərinə, jurnalistlərə, media ekspertlərinə, media sahəsinə maraq göstərən gənclərə və ümumilikdə cəmiyyətə hər zaman açıqdır. Biz səmərəli əməkdaşlıq təkliflərinizi və mediamızın inkişafına töhfə verə biləcək konstruktiv ideyalarınızı məmnuniyyətlə dəyərləndirməyə hazırıq.

İnanırıq ki, həyata keçirilən islahatlar tezliklə öz müsbət nəticələrini göstərəcək və mediamız müasir dövrün tələblərinə uyğun olaraq açıq rəqabətli qlobal informasiya mühitində öz layiqli yerini tutacaqdır".

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN