...Çoxlarından eşitdiyim fikir olmasın, bu əzəmətli kişinin ölümünə inana bilmirəm... Halbuki Goradil kənd qəbirstanlığında olmuşam, sədaqətli ömür-gün yoldaşı Kəlimət xanımın məzarı yanındakı qəbrini də görmüşəm, kövrəlmişəm, xəyalən keçən əsrin 60-70-ci illərinə qayıtmışam, doğma bir duyğu ilə bu yazını yazmağı qərara almışam... Ən başlıcası, bənzərsiz, maraqlı-səmimi, istedadlı, yaradıcı insan barədə nəsə demək, yazmaq məsuliyyətini boynuma götürməyə cəsarət etmişəm.

Yox, hamının bildiyi, qəzet və jurnallarda, kitablarda dərc edilmiş, bioqrafik istiqamətli yazılardan fərqli olaraq nəsə başqa cürə yazmaq məsuliyyəti məni düşündürür, narahat edir...

Sadıq Nəbi oğlu Murtuzayev! Kimdir O?

1927-ci ildə Qax rayonunun cənnət İlisu kəndində bu dünyaya gəlməkdə, bir ömür payını yaşamaqda, sonsuz həvəs və təşəbbüs dolu, növ-növ insanlarla zəngin, adi və qeyri-adi hadisələrlə üzləşən, çoxlarından fərqlənən bu adamda hansı keyfiyyətlər güclü cazibə qüvvəsi yarada bilmişdir, onunla ünsiyyətdən zövq ala bilirsən, artırsan, ucalırsan... Cazibə qüvvəsi dedim, bəlkə də bizləri biri-birinə bağlayan, yaşamağa, yaratmağa səsləyən elə bu cazibə qüvvəsidir. Bizləri bu planetə, ailəyə, cəmiyyətə bağlayan duyğuların kökündə gözəgörünməz cazibə qüvvəsi yoxdurmu?

Boy-buxunu yerində, sıx kömür saçları buğdayı sifətinə kölgə salmış bu yaraşıqlı kişini ilk dəfə 1963-cü ilin bir yaz günü gördüm. Onda Sadıq müəllim yenicə Abşeron Rayon Partiya Komitəsinin birinci katibi seçilmişdi, nə az, nə çox, düz 36 yaşı vardı. Mən də 26 yaşındaydım, Abşeron Rayon Komsomol Komitəsinin şöbə müdiri idim. Təbii ki, bu vəzifəyə məni raykomun birinci katibinin razılığı ilə gətirmişdilər və sonrakı vəzifə pillələrinin hamısı bu nəcib insanın adı ilə bağlıdır. Partiya işinə keçməyim, Ali Partiya Məktəbində oxumağım, unudulmaz rəhbərimiz Heydər Əliyevin məni qəbul edib (23 noyabr 1969-cu il) Mərkəzi Komitə aparatında işə götürməyi kimi çox ciddi məsələlər məhz Sadıq Murtuzayevin diqqət və qayğısı sayəsində olmuşdur. Bu, faktdır. Elə bu yerdə Azərbaycan KP Mərkəzi Komitəsinin təbliğat və təşviqat şöbəsinin müdiri, görkəmli şair Teymur Əliyevi (Teymur Elçin), onun müavini Güllü xanım Əbilovanı (sonrakı illərdə Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin katibi seçilmişdi), raykomda bir yerdə işlədiyim Tofiq Hüseynovu xüsusi minnətdarlıqla yad etməyi özümə borc bilirəm. Allah hər üçünə rəhmət eləsin!

Mən Sadıq Murtuzayevin bütün həyatı boyu - 31 il rəhbərlik etdiyi şəhər və rayon partiya komitələrindəki geniş, qaynar yaradıcı fəaliyyəti, sosial-iqtisadi-mədəni inkişaf yollarında, xüsusilə kənd təsərrüfatı sahəsindəki genişmiqyaslı, cəsarətli, bənzərsiz quruculuq təcrübəsindən söhbət açmaq fikrində deyiləm.

Sadıq Murtuzayevin Zaqatala Rayon Partiya Komitəsinin birinci katibi işlədiyi vaxtdan sonrakı yüksəliş illəri barədə, Abşeron, Şəki, Ağdam kimi sanballı şəhər və rayonlara rəhbərlik etdiyi dövrlərdə fəaliyyət mənzərəsinə dair mətbuatda xeyli sayda yazılar dərc olunub, kitabçalar nəşr edilib. Sadıq müəllim özü də 10-dan çox kitabın müəllifidir.

Sadıq müəllimin rayonlarımıza rəhbərliyi tarixləri bitib-tükənməz faktlarla zəngindir, iqtisadi göstəricilərlə, fakt və rəqəmlərlə həmişə fərqlənmişdir, üstün olmuşdur.

 Şəkidə yeni heyvandarlıq komplekslərinin yaradılması, ət və süd kimi vacib ərzaq məhsullarının bolluğu uğrunda təcrübələr Moskvanın, Mərkəzi Komitənin də diqqətini çəkmişdir. Moskvanın təşəbbüsü ilə Şəkidə heyvandarlığın inkişaf problemlərinə dair geniş seminar-müşavirə keçirilmişdir. Bu, çox böyük hadisə idi və həmin dövrlərdə Azərbaycana rəhbərlik etmiş unudulmaz Heydər Əliyev bu hadisəni yüksək qiymətləndirmişdir.

Yeri gəlmişkən qeyd etməliyəm ki, ideoloji sahəyə həmişə xüsusi diqqət verən Sadıq müəllimin təşəbbüsü və bilavasitə iştirakı ilə Şəkidə ideoloji işçilərin o illərdə zona seminar-müşavirəsi keçirilmişdir. Seminar-müşavirədə Şəki, Zaqatala, Qax, Balakən və Oğuz rayonlarının ideoloji sahə üzrə raykom katibləri, şöbə müdirləri, siyasi maarif kabinetinin başçıları, seminar rəhbərləri və digər ideoloji işçilər iştirak etmişdilər. Mərkəzi Komitənin nümayəndəsi kimi Bakıdan da mən seminar-müşavirəyə gəlmişdim.

Əlbəttə, rəsmi iclaslardan sonra müşavirə iştirakçıları Şəkidə yaradılmış yeni heyvandarlıq komplekslərinin fəaliyyəti ilə tanış oldular.

İdeoloji sahə işçiləri üçün maraqlı bir görüş oldu həmin seminar-müşavirə.

Bu yerdə onu da qeyd etməyi vacib hesab edirəm ki, 50 nəfərdən çox seminar iştirakçısının günorta yeməyini, çayını Şəki kolxozlararası tikinti idarəsinin rəisi, şəxsən ünsiyyətdə olduğum Bəşarət Paşayev yüksək səviyyədə təşkil etmişdi. Sonrakı illərdə Bəşarət müəllim Şəki Şəhər Partiya Komitəsinin ikinci katibi, müstəqillik dövründə icra başçısının müavini vəzifələrində işlədi, bütün şəkililərin hörmətini qazandı... Allah rəhmət eləsin!

Onu da qeyd edim ki, Abşeron rayonunun yaradılması özünü doğrultdu. Bakı və Sumqayıt sakinlərinin ət, süd, tərəvəz və digər kənd təsərrüfatı məhsulları ilə təmin edilməsində xeyli dönüş yarandı, yeni iş yerləri açıldı, tikinti-abadlıq işlərinə əhəmiyyət verildi və s.

Abşeron rayonunun mərkəzi Xırdalan qəsəbəsi idi və bu qəsəbə tabeliyində olduğu o vaxtkı Kirov rayonunun ucqarlarından hesab olunurdu. Yeni rayonun yaradılması ilə əlaqədar Abşerona yeni kadrlar axıb gəlirdi. Biri də elə mən. Özüm Saray kəndində İnci xalanın (Allah rəhmət eləsin!) evində kirayədə olurdum. Evlənəndən sonra da bir müddət kirayədə qaldıq. Elə bil ki, Abşeron rayonunu biz evsiz-eşiksiz cavanlar üçün yaratmışdılar.

Rayonun müxtəlif sahələrində çalışan insanlar bu rayonunun yardılmasından faydalandılar. Onlara mənzillər verildi.

O da yadımdadır ki, Abşeron Rayon Partiya Komitəsində təlimatçı vəzifəsində çalışan Məmməd Nağıyev (həmkarlar təşkilatı) evsizlərin siyahısını tutmuşdu.

Siyahıda gördüm ki, rayon komsomol komitəsinin bir nəfər işçisinin adının qarşısında üç otaq yazılıb. Həmin adama dedim ki, qardaş, üç otağı neynirsən, subay adamsan. Mən evliyəm, iki otaq istəyirəm. Həmin adam qayıtdı ki, yox, mənə üç otaq lazımdır, iki otaq istəmirəm.

İllər keçdi, mən gördüm ki, həmin komsomol işçisi məndən nə qədər ağıllıymış, uzaqgörənmiş...

Nə isə, Sadıq müəllimin göstərişi ilə Xırdalanda tikilmiş dördmərtəbəli daş binalarda xeyli sayda adama yeni mənzillərin ordenləri verildi. Mənə də ikigözlü mənzil qismət oldu.

“Abşeron” qəzetində çalışan, cavanlardan Dilarə Vəkilova, sonrakı illərdə MTN naziri işləmiş Namiq Abbasov, Firudin Rəsulov, Rizvan Cəbiyev, Məmməd Kazım, Məmməd Əfşan... yeni mənzillərə köçdülər.

Əgər mən digər sahələrdə çalışan adamları da yadıma salıb bu siyahıya salsam uzun bir yazı əmələ gələ bilər.

Yuxarıda adını çəkdiyim Məmməd Nağıyev də üçotaqlı mənzilə köçdü. Səmimi, mehriban qonşularımız vardı: Natiq Səfiyev, Suram Cəfərov, Aftandil Qəniyev və başqaları. Bir qonşumuz (Fikrət Vəlixanov) Moskvada Ali Partiya Məktəbində oxuyurdu, Sadıq müəllim məsləhət görmüşdü.

Bir qış günü Xırdalanda bir dost Fikrət Vəlixanovun şərəfinə qonaqlıq verdi. Məclisdə Fikrət dedi ki, Moskvada Siyasi Büro üzvü M.Suslov yoldaş bizə mühazirə oxuyur. Məmməd Nağıyev Fikrətdən belə bir xahiş elədi:

- Fikrət Mühiddinoviç, sizdən bir xahişim var, bir də Suslov yoldaş sizə mühazirə oxumağa gələndə ona deyin ki, məni Sadıq Murtuzayevə tapşırsın, dolana bilmirəm, maaşım azdır, başqa bir iş versin.

Biz gülüşdük... Dəqiq deyə bilmərəm ki, Mərkəzi Komitə katibi Mixail Suslova Sadıq müəllim Məmməd Nağıyevi tapşırmışdı, ya yox. Amma bir müddətdən sonra Məmməd Nağıyevi Sadıq Murtuzayev sovxoz direktoru vəzifəsinə göndərdi...

Sadıq Murtuzayevin Ağdama rəhbərlik etdiyi dövr əlamətdardır. Əkinçiliyin, xüsusilə pambıqçılığın və heyvandarlığın inkişafı sahəsində Ağdam respublikada ön sıralara çıxdı, illər boyu əkilməmiş xam torpaqlarda quruculuq işlərinin sədası ölkəyə yayıldı, tikinti-abadlıq işləri yeni vüsət aldı, sənaye müəssisələri genişləndi, mədəniyyət sahələrinin inkişafına diqqət artdı, mədəniyyət mərkəzləri, yeni muzeylər yaradıldı, Gülablı kəndində böyük istirahət zonası salındı, kütləvi mədəni tədbirlərin - festivalların, toplanışların, yerli bayramların hazırlanmasına üstünlük verildi və s. Bir sözlə, Ağdam o illərdə daha da dirçəldi və tərəqqi etdi.

Sadıq müəllimin elmi-publisistik fəaliyyəti isə tamamilə ayrıca bir mövzudur.

Sadıq Murtuzayev elmə təsadüfən gəlməmişdi, ali pedaqoji təhsildən sonra aspirantura pilləsini keçmiş, aspirant olmuş, “elmlər namizədi” elmi dərəcəsini almaq üçün dissertasiya müdafiə etmişdir.

Maşallah olsun, indi bizim hörmətli Milli Məclisimiz az qala Elmlər Akademiyasının bir şöbəsinə oxşayır - elmi dərəcəsi olmayana birtəhər baxırlar...

Nə isə... O vaxtlar elmi dərəcəsi olan məmurları necə deyərlər, barmaqla göstərmək olardı.

Məhşur tarixçi akademikimiz, istəkli müəllimim olmuş cənnətlik Tofiq Köçərlinin rəhbər işlərdə çalışan adamların dissertasiya müdafiə etməsinə müsbət hal kimi baxdığını dilə gətirməsi də mənim yadımdadır.

Nə isə...

Sadıq Murtuzayev həm də sanballı bir qələmin məsuliyyətini daşıyırdı. O, nə az, nə çox - düz on kitabın, saysız-hesabsız məqalə mətninin müəllifi idi. 

Sadıq müəllimin dəyərli kitabları haqqında, xüsusilə Şeyx Şamil, İmam Mustafayevlə bağlı kitabları haqqında respublika mətbuatında maraqlı yazılar dərc edilmişdir.

Onun publisistikası özünəməxsus çalarları ilə seçilir, dili sadə və həmahəngdir, oxunaqlıdır. Sadıq Murtuzayevin işgüzar əməyi yetərincə qiymətləndirilmişdir. O, SSRİ Ali Sovetinin deputatı olmuş, dəfələrlə Azərbaycan Respublikasının Ali Sovetinə seçilmiş, xeyli sayda orden və medallarla təltif edilmişdir.

Qədim filosoflardan biri buyurub ki, insan bu dünyaya iş üçün gəlir, dinclik, istirahət o biri dünyadadır.

Sadıq müəllim də işləməkdən zövq alan şəxslərdən idi, yorulmazdı, yaratmaq, qurmaq, yazmaq eşqilə yaşamaqdan doymazdı. Bakıdan bir az kənar məsafədə - Goradildəki bağ evi, həyəti onun ürəyincə idi. Mən o bağ evinə dəfələrlə getmişəm, orda, o həyətdəki maraqlı söhbətlərin şahidi olmuşam, yeni dostlarla görüşmüşəm, gözəl, yaddaqalan günlər görmüşəm. Sadıq müəllimin ağdamlı ziyalı dostları daha çox idi. Səlim Əzimov, Həmzə Əliyev, Ramiz Quliyev, Rafiq Rüstəmov, Bəbir Hüseynov, Hacı İslam, aptekçi Hacı, Amil Ağalar kimi adamlar həmişə onun ətrafında olmuşdur.

Ətraflı adam idi, dost-tanışının sayı-hesabı yox idi.

Evdə, ailədə əvəzsiz kişiydi. Bir qız, üç oğul böyütmüşdü ömür-gün yoldaşı rəhmətlik Kəlimət xanımla birlikdə. Nəvə, nəticələri, maşallah, həyət-bacaya sığışmırdı.

İndi Goradil tərəflər bizə yaxın, tanış, doğma gəlir. O yerlərdə dostumuz, istəklimiz, işıqlı bir ziyalımız, unudulmaz insan - Sadıq Nəbi oğlu Murtuzayev haqq dünyasına qovuşub.

Yeri cənnətlik olsun!

Ramiz Məmmədzadə,

25 yanvar 2022-ci il, Şüvəlan     

 

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN