Hakim Ramiz Nurullayev
Bir ailədən üş qardaşın döyüşlərdə iştirakı, birinin şəhid, birinin qazi, digərinin veteran olması niyə ləğv edilmiş “Dəmir Bank” ASC rəhbərliyini, Beyləqan Rayon Məhkəməsinin hakimi Ramiz Nurullayevi insafa gətirməyib və kobud qanun pozuntularına yol veriblər?
...Azərbaycanda bankların vətəndaşların başına hansı oyunların açdığını deyib, izah etməklə Amerika kəşf eləmirik. Bununla belə, bankların etdiyi qanunsuzluqlar, daha doğrusu, fırıldaqlar barədə nə qədər çox yazılsa, bir o qədər yaxşıdır. Çünki ola bilər bu yazılar bir insaflı dövlət məmurunun əlinə düşər və ya gözünə sataşar, nəticədə vətəndaşın probleminə bir çarə qılar. Banklar damara baxıb qan almır, ucdantutma hamının qanını sorur. Dünyanın heç bir ölkəsində banklarda faiz iki rəqəmli olmur. Maksimum illik 7-8 faiz civarında vətəndaşlara pul verirlər. Bizim banklarda isə 15 və ya 18 faizlə pul veriləndə papağımızı göyə atırıq. Axı bankların əksəriyyəti krediti 20, 22, 25, bəzən isə 30 faizlə verirlər. Maraqlısı odur ki, vətəndaş banka pul qoyanda, ona illik 1-2 faizlə divident verirlər. Necədir sizin üçün? Vətəndaşa krediti 20-25 faizlə verirlər, vətəndaşdan isə banka pulu 1-2 faizlə qəbul edirlər. Bu haqsızlığı və Allahsızlığı kimsə götürərmi? Çox təəssüf ki, bankların bu soyğunçuluğuna hələ ki, “dur” - deyən yoxdur. Elə ona görə də banklardan şikayətlər durmadan artır. Sanki banklar vətəndaşları qəsdən dövlətdən narazı salmaq üçün yarışa giriblər. Axı yaxşı bilirik ki, hər bir bankın arxasında iri “kaliberli” məmur dayanır. Məhz bu məmurlar da (bəlkə də 5-ci kolona işləyənlərdir-E.M.) banklar vasitəsilə vətəndaşların qanını soraraq, dövlətdən narazı salmağa cəhd edirlər.
Bankdan belə narazı olanlardan biri də Beyləqan rayon sakini, 2016-cı ilin Aprel və ikinci Qarabağ döyüşünün iştirakçısı, hərbçi olan kapitan Ceyhun Nurullayevdir. C.Nurullayev ləğv edilmiş “Dəmir Bank” ASC-nin hardasa, hələ də nəfəs alan hansısa hüquqşünasının Beyləqan Rayon Məhkəməsi vasitəsi ilə onun başına açdığı müsibətlər barədə qəzetimizə şikayət dolu məktub göndərib. Məktub Ali Baş Komandan, Prezident cənab İlham Əliyevə, Baş Prokuror cənab Kamran Əiyevə, Ədliyyə Naziri və Məhkəmə Hüquq Şurasının sədri cənab Fikrət Məmmədova, Milli Məclisin deputatı cənab Razi Nurullayevə, Milli Bankın direktoru cənab Elman Rüstəmova və surəti “Təzadlar” qəzetinə ünvanlanmışdır.
C.Nurullayevin müraciətindən aydın olur ki, qardaşı baş leytenant Zaur Nurullayev 2003-cü ildə Tovuz bölgəsində baş vermiş qısa müddətli döyüşlər zamanı şəhid olmuşdur. Onun həmin vaxt bir azyaşlı olan uşağı hazırda da Ceyhun Nurullayevin himayəsindədir. Oğlunu itirən Ceyhunun şəhid anası Zəhra xanım keçirdiyi ağır stresdən və həyəcandan şəkər xəstəliyinə tutulub. Bu xəstəliyin nəticəsində şəhid anasının bir ayağı kəsilib və cərrahiyyə əməliyyatı nəticəsində bir gözü də tutulub. Oğlunun şəhid olmasından keçirdiyi ağır iztirablar nəticəsində atası Qubad kişi də dünyasını dəyişmişdir. 44 günlük ikinci Qarabağ savaşında Ceyhunun digər gizir olan qardaşı Samir Nurullayev başından ağır travma alıb və hazırda qazidir. Qeyd etdiyimiz kimi Ceyhun Nurullayevin özü də həm 2016-cı ilin Aprel, həm də 44 günlük ikinci Qarabağ döyüşlərinin iştirakçısıdır və 22 ildir hərbi xidmətdədir.
Göründüyü kimi, bir ailədən 3 qardaş Vətən yolunda döyüşüb, biri şəhid, biri isə qazi olub. Salamat qayıdan Qarabağ veteranı Ceyhun Nurullayevin də axırına, deyəsən, Beyləqan Rayon Məhkəməsi və ləğv edilmiş “Dəmir Bank” ASC çıxacaq.
Bəs məhkəməyə səbəb olan problem nədir? Gəlin Ceyhun Nurullayevin redaksiyamıza göndərdiyi və Prezidentə və digər dövlət qrumunun rəhbərlərinə ünvanladığı müraciətdən bəzi məqamlara diqqət kəsilək. Onu da qeyd edək ki, C.Nurullayev rayon rəhbərliyi səviyyəsində şəhid anasına göstərilən biganəliyə görə, bankdan kredit götürməyə məcbur olub. Çünki anasının yuxarıda da qeyd etdik ki, əməliyyatlarına külli məbləğdə pul lazım olub. Halbuki, bu pulu şəhid anasına rayon rəhbərliyi tapıb ödəməli idi. Ona görə də C.Nurullayev yazır: “Mən Beyləqan rayonunda olan “N” saylı hərbi hissənin avtomobil xidməti rəisiyəm və 3 azyaşlı uşağım var. Anamın əməliyyatlarına pul lazım olduğu üçün məcburiyyət qarşısında qalıb 03.09.2014-cü il tarixdə “Dəmir Bank” ASC-dən 41 ay müddətinə 4815,14 ABŞ dolları məbləğində kredit götürmüşəm.
“Hörmətli Ali Baş Komandan! Biz bir ailədə 3 qardaş Vətən uğrunda amansızcasına döyüşən zaman məni bu faciələrə düçar edən “Dəmir Bank” ASC-nin rəhbərlərinin və Beyləqan Rayon Məhkəməsinin hakimi Ramiz Nurullayevin övladları harada idilər?”
Nəzərinizə çatdırmaq istəyirəm ki, pulu bankdan Azərbaycan manatı müqabilində istəməyimə və götürməyimə baxmayaraq, məndən xəbərsiz sənədləşmə ABŞ dollarıyla aparılıb. Sonradan məlum olub ki, mən bankdan pulu guya ABŞ dollarıyla götürmüşəm. Buna baxmayaraq bildirirəm ki, 03.09.2014-cü il tarixində 41 ay müddətinə götürdüyüm 4815.14 ABŞ dolları məbləğində kredit almışam və ABŞ dolları məbləğində də krediti qaytarmışam. Buna görə də mövcud manatın və ABŞ dollarının infilyasiya və devalvasiyaya uğraması ilə əlaqədar, 7 il ərzində mənə ləğv edilmiş “Dəmir Bank” ASC tərəfindən heç bir xəbərdarlıq edilməmişdir”.
Daha sonra C.Nurullayev Ali Baş Komandan, Prezident cənab İlham Əliyevə çox maraqlı bir sualla müraciət edir: “Hörmətli Ali Baş Komandan! Biz bir ailədə 3 qardaş Vətən uğrunda amansızcasına döyüşən zaman məni bu faciələrə düçar edən “Dəmir Bank” ASC-nin rəhbərlərinin və Beyləqan Rayon Məhkəməsinin hakimi Ramiz Nurullayevin övladları harada idilər? Vətəni üç qardaş canımız bahasına müdafiə etdiyimizə görə, indi bu məmur balaları bizə 52 faizdən kredit veriblər”. Daha sonra isə, C.Nurullayev Baş Prokuror Kamran Əliyevdən belə bir xahiş edir: “Hörmətli Baş Prokuror, sizdən xahiş edirəm ki, bankdan kredit götürülən zaman ABŞ dolları ilə olan kredit müqaviləsinə imza atdırılmasına baxmayaraq, Azərbaycan manatı ilə pul verilib. Bank tərəfindən bu cinayət əməllərinə əl atmasaydılar, mən krediti çoxdan qaytarmışdım. Manatla kredit verilməsinə baxmayaraq, bank bizdən dollarla pul tələb edib və 2000 ABŞ dollarından çox pulu banka ödəmişəm. Sizdən xahiş edirəm bank tərəfindən edilən bu cinayət əməlinə hüquqi qiymət verilməsinə göstəriş verəsiniz”.
C.Nurullayevin Milli Bankın sədri Elman Rüstəmovdan da xahişi var: “Ləğv edilmiş “Dəmir Bank” ASC-nin bütün filialları pulu müştərilərə ABŞ-dolları ilə müqavilə bağlayıb Azərbaycan manatı ilə verib. Krediti isə ABŞ dolları ilə tələb etməsi hansı qanuna uyğun gəlir? Ləğv edilmiş “Dəmir Bank” ASC rəhbərliyinin qanunazidd hərəkətləri barədə tədbir görməyinizi xahiş edirəm”.
Ceyhun Nurullayev ədliyyə naziri cənab Fikrət Məmmədovdan xahiş edir ki, bankın qanunsuz olaraq ondan 52 faiz cərimə tələb etməsi istəyinə və Beyləqan Rayon Məhkəməsinin də bu istəyi yerinə yetirməsinə son qoyulmasına kömək etsin: “Hörmətli Razi müəllim, 8 ildən sonra iddiaçının və cavavdehin iştirakı olmadan ciddi qanun pozuntularına yol verməklə məhkəmə qətnaməsi qəbul etdirməsinə nail olan bank işçilərinin əməllərini araşdırıb qanunun aliliyini təmin edilməsində mənə kömək etməyinizi xahiş edirəm”.
C.Nurullayev Beyləqan rayon məhkəməsinin 19 oktyabr 2021-ci il tarixdə keçirilən məhkəmə iclasında çıxarılan qətnamənin surətini də göndərib. Bu qətnaməni məhkəmə sisteminə bir ləkə adlandırmaq olar. Beyləqan Rayon Məhkəməsinin hakimi Ramiz Nurullayev sözün həqiqi mənasında hakim peşəsində hədsiz dərəcədə naşı olduğunu göstərib. Bəlkə də ləğv edilmiş Beynəlxalq Universitetin hüquq fakültısini bitirib. Elə isə onda belə ciddi səhvlərə yol verməsi başa düşüləndir. Mən hüquqşünas olmasam da, çıxarılan məhkəmə qərarında edilən qanunsuzluğun adamın gözünə girməsini aydın görürəm.
1-ci qanunsuzluq: Deməli, C.Nurullayevlə 2014-cü ildə “Dəmir Bank ASC ABŞ dollarıyla müqavilə bağlayıb, pulu Azərbaycan manatı ilə verib və krediti isə, ABŞ dolları ilə tələb edir. Hakim Ramiz Nurullayev bu qanunsuzluğu məhkəmədə araşdırmayıb. Yeri gəlmişkən, qeyd edim ki, hakimin, şikayətçinin və deputatın soyadlarının eyni olması sırf təsadüfidir və heç bir qohumluq əlaqələri yoxdur.
Hakim Ramiz Nurullayevin hər iki tərəfin iştirakı olmadan, yəni daşın, divarın, tavanın, stol-stulların iştirakı ilə keçirilən məhkəmə iclasında qərar qəbul etməsi ən ciddi qanunsuzluqdur...
2-ci qanunsuzluq: Maraqlıdır ki, ləğv edilmiş “Dəmir Bank” ASC niyə 8 ildən sonra məhkəməyə müraciət edib? Müqavilədə borc 3 il 5 ay müddətinə verilib. Bu müddət isə 2017-ci ildə tamam olur. 2014-cü ildən 2017-ci ilə qədər ödəmələrdə problem var idisə, bank niyə bu müddət ərzində məhkəməyə müraciət etməyib? 2017-ci ildən keçən 4 il ərzində, yəni 2021-ci ildə məhkəməyə müraciət etmək isə qanunsuzluqdur. Çünki borcun tələb etmə müddəti var. O müddət keçdikdən sonra bankın məhkəməyə müraciət etməyə heç bir hüquqi əsası yoxdur. Məhkəməyə Bankın gec müraciət etməkdə məqsədi o olub ki, vətəndaşın qanunları bilməməsindən istifadə edib, faiz dərəcələrini çoxaltsın. Əgər vətəndaş Ceyhun Nurullayevin bu qanundan xəbəri olsaydı, vaxtında lazımı tədbirlər görərdi. Hakim Ramiz Nurullayev bu qanunsuzluğu da görməyib.
Maraqlı məqamlardan biri də odur ki, məhkəmədə iddia qaldıranın adı yoxdur. Sadəcə “”Dəmir Bank” ASC-nin hüquq şöbəsinin mütəxəssisi” kimi göstərilib. Məgər “Dəmir Bank” ASC fiziki şəxsdir? Axı məhkəməyə müraciət edən bankın hansısa bir rəsmi nümayəndəsinin adı, soyadı və ünvanı olmalıdır. Amma qərarda hakim Ramiz Nurullayev ““Dəmir Bank” ASC-nin hüquq şöbəsinin mütəxəssisi” sözlərini göstərib. Görəsən bu mütəxəssisin adı yoxdur? Bu qanunsuzluğu da qoyaq bir kənara.
3-cü və daha ciddi qanunsuzluq: Hakim Ramiz Nurullayevin hər iki tərəfin iştirakı olmadan, yəni daşın, divarın, tavanın, stol-stulların iştirakı ilə keçirilən məhkəmə iclasında qərar qəbul etməsidir. Bu isə çox kobud qanun pozuntusudur. Çünki tərəflərin hər ikisinin məhkəmədə iştirakı vacibdir. Əgər iddiaçı və cavabdehdən biri dəfələrlə edilmiş xəbərdarlığa baxmayaraq, məhkəməyə gəlmirsə, polis gücünə, məcburi qaydada gətirilməlidir. Ya da hər hansı bir üzrlü səbəbdən və bu barədə rəsmi arayış təqdim edəndən sonra tərəflərdən biri məhkəmədə iştirak etməyə bilər. Bu zaman hakim məhkəməni təxirə də sala bilər və yaxud operativlik baxımından vacibdirsə, bir tərəfin iştirakı ilə məhkəmə iclası keçirilə bilər. Amma tərəflərdən hər ikisinin iştirakı olmadan keçirilən məhkəmədə çıxarılan qərarın heç bir hüquqi əsası yoxdur. Beyləqan Rayon Məhkəməsində hakim Ramiz Nurullayevin sədrliyi ilə 19 oktyabr 2021-ci il tarixdə keçirilən iclasda qanunsuzluqla çıxarılan qətnamədə oxuyuruq: “Cavabdeh Nurullayev Ceyhun Qubad oğlundan əsas borca görə 2997-80 ABŞ dolları, faiz borcuna görə 2342,79 ABŞ dolları, cərimə borcuna görə 300 ABŞ dolları və kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 446.46 ABŞ dolları faiz borcu olmaqla cəmi 6087,5 (altı min səksən yeddi dollar, beş sent) ABŞ dolları (Azərbaycan manatı ekvivalentində) məbləğində kredit borcu və 16 (on altı) manat ödənilmiş, dövlət rüsumu tutulub ləğv prosesində olan “Dəmir Bank” ASC-yə ödənilsin”.
Yuxarıda göstərdiyimiz qanunsuzluqlar səbəbindən cavabdeh Ceyhun Nurullayev bu qətnaməyə görə heç bir məsuliyyət daşımır və o, bir qəpik də olsa, banka pul ödəməməlidir.
Görəsən, tərəflərin heç birinin iştirakı olmadan bu qanunsuz qətnaməni çıxaranda hakim Ramiz Nurullayevin ürəyi heç ağrımadımı? Bir ailədən 3 qardaşın Qarabağ döyüşlərində iştirak etməsi - birinin şəhid, birinin başından travma alaraq qazi, digərinin də Qarabağ veteranı olmasını nəzərə almadan, hakim bu qanusuz qətnaməni necə qəbul etdi? Niyə fikirləşmədi ki, bu ailə Vətənə olan borcunu lazım olandan da artıq ödəyib.Bu borcu hansısa pulla yox, canı ilə, qanı ilə ödəyiblər. Bəs elə isə, Ceyhun Nurullayevin hansı borcundan söhbət gedə bilər? Yəni bir ailədən verilən şəhidin, qanı tökülən qazinin, ölümün gözünə dik baxan Ceyhun Nurullayevin dəyəri, qanunsuz olaraq, 8 ildən sonra məhkəməyə müraciət edən “Dəmir Bank” ASC-nin verdiyi o “hörmət”dən ucuzdur?
Bəli, qanunsuzluq və allahsızlıq göz önündədir. Bir ailədən Vətən yolunda 3 qardaşın verdiyi mücadilə nə hakim Ramiz Nurullayevin, nə də “Dəmir Bank” ASC rəhbərliyinin vecinə deyil. Mənim çox böyük ümidim var ki, Ali Baş Komandan, Prezident İlham Əliyev, onun çağrışına səs verib, döyüşə yollanaraq, 2016-cı il Aprel döyüşlərində və 44 günlük ikinci Qarabağ döyüşlərində iştirak edən Ceyhun Nurullayevi, eyni zamanda şəhid, qazi qardaşını düşdüyü bu bəladan xilas edilməsi üçün lazım olan addımları atacaq. Bildiyimiz kimi, bir çox banklar 44 günlük döyüşdən sonra şəhidlərin və qazilərin banklara olan borclarını sildilər. Yəni bu kiçik məbləğdə pulu bir döyüşçü üçün silib bağlamaq nə problemdir ki? Ayıb deyilmi, utanmaz-utanmaz iddia müddəti keçməsinə baxmayaraq, hələ bir məhkəməyə də müraciət edirlər. İnanırıq və böyük ümid bəsləyirik ki, Prezident İlham Əliyev Ali Baş Komandan kimi öz əsgərinin probleminin həlli üçün lazımi göstəriş verəcək və günahkarlar layiqli cəzalarını alacaqlar.
Elçin Məmmədli