booked.netbooked.net booked.net  

(Sadıq Nəbi oğlu Murtuzayevin əziz xatirəsinə)

 Siyasət, iqtisadiyyat, təsərrüfat, tarix, ədəbiyyət, mədəniyyət, sosiologiya, psixologiya və ilahiyyat və sair elmi sahələrdən zəngin biliyə malik, həyatın hər üzünü onu zəhərdən də acı, baldan da şirin təmindən dadan müdrik adamları, kamil şəxsiyyətləri indi iki əlin on barmağı ilə saymaq olar. Bu sayaq mükəmməl şəxsiyyətlərin biri də partiya və dövlət xadimi, ara vermədən 32 il Zaqatala, Abşeron, Şəki, Ağdam rayonlarında Azərbaycan KP rayon komitələrinin birinci katibi işləmiş, bacarığı, işgüzarlıq, siyasi sayaqlığı, mədəni davranışı, vicdan təmizliyi, idarəetmə qabiliyyəti ilə həmin rayonlarda bütün sahələrdə dövlət planlarını artıqlaması ilə yerinə yetirmiş, xalqın rifa halını və mədəni səviyyəsini əvvəlki illərə nisbətən qat-qat yüksəltmiş, rayon ictimaiyyətinin dərin hörmətini qazanmışdır. O, partiya və dövlətin sadiq və cəsarətli əsgəri olmaqla bərabər həm də ömrü boyu millətini, dövlətini, yurdunu, vətənini və doğma Azərbaycan xalqını onun tarixini, ədəbiyyatını, folklorunu, incəsənətini, dinini, imanını sönməz bir məhəbbətlə sevmiş Azərbaycan oğlu olduğundan fəxarət duymuşdu. O böyük mütəfəkkir, ədəbiyyatşünas, Azərbaycan, Rus, Avropa və dünya ədəbiyyatını dərindən bilən filoloq alim, siyasi və ictimai xadim olmaqla bahəm həm də sadə zəhmətkeşlərin hamısı dostu və yoldaşı idi. İşlədiyi rayonlarda camaatın nə müşgül işi olurdusa bir baş Sadıq müəllimin yanına qaçardı. O da hamıya eyni gözlə baxar, eyni qəlb ilə baxar və ehtiyaclarını ödəyərdi. Onu da deyim ki, S.Murtuzayev həddən ziyadə humanist rəhbər idi.

            Sadıq Murtuzayevin yaxınları, dostları çox idi amma ürək dostu on-on beş nəfərdən artıq olmazdı. Çünki, Sovetlər dönəmində, elə indinin özündə də üç cür dost var idi: ürək dostu, gərək dostu və çörək dostu. Yuxarıda dediyim kimi onun gərək və çörək dostu çox olsa da ürək dostu az idi. Çünki bu dostluq təmmənnasız filansız dostluq idi. 

***

...Sadıq Murtuzayev sadə, təvəzökar, mehriban, səmimi şəxsiyyət olmaqla bərabər həm də öz işinin, vəzifəsinin mahir ustası idi. Bir işi başladımı onu yüksək keyfiyyət ilə sona çatdırmamış rahatlanmazdı. Abşeronda tərəvəzçiliyin, üzümçülüyün, qoyunçuluğun, zeytunçuluğun, subtropik bağçılığın sürətli inkişafı, Şəkidə taxılçılığın, meyvə bağlarının, cins düyə yetişdirməyinin, müasir heyvandarlıq kompleksinin və camışçılığın, Ağdamda üzümçülüyü, qoyunçuluğu, yem bitkilərinin, mədəniyyətin, incəsənətin sürətli inkişafı, habelə tariximizə şöhrət olan, dünyada yeganə çörək muzeyinin, qeyri-adi çay evininin, neçə-neçə zavod və fabriklərin, istirahət evlərinin, mədəniyyət ocağlarının tikintisi onun adı ilə bağlıdır. Bir sözlə Sadıq Murtuzayevin əsrin üçdə biri qədər dabandönməzdən işlədiyi rayonlarda silinməz, pozulmaz izləri var.

            32 il fasiləsiz işləmək sizə asan gəlməsin. Sovetlər dönəmində bir rayonda üç-beş ildən artıq işləyən birinci katiblər tək-tək olardı.Çünki hər birində bir "amma", bir nögsan tapılırdı. Rəhbərliyə əliuzunluq edərdilər yada dili uzunluq. Amma Sadıq müəllim eyni vəzifədə əsrin ücdə biri qədər fasiləsiz işləmiş, heç bir nöqsan, ərə-əksiyə, nədəsə söz-söhbətə səbəb olan bir hadisə baş verməmişdi. Əksinə yaxşı, nümünəvi illərinə görə iki dəfə Lenin ordeni "Qırmızı Əmək Bayraqı", "Şərəf Nişanı", "Xalqlar Dostu" ordenləri və neçə-neçə medallarla təltif edilmiş, bir dəfə SSRİ Ali Sovetinə və dəfələrlə Azərbaycan SSR Ali Sovetinə deputat seçilmişdir. Sadıq Murtuzayevin adamları, tanışları, yaxın dostları və yoldaşlarını heyrətləndirən yaddaşı var idi. Azərbaycanın klassik və müasir şairlərinin Nizaminin, Nəsiminin, Füzulinin, Vaqifin, Zakirin, Sabirin, S.Ə.Şirvanın, M.Hadının, S.Vurğunun, H.Cavidin, M.Müşfigin, C.Cabbarlının, B.Vahabzadənin, O.Sarıvellinin, Ə.Kürçaylının və qeyrilərinin şeirlərini əzbərdən deyirdi. Dostlarının telefon nömrələri də onun yaddaşında yer almışdı... Yadımdadır, 1970-ci ildə Sadıq Murtuzayev Abşerondan Şəkiyə dəyişiləndə Şəkidə vəziyyət çox acınacaqlı idi. Bütün şöbələr üzrə Şəki ən geridə qalan rayonlardan idi. Taxılçılıqda isə işlər başlı-başına buraxılmışdı. O zaman Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi işləyən H.Əliyev demişdi: "Yoldaş Murtuzayev sizi ora göndəririk ki, vəziyyəti düzəldəsən. Elə işlə ki, gələcəkdə sənin də vəziyyətin əvvəlki katibinkinə oxşamasın."

            Sadıq müəllim Şəkiyə getdi və hər şeyi kökündən dəyişdi. Həmin il rayonda 100 min tondan çox taxıl istehsal olundu. Çünki Sadıq Murtuzayevdə böyük məsuliyyət hissi var idi, söz verdimi icra etməli idi. O adamlarla işləməyi və işlətməyi bacarırdı.

            Sadıq müəllim siyasi-ictimai xadim olmaqla yanaşı həm də Filologiya üzrə fəlsəfə doktoru idi. Doktorluq işi də hazır idi lakin onu müdafiyə etməyə tutduğu vəzifə və ağır təsərrüfat işləri imkan vermədi. Yuxarida dediyim kimi bütün qüvvəsini , səy və bacarığını işlədiyi rayonların iqtisadi, təssərufat və mədəni sahələrinin inkişafına sərf edirdi. Sadıq Murtuzayev həm də dəyərli dost aşigi idi. Xüsusi ürək dostlarının xatirinə lap dünyanın o başına gedərdi. Ən yaxın dostları ən əziz adamları idi. Amma yuxarıda dediyim kimi ürək dostu az idi. Bu ürək dostlarının bir neçəsini mən tanıyırdım, Hüqüq elmləri doktoru 14 il Azərbaycan Ali Məhkəməsinin sədri işləmiş, Allah və qanun adamı Abdulla İbrahimov, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü professor Xudu Məmmədov, bəstəkar Niyazi Rüstəm Səfərəliyev, şair Bəxtiyar Vahabzadə, əvəzedilməz dostu hesab etdiyi Əliağa Kürçaylı, Əhməd Əhmədzadə, uşaqlıq dostu Gəray Fəzli, şair Osman Sarıvəlli, İsmayıl Şıxlı, Zakir Abdullayev, Dadaş Asanov, Hacı Mehman, Çoban Əli və bir də mən Məmməd Əfşan.

            Mənim Sadıq Murtuzayevlə tanışlığım və dostluğum 1978-ci ilə təsadüf edir. Onda mən "Abşeron" qəzetində yenicə işləyirdim. Raykomda açıq büro iclası gedirdi. Sadıq müəllimin də çox şöhrətli və nüfüzlu vaxti idi. SSRİ Ali Sovetinin deputatı Lenin ordenli, sayılıb-seçilən raykom katibi. Büro zalı ağzınacan dolu idi. Büroda 1977-ci ilin nailiyyətləri və 1968-ci ilin vəzifələri, qarşıya çıxan nöqsanlar müzakirə edilirdi.

            Birinci katib bir sovxoz direktorunun yarıtmaz işini kəskin tənqid edəndə hirsindən ya nədənsə onun müavininə S.Murtuzayevə yaraşmayan qeyri-etik kəlimə işlətdi. Bu kəliməyə zalda oturanlar hətda həmin direktorun özü də o qədər məna vermədi. Təkcə mən zalda ayağa durub üzümü həmin direktora çevirdim və ucadan dedim: "Mən o sözü götürmək əvəzinə, zalın tavanını əlim ilə göstərdim, özümü o qarmaqdan asardım. Sən isə..."

            Birinci katib zala boylanıb: "Kimdi o sözü deyən?" - deyə sual etdi. Mən ayaqa durub "Mən idim." - dedim. Katib üzümə qəribə tərzdə baxıb, bircə söz "bayıra!" dedi. Zaldan çıxdım. Bürodan sonra birinci katib məni kabinetinə çağırıb: "Səndən xoşum gəldi. Cəsarətli oğlansan amma ötkəm olma. Bayaq dediyim İzadə də əsl ona layiqdi." Mən gülümsəyib dedim: "Amma sizin kimi şöhrətli və şərafətli rəhbərə layiq deyil."

            O gündən Sadıq müəllim məni özünə ən yaxın dost hesab elədi və bu dostluqumuz onun ölüm anına qədər davam etdi və çapdan çıxan kitablarımın hər birinə ön söz yazdı. Hətta xəsdə olanda çapdan yenicə çıxan "Bar ağacından dar ağacına" romanını oxuyub ölüm ayaqında kitab barədə özünün xoş təəsuratlarını kompüterə diktə eləmişdi.

  Daha bir maraqlı əhvalat. Xırdalanda işlədiyim vaxtlar subay idim. Bir gün Sadıq müəllimdən mənzil xahiş edəndə dedi: "Sənə mənzil ayırmışdılar. Mən o mənzili sənin iş yoldaşına verdim. Çünki onun 6 uşaqı var.”

            Onun yerinə gələn birinci katib mənzildən söz düşəndə dedi: "Deyirlər Sadıq Murtuzayev sənin yaxın dostun olub. Nə əcəb sənə mənzil verməyib?" Birinci katibin bu sözünə mən dərhal cavab verdim: "Düzdür, mən Sadıq Murtuzayevin dostu idim, dostuyam və bundan sonra da dostum olaraq qalacaq. Amma, bildirirəm ki, Sadıq müəllim burada dostlara ev paylamırdı." Həmin rəhmətlik katib də mənimlə dost oldu.

            Biz həmişə ürək dostu olmuşuq, çörək dostu yox. Bunu Sadıq Murtuzayevi də yaxından tanıyanlar bilirlər ki, o, necə səmimi, münis, mehriban, xeyirxah, mərd və mübariz, insanlıq və kişilik mənəvi zirvəsində dayanan, doğma Azərbaycan xalqını candan, ürəkdən sevən ləyaqətli millət oğlu kimi həmişə hər yerdə gülüb, yaratmaq aşigi olan Sadıq Murtuzayevdən yaxın dostları bunun səbəbini soruşanda, yurda məhəbbət dolu ürəyində bitib dilində boy verən bir el bayatısını astadan zümzümə etdi:

                                                           Eləmi, bizim qala,

                                                           Bizim dağ, bizim qala.

                                                           Tikmədim özüm qalam,

                                                           Tikdim ki, izim qala.

 ...Bu günlərdə bir qrup rəsmi dostlara Xirosima viranəliklərini andıran Ağdam şəhərinə getmişdim. Erməni vandallarının darmadağın edən, daşı daş üstündə qoyan adam, gözəl Ağdam xarabaxanalıqlarında: Şahbulaqda, Güllablıda tikdirdiyi "Qonaq evinin", Ağdamın yaraşıqı olan "Çay evinin", dünyada yeganə olan "Çörək muzeyinin", dövlət teatrının və neçə-neçə xarabalıqlarda Sadıq müəllimin qadir əllərinin izlərini axtardım. Təəssüf ki, o izlərin çoxu gözümə dəymədi. Erməni faşistləri Ağdam kimi bəzəkli bir dilbərin, bəzək düzəkli libasında gözə çarpan bir nişan qoyublar ki? O yaradıcı əllərinin izlərini qoyaydılar?

            Amma heyifslənmək lazım deyil. Mərd oğullarımızın qanı bahasına müzəffər ordumuzun hünəri və Ali Baş Komandan İlham Əliyevin cəsarəti ilə özümüzə qaytarılan Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər kimi Ağdam da Ağdamlıların əli ilə yenidən çiçəklənəcək və o vaxt da Sadıq Murtuzayevin tarixə nişan qoyduğu əl izləri görünəcəkdir. İnşallah!

            "Ot kökü üstə bitər" deyirlər. Sadıq müəllimin də sağlam kökləri üzərində üç oğul, bir qız və çoxlu nəvə, nəticələri boy atıb. Böyük oğlu Nizami, ortancıl oğlu Nəbi və kiçik oğlu Çingiz və yeganə qızı Tavat xanım yanan şam ətrafında dolanan kəpənəklər sayaqı fırlanır, atalarının istək və arzularını yerinə yetirirdilər. Sadıq müəllim haqq dünyasına köçdükdən sonra , müqəddəs məzarının dövrəsində qızılgül kölu kimi bitirlər. Bu qayğı-sayğı, xətir-hörmət müdrik insan, böyük alim, şöhrətli siyasi xadim və ən əsas da sadədən sadə olan Sadıq Murtuzayevi o qədər də ovundurmur. Onun üçün ən böyük rahatlıq könül xoşluqu, 12 illik bir zaman kəsəyində ayrı düşmüş, istəkli həyat yoldaşı Kəlimət xanıma əbədi qovuşmasıdır.

            Allah sizə qəni-qəni rəhmət eləsin, köçxananız behişt cənnət məkanına çevirilsin ey dünyanın bəxtəvər və narahat insanı! Əziz Sadıq Nəbi oğlu Murtuzayev!

Məmməd Əfşan

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN