booked.netbooked.net booked.net  

Qarabağdakı 44 günlük Vətən müharibəsinin sonunda qazanılan möhtəşəm Qələbə ilə yanaşı İnternet və KİV üzərində aparılan informasiya savaşının da önündə Ali Baş Komandan, Prezident İlham Əliyev dururdu. Beynəlxalq aləmdə, İnternetdə, sosial şəbəkələrdə, yeni mediada, ənənəvi mətbuat və elektron KİV-də aparılan bu informasiya yarışmasında Prezident milli-mənəvi, tarixi-mədəni dəyərlərimizdən əsl intellektual silah kimi istifadə edirdi. İlham Əliyev geosiyasi gedişlərində, xarici ictimaiyyətə yönəli çıxışlarında, müsahibələrində, televiziya debatlarında  kəsərli arqumentləri, 30 illik işğalın dəhşətli faktlarını yada salmaqla mövqelərimizi əsaslandıraraq, erməniləri, xüsusən də onların diaspor xadimlərini susdurmaqla qələbəyə aparan yolumuzu daha qısa etməyi bacardı...

Azərbaycan milli-mənəvi, ideoloji-ruhani, estetik-mədəni sivilizasiya tarixində əksər dinlərin dərin izləri olduğundan multikulturallıq ta qədimdən bizim genetik şifrələrimizə hopub. Dünya yaxşı bilir ki, zərdüştiliyin qədim atəşpərəstlik məbədi Bakıda, Qafqazın ən qədim kilsələrindən biri – Qafqaz Albaniyası kilsəsi Şəki yaxınlığında və müsəlman aləminin ən qədim ibadətgahlarından biri olan, 743-cü ildə tikilmiş məscid Şamaxıda yerləşir. Bu qəbil kulturoloji-tarixi faktlar Azərbaycanın bütün dinlərin, inancların qovuşduğu unikal məkan olmasının göstəricisi kimi Prezident tərəfindən dəfələrlə vurğulanıb.

Bakıda keçirilən humanitar forumlar, dinlərarası beynəlxalq tədbirlərdə də hər zaman nümayiş olunurdu ki, əsas əhalisini müsəlmanlar təşkil edən Azərbaycanda tarix boyu digər din və mədəniyyətlərə dözümlü münasibət nümayiş etdirilib, bəşəriyyət tarixinin heç bir dönəmində ölkəmizdə mədəniyyətlərarası, millətlərarası, xalqlararası, dinlərarası hansısa problem yaşanmayıb.

Tarixən də xalqımızın təməl dəyərlərindən sayılan dini, etnik, milli-mədəni dözümlülük, bütün inanclara humanist yanaşma sayəsində torpaqlarımızda yaşayan bütün xalqlara məxsus insanlar mənsub olduqları dinə aid ayinləri məscidlərlə yanaşı, indiyə qədər də sərbəst fəaliyyət göstərən məbəd, sinaqoq və kilsələrdə azad şəkildə icra edə bilirlər. Azərbaycanda hər zaman digər xalqlara məxsus mədəni, dini abidələr qorunaraq saxlanılmış, son illər onların mütləq əksəriyyəti təmir və bərpa olunaraq geniş ictimaiyyətin istifadəsinə verilmişdir. Dövlət müstəqilliyimizin ikinci dəfə bərpasından üzü bu yana respublikamızda xaçpərəst pravoslav kilsəsinin fəaliyyətinin bərpası, Bakıda katolik kilsəsinin inşa olunması, sinaqoqların fəaliyyətinin daha da genişləndirilməsi Azərbaycandakı dini-mənəvi müxtəlifliyə insanların tolerant münasibətinin bariz nümunəsidir. Heç kimə sirr deyil ki, qədim xalqımız hətta ona düşmənçilik edənlərə qarşı da həmişə tolerantlıq nümayiş etdirmişdir: günümüzdə də paytaxtımızın düz mərkəzində ermənilərin dini məbədi, məzarlıqları qorunub saxlanılır, onlara qarşı hər hansı bir hörmətsizlik nümayiş etdirilmir.

Qərbi Azərbaycandakı və 30 il işğal altında qalmış Qarabağdakı xalqımıza məxsus mədəni-estetik mülkiyyət talan edilib, milli-mənəvi dəyərləri yaşadanlar ya öldürülüb, ya da onillər boyunca doğma torpaqlarından didərgin salınıblar.

Azərbaycanlıların öz genetik şifrələrində, öz qanlarında gəzdirdikləri bu cür tolerant yanaşmanın qarşılığında işğalçı Ermənistan milli-mənəvi dəyərlərimizə, inanc yerlərimizə, qədim dinimizə qarşı dözümsüzlük, çox hallarda isə düşmənçilik nümayiş etdirib. Qanunsuz şəkildə illərlə işğal altında saxladıqları torpaqlarımızda xalqımıza məxsus bütün mədəni abidələri, dini ocaqları, məscidləri, məzarlıqları, tarixi-mədəni yerləri dağıdıblar. Bu günə qədər Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi təkcə Qarabağdakı azad edilmiş ərazilərdə 400-dən çox abidənin dağıdıldığını müəyyən etmişdir. Bu ərazilərdəki abidələrin ümumi sayı 3000-i ötür. Qərbi Azərbaycandakı abidələrimizin statistikasını hələ dəqiqləşdirmək mümkün olmayıb. Azərbaycana məxsus mədəni abidələr, eləcə də dini mülkiyyət talan və təhqir edilmiş, dəyişdirilmiş, hətta böyük əksəriyyəti qanunsuz olaraq Ermənistana daşınmışdır. Azad edilmiş ərazilərdə 100 mindən çox mədəniyyət nümunəsinin olduğu 22 muzey və muzey filialı məhv edilmişdir.

Prezident İlham Əliyevin də dəfələrlə vurğuladığı kimi, vandal erməni millətçiləri xalqımızın tarixi yaddaşını yox etmək, qədim Azərbaycan torpaqlarında türk-müsəlman mədəniyyətinin izlərini silmək üçün hər cür namərdliyə əl atmış, çirkin əməllərini illər boyu davam etdirmişlər. Azərbaycanın səyi, beynəlxalq təşkilatların təzyiqləri nəticəsində Ağdam Cümə məscidini, Şuşa şəhərindəki Aşağı Gövhər ağa, Yuxarı Gövhər ağa və Saatlı məscidlərini qismən, bəzilərinin isə yalnız divarlarını salamat saxlamaq mümkün olub. Ermənilər dini dəyərlərimizə hörmətsizlik edərək Ağdam Cümə məscidində müxtəlif ev heyvanları, it və pişik, o cümlədən donuz saxlamaqla azərbaycanlıların heysiyyətləri ilə oynayıblar.

Müxtəlif yerli və xarici mütəxəssislər işğal olunmuş ərazilərdə qalan və İslam dövrünə aid tarixi abidələrin ermənilər tərəfindən xüsusi amansızlıqla dağıdılmasının əsas səbəbini onların üzərində müsəlman epiqrafiyası ilə yazıların olması ilə izah edirlər. Aydın məsələdir ki, bu abidələri erməni-ləşdirmək və qeyri-Azərbaycan abidələri kimi təqdim etmək mümkün olmadığı üçün onlar bu cür vəhşiliyə tez-tez əl atıblar. Əslində keçmiş SSRİ-də də ermənilər belə məkrli addımlar atırdılar. Hələ o zamanlar ermənilərin həyata keçirmək istədikləri əsas məkrli niyyətlərdən biri Azərbaycan ərazilə¬rindəki Qafqaz Albaniyasına məxsus zəngin mədəni-dini irsə sahiblənmək üçün çıxartdıqları min bir hoqqa haqqında indi də qonşu xalqlar arasında lətifələr söylənilir. Onlar onilliklər boyunca Qarabağda yerləşən bütün alban məbədlərində özününküləşdirmə, tarixi faktların saxtalaşdırılması ilə məşğul olublar. Ermənilər utanıb-eləmədən bu məkrli əməlləri ilə həmin ərazilərə olan iddialarını gücləndirməyə, saxta faktlar təqdim edərək dünyanı bu yalanlarına inandırmağa çalışıblar.

Prezident İlham Əliyev Azərbaycan tarixinin incəliklərinə qədər bildiyini həm 44 günlük müharibə zamanı, həm də fərqli illərdə müxtəlif tədbir və açılışlar zamanı çıxışları, səsləndirdiyi təkliflərlə sübut edib. Dəfələrlə olub ki, ölkə başçısının səfər etdiyi bölgələrdəki açılan, təmirdən çıxan muzey eksponatlarına baxış keçirərkən dəmir məntiqə, tarixi faktlara söykənən tənqidi fikirləri hər kəsin yaxşı yadındadır. Xarici jurnalistlərlə görüşləri zamanı da Prezident milli sivilizasiya tariximizi, milli-mədəni dəyərlərimizin fəlsəfəsini gözəl bildiyini nümayiş etdirir, onların ermənilərin dəyirmanına su tökəcək suallarına ətraflı cavablar verməklə informasiya savaşında qalibiyyətimizin təminatçısı kimi çıxış edirdi.

Tarixdən də məlumdur ki, XIX əsrdə Qafqaz Albaniyasının mədəni irsi üzərində rus çarı tərəfindən xaricdən torpaqlarımıza toplu şəklində köçürülmüş erməni icmasının planlı məqsədləri olub. O zamanlardan etibarən ermənilərin bura gəlmə yox, yerli xalq olması yalanına “həqiqi don” biçmək üçün Qarabağda Gəncəsər monastırında, Gədəbəy, Kəlbəcər və digər bölgələrdəki ilkin xaçpərəstlik məbədlərində alban xaçları oğurlanmış, dəyişdirilərək erməni qriqorian xaçı ilə əvəz edilmişdir. Riyakar ermənilər bu saxtakarlığı bu gün də davam etdirməyə çalışır, Azərbaycandakılarla yanaşı, bütün Qafqazdakı qədim alban məbədlərinə sahiblik iddiası ilə çıxış edirlər. Ermənilərin talan etdiyi, saxta izlər saldığı və yiyələnmək iddiasını ortaya atdığı belə alban məbədlərindən biri də Kəlbəcər rayonunun Vəng kəndi ərazisindəki Xudavəng və ya Dədəvəng dini-tarixi kompleksidir. Düşmən ermənilər monastırın çoxsaylı zənglərini, xaç daşlarını, qədim əlyazmaları və digər qiymətli əşyaları qeyri-qanuni olaraq Ermənistana aparıblar. Fəqət onlar unudurlar ki, artıq İnternet dünyasında, informasiyanın ani ötürüldüyü çağlarda yaşayırıq və bütün dünya gözəl bilir, tarixi həqiqətlər də göstərir, sübut-dəlillərlə də isbat olunub ki, Qafqaz Albaniyasına aid qədim abidələr, kilsələr Azərbaycan xalqının tarixi-mədəni sərvətidir.

Müharibə zamanı Prezident İlham Əliyevin Kəlbəcərin işğaldan azad edilməsi ilə əlaqədar xalqa müraciətində vurğuladığı kimi, tarixi sübutlar var ki, 1830-cu ildə Çar Rusiyası Alban kilsəsini ləğv etdi, onun bütün mülkiyyətini erməni qriqorian kilsəsinə verdi və erməni keşişləri, onların havadarları bu kilsələri mənimsəməyə başladılar. İnformasiya savaşımızın sərkərdəsi olan İlham Əliyev bildirirdi ki, “Qafqaz Albaniyasının tarixini silmək, unutdurmaq onların başlıca vəzifəsi idi. Amma biz imkan vermədik. Azərbaycanda bu məsələ ilə bağlı kifayət qədər böyük elmi baza var, əsərlər var. Bu əsərlər nəinki elmi ictimaiyyətə, bütövlükdə dünya ictimaiyyətinə çatdırılır və çatdırılmalıdır. Qafqaz Albaniyası böyük dövlət olub. Onun paytaxtı Qəbələ şəhəri olub. Qafqaz Albaniyasına aid olan tarixi abidələr, kilsələr bizim tarixi-mədəni sərvətimizdir”.

Ölkə başçısı dəfələrlə vurğulayıb ki, Ermənistan bu cür qeyri-sivil əməllərinə görə beynəlxalq hüquqi müstəvidə cavab verməlidir. Erməni işğalçıları 30 illik işğal dövründə torpaqlarımızda qanunsuz arxeoloji qazıntılar aparıblar. Onlar həmin dövrdə Ağdam rayonunun Şahbulaq qalası yaxınlığında qanunsuz arxeoloji qazıntılar zamanı tapılan qiymətli mədəniyyət nümunələrini oğurlayaraq xaricə daşımağı bacarıblar. İşğalçı Ermənistan tərəfindən torpaqlarımızda yerləşən digər tarixi, dini, mədəni abidələrimiz kimi, qədim insan məskəni sayılan Azıx mağarası da vandalizmə, saxtalaşdırmaya məruz qalıb. İşğalçılar bu dünya şöhrətli mağarada bizim milli-mədəni izlərimizi itirmək, onu özlərinin tarixi ilə bağlamaq üçün xarici ölkələrdən gətirdikləri alimlər vasitəsilə arxeoloji tədqiqatlar aparmaqdan belə çəkinməyib, bütün dünyada özlərini biabır ediblər.

Müharibə günlərində Azərbaycan Ordusu Xocavənd rayonunu işğaldan azad edən zaman evlərdən birinə baxış zamanı üzərində “Azıx” yazılmış və içərisində arxeoloji materialların olduğu qutular aşkar etmişdilər. Bu qutularda işğal müddətində dünya əhəmiyyətli abidə, Paleolit dövrünə aid ibtidai insan düşərgəsi sayılan Azıx mağarasında erməni və xarici alimlərin apardıqları qanunsuz arxeoloji qazıntılar nəticəsində aşkar edilmiş qiymətli tapıntılar qablaşdırılmışdı. Erməni vandalları tərəfindən törədilən bu vəhşiliklər “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarının, “Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyasının 1999-cu il protokolunun, “Arxeoloji irsin qorunması haqqında” 1992-ci il tarixli Avropa Konven¬siyasının tələblərinin pozulması kimi beynəlxalq ictimaiyyət tərəfindən qəti surətdə pislənməlidir.

Ermənistan tərəfindən milli-mədəni irsimizə qarşı həyata keçirilən bu vandalizm faktları barədə Prezidentimizin, Xarici İşlər Nazirliyinin, QHT-lərimizin, elm ictimaiyyətimizin müxtəlif etiraz bəyanatları dünya ictimaiyyətinə ünvanlanıb. O sənədlərdə göstərilir ki, ölkəmizin mədəni irsinə vurulmuş misli görün¬məmiş zərərin müstəqil bir missiya tərəfindən tam qiy-mətləndirilməsini təmin etmək Azərbaycan dövləti üçün prioritet məsələ sayılır. Azərbaycan bu baxımdan beynəlxalq təşkilatlar, o cümlədən Birləşmiş Millətlər Təşkilatının elm, təhsil və mədəniyyət sahələri üzrə dövlətlərarası üstqurumu sayılan YUNESKO ilə sıx əməkdaşlıq etməyə hazırdır.

Qədim torpaqlarımızı, Qarabağı yağı düşmənin işğalından azad etməklə Prezident İlham Əliyev milli-mədəni irsimizi, sivilizasiya dəyərlərimizi, dini-inanc abidələrimizi də erməni əsarətindən xilas etdi. Vətən müharibəsindəki möhtəşəm Zəfərlə az qala bir əsrdən çox müddət ərzində, eləcə də son 30 ildə Ermənistanın Azərbaycanın mədəni irsinə sahiblənmək planları tam iflasa uğradı. İnanırıq ki, yaxın vaxtlarda Ermənistan, eləcə də separatçı ermənilər milli-mədəni irsimizin qəsdən məhv edilməsi, mənimsənilməsi, dəyişdirilməsi və oğurlanması da daxil olmaqla, törətdikləri bütün əməllərə görə beynəlxalq hüquqi müstəvidə də cavab verəcəklər.

Bu istiqamətdə də beynəlxalq informasiya savaşının sərkərdəsi isə, sözsüz, Azərbaycan mədəniyyətinin hamisi, milli-mənəvi dəyərlərimizin yorulmaz təbliğatçısı, Qarabağdakı milli-mədəni irsimizin xilaskarı Prezident İlham Əliyevdir. Dünyanın 55 milyonluq azərbaycanlıları isə onun kreativ əsgərləri olaraq ölkə başçısının ətrafında sıx birləşib bu istiqamətdə birgə addımlamağa həmişə hazırdırlar.

Əlirza İSBƏNDİYAROV,

publisist, KİV əlaqələndiricisi     

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN