Azərbaycanın Gürcüstandakı səfirliyi bu ölkədə sahibkarlıq subyektləri arasında yaranan mübahisələrlə bağlı məlumat yayıb.

Diplomatik nümayəndəlikdən bildirilib ki, belə mübahisələrin siyasiləşdirilməsi yolverilməzdir. Qeyd olunub ki, son günlər ərzində David Kalmaxelidze adlı şəxsin informasiya “fəalı” olduğu bir qrup Gürcüstan vətəndaşlarının səfirliyə qarşı fəaliyyətlərinin aktivləşməsi müşahidə edilir.
Səfirliyin bəyanatında deyilir: “Bu qrupa daxil olan şəxslər “Akkord Georgia” şirkəti tərəfindən müqavilə öhdəliklərinin yerinə yetirilməməsi ilə bağlı həmin şirkət əleyhinə Gürcüstanda məhkəmə iddiaları qaldırıblar. Sahibkarlıq subyektləri arasında yaranan mübahisələr və onların məhkəmə yolu ilə həlli ümumi qəbul olunmuş beynəlxalq təcrübədir. Tamamilə aydındır ki, Gürcüstan ərazisində bu cür mübahisələrin həlli müstəsna olaraq bu ölkənin məhkəmə sisteminin səlahiyyətindədir. “Diplomatik əlaqələr haqqında 18 aprel 1961-ci il tarixli Vyana Konvensiyası”nın müddəalarına uyğun olaraq, xarici dövlətin səfirliyi qəbul edən ölkənin məhkəmə orqanlarının suveren səlahiyyətlərinə əsassız şəkildə müdaxilə etmək hüququna malik deyildir. Bu baxımdan, D.Kalmaxelidzenin başlatdığı təbliğat kampaniyası, onun Azərbaycan Gürcüstandakı səfirliyi qarşısında təşkil etdiyi piketlər, eləcə də Tbilisi və Rustavi şəhərlərindəki Heydər Əliyev adına parklarda kameraların obyektivləri qarşısında nümayişkaranə şəkildə həyata keçirdiyi aksiyalar səfirliyin böyük təəccübünü doğurmuşdur. Hüquqi nöqteyi-nəzərdən və hamılıqla qəbul edilmiş dünya iqtisadi təcrübəsinə uyğun olaraq, müqavilə öhdəliklərinin yerinə yetirilməsi üçün tələblər məhkəmə qaydasında irəli sürülür, zəruri hallarda isə bu məqsədlə müxtəlif dövlətlərin hüquq sistemləri arasında beynəlxalq əməkdaşlıq üzrə mövcud mexanizmlər də tətbiq edilir.
Lakin səfirliyə məlum olmayan səbəblərdən D.Kalmaxelidze ictimai gərginliyi artırmaq, tərəf olduğu sırf iqtisadi mübahisəyə tamamilə xas olmayan təxribatçı siyasi çaları qatmaq, ucuz spekulyasiya xarakterini verdirmək, kamera qarşısında lüzumsuz, məntiqsiz bəyanatlar səsləndirmək kimi tamamilə qəbuledilməz bir yol seçmişdir. Onun Azərbaycan Respublikası Prezidentinin adına məsuliyyətsiz müraciətləri, eləcə də Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Tbilisinin tarixi mərkəzində ucaldılmış abidəsi ilə bağlı pərdələnmiş təhdidləri qətiyyən yolverilməzdir və onların qarşısı kökündən alınmalıdır. Gürcüstanın əsl dostu olmuş və bütün dövlətçilik fəaliyyəti dövründə bunu dəfələrlə sübut etmiş dahi Heydər Əliyevin Gürcüstan torpağında “abidəsinin olması mənasının şəffaflığı” məsələsini həll etmək bir başa D.Kalmaxeridzenin işi və səlahiyyətlərində deyildir.
D.Kalmaxelidzenin fəaliyyəti nəticəsində səfirliyin, onun əməkdaşlarının fəaliyyətinə, eləcə də diplomatik nümayəndəliyin vətəndaşlara konsulluq xidmətinin həyata keçirilməsi üzrə öz funksiyalarını yerinə yetirməsinə yaratdığı maneələr qətiyyən yolverilməzdir".
Səfirlik onu da diqqətə çatdırır ki, D.Kalmaxelidzenin başladığı “təbliğat” kampaniyası hansısa “qəribə təsadüf” nəticəsində üçüncü ölkələrin bəzi informasiya resursları tərəfindən kifayət qədər böyük həvəslə yayımlanır: "Bütün yuxarıda qeyd olunanların fonunda səfirlik sahibkarlıq subyektlərinin mübahisəsində maraqlarına hər hansı bir formada toxunulan və həmin maraqların “Akkord Georgia” şirkətinə qarşı iddialarında ifadə olunan bütün şəxslərin nəzərinə çatdırır ki, onlar istənilən iddialarını sırf hüquqi müstəvidə həll etməlidirlər. Özəl şirkətin müqavilə öhdəlikləri ilə bağlı məhkəmə iddialarından istifadə edərək, informasiya gərginliyi ocağı yaratmaq, hər iki tərəfin uğurla inkişaf etdirdiyi Azərbaycan və Gürcüstan strateji tərəfdaşlığına kölgə salınması məqsədilə siyasiləşdirilmiş şou qurmaq üzrə cəhdlər isə heç bir məhsuldar nəticə verməyəcəkdir. Əksinə, həmin cəhdlər sahibkarlıq subyektləri arasında yaranmış mübahisənin sırf hüquqi prosedurlar çərçivəsində tezliklə həlli yolunda lazımsız əlavə əngələ çevrilə bilər.
Səfirlik həmçinin D.Kalmaxelidzenin nəzərinə çatdırır ki, onun son vaxtlar səfirliyin fəaliyyətinə yaratdığı maneələr və diplomatik missiyanın təhlükəsizliyinə təhdid etmək məqsədi daşıyan hərəkətləri – gələcəkdə belə cəhdlərin qarşısını almaq üçün bizi müvafiq qaydada Gürcüstanın səlahiyyətli orqanlarına müraciət etməyimizə vadar edir.
D.Kalmaxelidze onu da dərk etməlidir ki, onun dilə gətirdiyi ritorik ifadələr ölkələrimizi və xalqlarımızı əsrlər boyu birləşdirən ənənəvi dostluq və tərəfdaşlıq tellərinə xələl gətirmək məqsədilə istifadə edilə bilər. Səfirlik həmçinin Gürcüstanın tamhüquqlu vətəndaşları olan soydaşlarımıza üz tutaraq onları təxribatlara uymamağa və bədxahların əlində bilmədən də olsa, alətə çevrilməməyə çağırır. Bütün iddialar sırf hüquqi müstəvidə həll edilməli və yalnız bu yolla atılan addımlar irəli sürülmüş maddi tələblərin təmin edilməsi ilə nəticələnə bilər”.

Ehtimal var ki, Kalmaxelidze ermənilərin sifarişi ilə belə təxribatlara rəvac verib... Araşdırmalar aparılır.

A.Məmmədli

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN