Antiinhisar Dövlət Xidməti, ADY və işləməyən dəmir yolu...
Bir neçə gün öncə Antiinhisar Dövlət Xidmətinin kifayət qədər ciddi bir açıqlaması olmuşdu, baxmayaraq ki, bu məlumatdan sonra, elə də rezonans olmadı...
Bunu "Multimedia" Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib.
“Antiinhisar Dövlət Xidməti Azərbaycan Dəmir Yollarına (ADY) qarşı antiinhisar qanunvericiliyin pozulması ilə bağlı iş qaldırdığını bildirib. Hazırda bu istiqamətdə araşdırmalar getdiyi bildirilir.
Ümumiyyətlə, son zamanlar Antiinhisar Dövlət Xidmətinin təbii inhisar subyektlərinə qarşı antiinhisar tədbirlərini gücləndirdiyi də müşahidə olunur.
Maraqlı məqam odur ki, ADY son bir neçə ildir ki, necə deyərlər, yarım gücü ilə işləyir.
ADY ölkədaxili sərnişin daşımalarını tam dayandırıb. Və bununla bağlı ağlabatan bir açıqlama da verməyib, sadəcə hansısa təkmilləşdirmə işlərinin aparıldığını açıqlayıb.
O da maraqlıdır ki, ötən bir neçə ildə ADY bir neçə beynıəlxalq layihəni, daha böyük layihələri uğurla başa çatdıra da bilib, amma lokalda ilişib qalıb...
Son zamanlar, ADY Prezidentin də iştirakı ilə bir neçə infrastruktur layihələrinin təqdimatını edib.
Antiinhisar Dövlət Xidmətinin ADY-ə qarşı iş qaldırdığı məlumatını əldə edəndə düşündüm ki , bəlkə də ADY həm də digər sərnişin daşıyan qurumlarla, özəl sərnişindaşıma xidmətləri ilə “separat” sövdələşmə bağlayıb ki, onların bazarına mane olmasın”, - deyə ekspert qeyd edib.
Onun sözlərinə görə, proseslərin bu qədər uzanmasını əsaslandıracaq başqa hansısa ağlabatan səbəblər də görünmür.
O, qeyd edib ki, “Çox düşündürücüdür ki, bu nəhənglikdə qurum, dəmir yolu ilə ölkədaxili sərnişin daşımasının 2 ildir ki, dayandırılması ilə bağlı heç bir ağlabatan açıqlama verməyib”.
Osman Gündüz xatırladıb ki, hansı işlərin görüldüyü və görüləcəyini, nə zaman başa çatacağını açıqlamayıb.
“Qarşıdan Novruz bayramı gəlir. Xeyli sayda insanlar qatarlarla gediş-gəlişə üstünlük verir. Daxili dəmir yol xətlərində servis və orta sürət xeyli zəif olsa da digər nəqliyyat növlərinə nisbətən, daha sərfəli və effektiv idi. Amma onu da ADY əlimizdən alıb...”, - deyə o, təəssüfləndiyini bildirib.
Xatırladqa ki, Azərbaycan Dəmir Yolları dünən rəsmi facebook səhifəsində izləyicisinin bu qəbildən olan sualını belə cavablandırıb:
“Dəmir yolu nəqliyyatı sisteminin bütün sahələr üzrə müasirləşdirilməsi davam etdirilir. Hazırda Biz müxtəlif istiqamətlərdə sabit cərəyandan dəyişən cərəyan sisteminə keçidin təmin edilməsi istiqamətində işlər aparırıq. Bu işlər tamamlandıqdan sonra qatarların ölkədaxili fəaliyyəti bərpa ediləcək. Təkmilləşdirmə işləri tamamlandıqdan sonra ictimaiyyətə bu barədə ətraflı məlumat veriləcək.”
Nə deyək, biz də bu günü ümidlə gözləyirik!
Xatırladaq ki, "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanovdur.
O, bu vəzifəyə 9 fevral 2015-ci ildə təyin edilib.
Y.MƏMMƏDLİ