"Nazirlik xalqı dövlətdən narazı salmamaq üçün öz işlərini sahmana salmalıdır."
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin arqumentləri yalan çıxdı
Millət vəkili, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı Milli Məclisinin son iclasında hökumətin hesabatının müzakirəsi zamanı bildirib ki, Nazirlər Kabineti Milli Məclisdə səsləndirilən təklifləri nəzərə almalıdır: “Hökumət iclaslarının stenoqramı götürüb, təklif olunan məsələlərlə tanış ola bilər. Təmsil etdiyim Neftçala sakinlərinin məşğulluq məsələsi ilə bağlı ümumi proqramın hazırlanmasına ehtiyac var. İnsanlar balıq ovu ilə dolanırdı, sənaye müəssisələri vardı, indi isə bu sahədə problemlər yaranıb. İşsizlik məsələsi həll olunmalıdır. Mən təqaüd məsələləri ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 8 məktub göndərmişəm, birinə də cavab veriməyib”..
Adətən vətəndaş şikayətinə və ictimai ittihamlara susqunluq göstərən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi deputatın fikirlərinə tez-tələsik münasibət bildirib: “Millət vəkili S.Rüstəmxanlı keçən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə səkkiz deyil, ikisi əlillik təyinatı, dördü məşğulluq məsələləri ilə bağlı olan altı məktub ünvanlayıb. Həmin məktubların hər biri nazirlik tərəfindən qısa müddət ərzində araşdırılaraq aidiyyəti üzrə cavablandırılıb.
Belə ki, S.Rüstəmxanlının əlilliklə bağlı 04.05.2021, 26.11.2021-ci il tarixli, məşğulluqla bağlı 29.04.2021 (3 məktub), 03.05.2021-ci il tarixli məktubları 05.05.2021 (2 cavab məktubu), 06.05.2021, 07.05.2021, 11.08.2021, 21.12.2021-ci il tarixlərində cavablandırılıb. Cavabların üçü məktublarda qeyd edildiyi kimi aidiyyəti vətəndaşlara, üçü isə Milli Məclisə göndərilib”.
Bu barədə VHP-nin mətbuat xidməti məlumat yayıb.
"Biz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin cavabına onlar kimi tələsik və başdansovdu yanaşmadıq, mətbuata təqdim etdikləri məlumatları yoxladıq və məlum oldu ki, 2021-ci ilin yanvar ayından bu günədək deputat tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və onun qurumlarına 13 məktub göndərilib. Bu məktublar deputat tərəfindən və onun xüsusi blankında yazılıb, cavablar da Milli Məclisə, millət vəkilinə ünvanlanmalıydı. Milli Məclisin məktublar şöbəsi də bu məktublara cavabın onlara daxil olmadığını təsdiqləyib.
Sözü gedən nazirlikdən yalnız bir dəfə–22 noyabr 2021-ci il tarixlində, Milli Məclisin Aparat rəhbəri Səfa Mirzəyevə cavab göndərilib. Səbəb isə yenə də deputatın məktublarına cavab verilməməsi və bununla bağlı S.Mirzəyevin öz adından nazirliyə müraciət etməsi olub. Əgər nazirliyin əks arqumenti varsa bunu sənəd-sübutla bildirməlidir.
Azərbaycan milli fikir tarixində və istiqlal mücadiləsində müstəsna imza sahibi olan Sabir Rüstəmxanlını doğru danışmamaqda ittiham etməkdənsə, nazirlik bu iradların vətəndaş – hakimiyyət münasibətlərini sağlam tutmaq istədiyini, dövlət maraqlarına xidmət etdiyini nəzərə almalı idi. Əhalinin həssas təbəqəsinin müraciətlərinə aylarla etinasız qalan nazirliyin ünvanına deyilən xırda bir irada belə tələm-tələsik və hikkəli cavab verməsi dövlətçilik əxlaqına sığmır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi son illərdə xeyli sayda pensiya və təqaüdləri ləğv edərək “büdcəyə qənaətlə” yadda qalıb. Nazirlik xalqı dövlətdən narazı salmamaq üçün öz işlərini sahmana salmalıdır. İnsanlarda belə təsəvvür formalaşıb ki, Azərbaycanda ədalət tərəzisi yaxşı işləmir. Amma gəlin, son baş verənləri unutmayaq. Son həbslər də göstərdi ki, o tərəzi vaxtı yetişəndə çox düz işləyir", - deyə vurğulanıb.
Qeyd edək ki, "Təzadlar" qəzeti redaksiyasına nazirliyin bir sıra strukturlarının fəaliyyətsizliyi ilə əlaqədar çoxsaylı şikayətlər daxil olur. Araşdırarkən məlum olur ki, bu şikayətlərin demək olar ki, hamısı öz təsdiqini tapır.
Y.MƏMMƏDLİ