HAZIRDA CƏMİ 194 MİN NƏFƏR ÜNVANLI SOSİAL MÜAVİNƏT ALIR, 2016-CI İLDƏ İSƏ..

Azərbaycanda son 5 il ərzində dövlətdən ünvanlı sosial müavinət alanların sayı dəfələrlə azalıb. Bunu apardığımız araşdırma göstərir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda 2022-ci il yanvarın 1-i vəziyyətinə 44,7 min aztəminatlı ailənin 194,0 min üzvü ünvanlı dövlət sosial yardımı alıb və onun bir nəfərə düşən orta aylıq məbləği 64,29 manat təşkil edib.

Qeyd edək ki, 2016-cı ildə Azərbaycanda sosial müavinət təyin olunmuş ailələrin sayı 105 009 nəfər olub. Və onların 451 538 nəfər ailə üzvü ünvanlı sosial yardımdan yararlanıb.

Həmin zaman, yəni 2016-cı ildə orta aylıq ünvanlı dövlət sosial yardımının məbləği 35, 49 manat təşkil edib.

Rəqəmlərə nəzər salsaq, 5 il ərzində orta aylıq sosial yardımda da artım baş verib, daha dəqiq desək, bu rəqəm 29,20 manat artaraq 64,29 manata çatıb.

Və bu beş il ərzində ünvanlı sosial yardım alan ailələrin həm sayı azalıb və təbii ki, onların yardım alan ailə üzvləri də. Belə ki, 2016-cı ildə ölkəmizdəki aztəminatlı ailələrin sayı 105 009 nəfər idisə, hazırda 44,7 min nəfərdir. Daha dəqiq desək, yardım alan ailələrin sayı  61 002 nəfərədək azalıb.

Həmçinin, 2016-cı ildə aztəminatlı ailələrin müavinət alan ailə üzvlərininn sayı 451 538 nəfər idisə, indi 194,0 nəfərdir. Daha dəqiq desək, onların ünvanlı sosial yardımdan faydalanan ailə üzvlərinin də sayı 257 538 minədək azalıb. Bu çox böyük fərqdir...

2022-ci ilin yanvar ayında Azərbaycanda işsizlərin sayı artaraq 315.8 nəfər təşkil edib...

Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda 2021-ci ilin yanvar-oktyabr aylarında əhalinin sayı 31580 nəfər və ya 0,3 faiz artaraq 2021-ci il noyabr ayının 1-i vəziyyətinə 10 150 713 nəfərə çatıb, yəni 10 milyon 150 mindən çoxdur.

Komitə bildirib ki, 2022-ci il fevralın 1-i vəziyyətinə ilkin məlumatlara əsasən, iqtisadi fəal əhalinin sayı 5 milyon 304.3 min nəfər olub, onlardan 4 milyon 988.5 min nəfərini məşğul əhali təşkil edib.

Qurum qeyd edir ki, 2022-ci ilin yanvar ayında Azərbaycanda işsizlərin sayı artaraq  315.8 nəfər (315 min 800  nəfər -red) təşkil edib.

Beləliklə, rəsmi statistikaya görə, ölkədə son ayda (yanvarda) işsizliyin səviyyəsi 5.952%-dən 5.954%-ə qədər cüzi artıb. Yəni Azərbaycanda ölkə əhalisisn 6%-dən də az sayda işsiz insan var.

Qeyd edək ki, uzun illərdir Azərbaycanda işsizlərin sayı ilə bağlı rəsmi qurumların təqdim etdiyi hesabatlarla çoxları razılaşmır, bunu reallıqdan uzaq hesab edirlər. Hətta bir çox ekspertlər müxtəlif arqumentlər irəli sürərək, bu rəqəmlərin xeyli aşağı təqdim edildiyini, dəqiq hesablanmadığını bildirirlər.

Bəs qonşu Gürcüstanda vəziyyət necədir?..

Gürcüstanın Milli Statistika Agentliyi hesabatında bildirib ki, bir ay ərzində yoxsulların sayı 20408 nəfər artaraq 2022-ci ilin fevral ayında 650 584 nəfərə yüksəlib. Bu isə, əhalinin ümumi sayının 17,4 faizini təşkil edir. Ötən ilin eyni dövründə 535 516 nəfər yaşayış müavinəti alıb. Və bununla da məlum olub ki, yaşayış minimumu alanların sayı hər il 21,5% artıb.

Hazırda Gürcüstanın 4 milyonadək (3 728600) əhalisi var.

Əhalinin 17,4 faizi kasıb olduğu üçün bu müavinətlə yaşayır. Bu isə heç də kiçik rəqəm deyil.

Azərbaycanda isə cəmi 194 min nəfər ünvanlı sosial müavinət alır... Bu isə ötən beş il ərzində ünvanlı sosial müavinət alanların sayının 257 538 nəfərədək azalması deməkdir.

Əslində sevinmək lazımdır əhalinin kasıb, aztəminatlı hissəsinin sayının azalmasına. Yəni bu, ondan xəbər verir ki, bu beş il ərzində onların çoxunun vəziyyəti yaxşılaşıb, yaxud iş yeri ilə təmin olunub və bu müavinətə ehtiyacı qalmayıb. Həmçinin, bu rəqəm ondan xəbər verir ki, bu illər ərzində çox az adama müavinət təyin edilib (Lakin unutmayaq ki, bu rəqəmlər müavinət təyin olunanların sayını göstərir, müvafiq quruma müraciət edənlərin deyil...).

Əlbəttə, çox istərdik ki, iqtisadi qüdrəti yüksək olan ölkəmizdə, ümumiyyətlə, işsiz və dövlətin hər ay ayırdığı ünvanlı sosial müavinətdən asılı olaraq yaşayan insanlarımız olmasın.

İstərdik ki, onlar gündəlik çörək pulunu deyil, bayram və məzuniyyət günlərində istirahətlərini harada keçirəcəklərinin xəyalını qursunlar, övladlarının kiçik arzularını yerinə yetirə bilməmələrinin xiffətini, kreditlərini ödəyə bilmədiyi üçün yığılan faiz borclarını deyil, banklara yatırdıqları pulları necə xərcləyəcəklərini düşünsünlər... 

Və arzu edək ki, ətrafımızdakı insanların heç biri sosial müavinət ala bilməməsindən gileylənməsin və təqdim edilən rəqəmlər də reallığı əks etdirsin...

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
Min aya dəyən ömür
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN