Vəkil Aslan İsmayılov da Minifutbol üzrə milli komandamızın AMF Avropa European Minifootball Federation çempionu olması barədə yazmaq qərarına gəldi... Maraqlı statusdur, deyı aşağıda təqdim edirik:
- Mən İlk olaraq bu qələbədə əməyi olan hər kəsə - komanda üzvlərinə, Minifutbol Federasiyasına təşəkkürümü bildirib onları bu tarixi qələbə münasibətilə təbrik edirəm. Bu qələbə ona görə tarixidir ki, ilk dəfədir millimiz komanda idman növündə Avropa çempionu olmuşdur. Ən əsası isə bu qələbəni həqiqətən milli komandamız, legioner oyunçular, xarici məşqçilər olmadan, milyonlarla yeyintisiz, halal zəhmətlə əldə edib. Demək ki, həqiqi istək, zəhmət, niyyət, əsl Vətən sevgisi olanda istənilən məqsədə nail ola bilərik. "Azərbaycan xalqı futbol oynaya bilmir", "komanda yarışlarında zəifik" kimi deyimlər isə ancaq federasiyalar rəhbərliyində oturub indiki durumdan qidalananların beyinlərə yeritdiyi ifadədir. Bu qələbə onu sübut elədi ki, futbolumuzun illərdir zəlil durumda olması birmənalı Azərbaycan Futbol Federasiyaları Assosiasiyası - AFFA rəhbərliyinin yalnış siyasəti, futbolumuzun bütövlükdə korrupsiyada batmasıdır. Ümid edirəm ki, minifutbolda olan nəticəmiz ölkə rəhbərliyinin diqqətini AFFA-da olan biabırçılığa yönəldəcək və futbolu şəxsi gəlir mənbəyinə çevirmişlər oradan uzaqlaşdırılacaq...
XXX
Bəli, bu sərt mövqe əslində, hər kəsin ürəyincədir. Axı necə ola bilər ki, yeniyetmələrimiz qısa hazırlıqdan sonra hədəfə çata bilir, amma sponsorların cibində mürgü vuran böyüklərimiz bu hədəfə çata bilmirlər... Nə baş verir?
Adətən yeniyetmə və ya gənclərə böyüklərdən nümunə götürməyi tövsiyyə edirlər. İndi vəziyyət elədir ki, məcburuq deyək ki, böyüklər yeniyetmələrdən nümunə götürsünlər!
A.Məmmədli